Türkiyə parlamentinin xarici əlaqələr komissiyası Xocalı soyqırımını müzakirə etmişdir

Fevralın 15-də Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyası Xocalı soyqırımını müzakirə edib. Parlamentdə müxalif Milliyyətçi Hərəkat Partiyasını təmsil edən Sinan Oğan "Media forum" saytına deyib ki, komissiyanın Xocalı soyqırımı haqda xüsusi bəyanat qəbul etməsinə qərar verilib: "İndi bəyanatın mətnini hazırlayırıq, razılaşdırırıq. Xarici əlaqələr komissiyası gələn həftə Xocalı soyqırımı ilə bağlı xüsusi iclas keçirəcək. İclasda bəyanatı qəbul edəcəyik".
Sinan Oğanın sözlərinə görə, fevralın 28-də Türkiyə Böyük Millət Məclisi də Xocalı soyqırımını müzakirə üçün toplanacaq.
Türkiyənin Xocalı soyqırımını tanıması üçün Sinan Oğanın hazırlayıb Böyük Millət Məclisinə təqdim etdiyi qanun layihəsinə gəlincə, o bildirib ki, layihə hazırda hüquq komissiyasındadır: "Mən hüquq komissiyasının üzvü olmadığıma görə təqdim etdiyim qanun layihəsinə nə vaxt baxılacağını bilmirəm. Amma komissiyanın MHP-dən olan üzvləri ilə əlaqədəyəm. İndi gözləyirik və fevralın 26-dək hüquq komissiyasının qanun layihəsinə baxacağına ümid edirik".
"Türkiyə dünyada qondarma "erməni soyqırımı" iddiası ilə üzləşib və müxtəlif ölkələr bu iddiaları tanıyıb. Türkiyə rəsmiləri deyirlər ki, belə bir vəziyyətdə Xocalı soyqırımını tanıya bilməzlər. Çünki Türkiyə belə məsələlərlə tarixçilərin məşğul olmasına tərəfdardır" qeydinə Sinan Oğanın reaksiyası belə olub: "Xarici əlaqələr komissiyasının iclasında bu məsələ də müzakirə olundu və buna oxşar fikirlər səsləndirildi. Amma mən başqa cür fikirləşirəm. Əvvəla, ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı tarixi bir məsələ deyil. Bu, cəmi 20 il əvvəl törədilən və günümüzdə olan bir qətliamdır. Tarixçilərin, alimlərin bunu araşdırmasına da ehtiyac yoxdur. Xocalı soyqırımı hamının gözü önündə baş vermiş, bütün faktları ortada olan hadisədir. Ona görə də Xocalı soyqırımını 1915-ci ildə olmamış bir soyqırımına dair iddialarla müqayisə etmək doğru deyil.
İkincisi, Türkiyə neçə ildir dünya ölkələrini qondarma "erməni soyqırımı" məsələsinə parlamentlərdə baxmamağa, bu məsələni tarixçilərin öhdəsinə buraxmağa çağırır. Amma bunun bir nəticəsi yoxdur. Biz deyirik, amma dünyanın 20-dən artıq ölkəsinin parlamenti qondarma "erməni soyqırımı"na siyasi qiymət verib. Təbii ki, bu yanlışdır, amma ediblər.
Türkiyə bu məsələdə siyasi kursunu dəyişməlidir. Ona görə də Böyük Millət Məclisinin təkcə Xocalı soyqırımını deyil, ermənilərin İqdırda, Qarsda, Fransanın Əlcəzairdə törətdiyi soyqırımıları, Bosniyada törədilmiş soyqırımı müzakirə etməsinin də vaxtı çatıb".
"Media forum"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında