Azərbaycan BMT TŞ-nin Dağlıq Qarabağa dair qətnamələrinin tətbiqi mexanizminin olmasını vacib sayır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikada keçirilən G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin icra olunmamasından təəssüfləndiyini bildirmişdir.
"Trend"in XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, təhlükəsizlik məsələlərinə toxunan E.Məmmədyarov bu sahədə qəbul edilən qərarların tətbiq edilmə mexanizminin də olmasının vacibliyini qeyd edib. Nazir bildirib ki, BMT TŞ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin tətbiqi mexanizminin olmaması xoşagəlməz təcrübədir.
Nazir BMT-nin universal bir təşkilat kimi əhəmiyyətinin azaldılmasında maraqlı olmadığımızı qeyd edərək, BMT-nin qəbul edilmiş qərarlarının icrasının təmin olunması üçün daha təsirli səlahiyyətlərə malik olmasının vacibliyini vurğulayıb. O, bunun qlobal və regional təhlükəsizliyin təmin olunması üçün əsas şərtlərdən biri olduğunu bildirib.
Meksikanın xarici işlər naziri çıxışında Azərbaycanın və digər qonaq qismində iştirak edən ölkələrin toplantıda iştirakının bu dövlətlərin təmsil etdiyi regionların əhəmiyyətindən və beynəlxalq aləmdəki rollarından irəli gəldiyini bildirib.
Cənubi Afrika Respublikasının xarici işlər naziri inkişaf etmiş ölkələri Azərbaycan Respublikasından nümunə götürərək Afrikanın yoxsul ölkələrinə yardım etməyə səsləyib.
Nazir Elmar Məmmədyarov öz çıxışında davamlı inkişaf və yoxsulluğun aradan qaldırılması məsələlərinə toxunaraq Azərbaycanın 20 illik müstəqillik dönəmində bu sahədə müsbət nəticələr əldə olunduğunu vurğulayıb.
Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsinin hələ də işğal altında olduğunu bildirən E.Məmmədyarov Azərbaycanın davamlı şəkildə öz müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi üzərində çalışdığını diqqətə çatdırmışdır.
E.Məmmədyarov Azərbaycanda təhsil sahəsinə böyük investisiyalar yatırıldığını qeyd edərək bununla da gələcək nəsillərin güclü iqtisadiyyata və sosial siyasətə malik olan qüdrətli dövlət qurmalarının mümkün olacağını demişdir. O, informasiya və kommunikasiya texnologiyaları sahəsinin də ölkəmizdə əsas inkişaf edən istiqamət olduğunu bildirmişdir.
Nazir Elmar Məmmədyarov G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində ABŞ-ın dövlət katibi, Kolumbiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Meksika, Türkiyə, Benin, Çili, Cənubi Afrika Respublikasının xarici işlər nazirləri və Afrika İttifaqının nümayəndə heyətinin rəhbəri ilə görüşlər keçirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında