Azərbaycan ilə Albaniya arasında iki mühüm sənəd imzalanmışdır

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Albaniya Respublikasının Baş naziri Sali Berişanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Əvvəlcə hökumət başçılarının təkbətək görüşü olmuşdur. Sonra görüş geniş tərkibdə davam etdirilmişdir.
Baş nazir Artur Rasizadə albaniyalı həmkarının Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün hüquqi bazanın yaradılması baxımından əhəmiyyətini vurğulamışdır.
Azərbaycanın sosial-iqtisadi inkişafı barədə qonaqlara ətraflı məlumat verən Artur Rasizadə ölkəmizin enerji təhlükəsizliyinin tam təmin olunduğunu, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırmışdır.
Baş nazir Artur Rasizadə, həmçinin Azərbaycan ilə Albaniya arasında mədəni, iqtisadi, xüsusilə də energetika sahələrində əməkdaşlıq əlaqələrinin yaradılmasının vacibliyini qeyd etmişdir.
Ölkəmizə ilk səfərindən məmnunluğunu bildirən Baş nazir Sali Berişa qeyd etmişdir ki, xalqlarımızın tarixində müəyyən oxşarlıq vardır. Həm Azərbaycan, həm də Albaniya sərmayə qoyuluşu sahəsində əməkdaşlığın qurulması üçün yaxşı imkanlara malikdir.
Albaniyanın Baş naziri ölkələrimiz arasında iqtisadiyyat, mədəniyyət, təhsil və elm sahələrində əlaqələrin qurulmasının vacibliyini vurğulamışdır.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Albaniya sənədlərinin imzalanması mərasimi olmuşdur.
"Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş" və "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Albaniya Respublikasının İqtisadiyyat, Ticarət və Energetika Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanmışdır.
Sənədləri Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və Albaniya Respublikasının Baş naziri Sali Berişa imzalamışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında