Kiyevdə Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik münasibətlər qurulmasının 20 illiyinə həsr edilmiş "dəyirmi masa" keçirilmişdir

Fevralın 2-də Ukrayna Xarici İşlər Nazirliyi (XİN) yanında Diplomatiya Akademiyasında "Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik münasibətlər qurulmasının 20 illiyi: ikitərəfli münasibətlərin yaranma tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbir Azərbaycanın Kiyevdəki səfirliyi, Ukrayna XİN və Diplomatiya Akademiyası tərəfindən təşkil edilmişdir.
İclası giriş sözü ilə akademiyanın rektoru, professor, Boris Qumenyuk açmışdır. O, bu tarixi yubileyin əhəmiyyətini qeyd edərək Azərbaycanı Ukraynanın strateji tərəfdaşı, sabitlik, tərəqqi və inkişaf timsalı adlandırmışdır.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli "dəyirmi masa"da çıxış edərək bildirmişdir ki, iki ölkə arasında diplomatik münasibətlər beynəlxalq və regional siyasətin, bərabərhüquqlu və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın bir çox məsələləri üzrə tam dəstəkləmə və qarşılıqlı anlaşma nümunəsidir. O, müstəqil dövlətlərimiz arasında strateji tərəfdaşlığın qurulmasında ümummilli lider Heydər Əliyevin şəxsən çox böyük rol oynadığını qeyd edərək demişdir ki, Azərbaycanın xarici siyasətində Ukrayna vektorunun inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə istiqamətləndirilmiş bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir və yeni genişmiqyaslı layihələrlə zənginləşdirir.
Azərbaycan diplomatı həmçinin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurası üzvlərinin seçkiləri zamanı Azərbaycanın namizədliyinə fəal tərəfdar çıxdığına və Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyünə əməl olunması əsasında nizama salınması məsələsində tutduğu mövqeyə görə rəsmi Kiyevə dərin minnətdarlığını bildirmişdir.
Ukraynanın Azərbaycandakı ilk səfiri Boris Aleksenkonun, Ukrayna xarici işlər nazirinin müavini Pavel Klimkinin, Türkiyənin Kiyevdəki səfiri Mehmet Samsarın, "dəyirmi masa"nın moderatoru, Ukrayna səfiri, tanınmış şərqşünas alim Yuri Qoçubəyin, GUAM-ın baş katibi Valeri Çeçelaşvilinin, "Demokratiyanın nəbzi" beynəlxalq ictimai təşkilatının prezidenti Hikmət Cavadovun, Regionlararası Personalı İdarəetmə Akademiyasının prorektoru, professor İqor Pilyayevin və başqalarının çıxışları da iki ölkə arasında dostluq və əməkdaşlıq mövzusuna həsr olunmuşdur.
Tədbir çərçivəsində panel bölmələrdə diskussiyalar və dost ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə Azərbaycan səfirliyi tərəfindən Ukrayna və ingilis dillərində nəşr edilmiş broşürün təqdimatı olmuşdur. "Dəyirmi masa"nın iştirakçıları, həmçinin Azərbaycanın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan müəlliflərinin kitabları və elmi işləri ilə də tanış ola bilmişlər.
"Dəyirmi masa"nın işində bir sıra ölkələrin Ukraynadakı səfirləri, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Diplomatik Akademiya rəhbərliyinin nümayəndələri, Ukrayna Azərbaycanlıları Konqresi Məclisinin başçısı Akif Gülməmmədov, beynəlxalq siyasət sahəsində tanınmış alimlər, politoloqlar və başqaları iştirak etmişlər.

{nl}

Zeynal AĞAZADƏ, AzərTAc-ın xüsusi müxbiri 
Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında