Bizim münasibətlərimiz güclənibdir və demək olar ki, bütün sahələrdə uğurlu işbirliyi, əməkdaşlıq var. Siyasi, iqtisadi, mədəni, bütün digər sahələrdə işbirliyimiz örnək, nümunə ola bilər. Bizi bağlayan tarixi köklər əsasında qurulmuş yeni münasibətlər bölgədə mühüm rol oynayır. Bölgənin inkişafı üçün, Qafqazın inkişafı üçün Türkiyə - Azərbaycan münasibətləri müstəna rol oynayır.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
Biz iki dövlət, bir millət olduğumuz kimi, eyni zamanda da, tək ürəyik... İnşallah, İlham Əliyev qardaşımla bizim aramızdakı bu həmrəyliyi, bu qardaşlığı bütün dünyaya bir nümunə olaraq qoruyacağıq və bir nümunə olaraq göstərməyə davam edəcəyik. Əl-ələ, çiyin-çiyinə, ən mühümü də, qəlb-qəlbə bu regionda sabitliyi və rifahı, inşallah, yaradacağıq.
Rəcəb Tayyib ƏRDOĞAN Türkiyə Cümhuriyyətinin Baş naziri
{nl}
Ötən 20 il bir daha sübut etdi ki, heç bir qüvvə iki qardaş ölkə arasındakı münasibətləri poza bilməz
Hər bir dövlət xarici siyasətini özünün milli maraqları çərçivəsində qurur və həyata keçirir. Müstəqil Azərbaycan Respublikası da dünya dövlətləri ilə əlaqələrində siyasi, iqtisadi, hərbi mənafeyini ön planda tutur, regional və qlobal məsələlərdə öz mövqeyini ortaya qoyur, haqq işimizin müdafiəsi istiqamətində lazımi addımları atır. Bu mənada bizə dəstək verən bütün ölkələrlə münasibətlərimiz təbii olaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir, durmadan inkişaf edir. Regionumuzun iki mühüm dövləti - Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında mövcud olan dostluq, qardaşlıq münasibətləri buna ən gözəl nümunədir. Sarsılmaz dostluğa, əbədi qardaşlığa söykənən Azərbaycan - Türkiyə strateji tərəfdaşlığı regionda sülhün, sabitliyin bərqərar olmasına, iqtisadi inkişafın daha da sürətlənməsinə istiqamətlənib. Türk dünyasının xarizmatik liderləri-böyük öndər Mustafa Kamal Atatürk və ümummilli lider Heydər Əliyevin "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" və "Biz bir millət, iki dövlətik" kəlamları ilə ifadə etdikləri iki qardaş ölkənin münasibətləri bu gün özünün ən yüksək səviyyəsinə çatmışdır.
Erməni lobbisinin, antitürk qüvvələrin Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, mədəni, strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsindən narahat olaraq iki qardaş xalq arasında münasibətləri zəiflətmək cəhdləri həmişə iflasa uğlayıb. Düşmən qüvvələrin, onların havadarlarının, müxtəlif antitürk və antiazərbaycan dairələrin ciddi cəhdlərinə baxmayaraq, Azərbaycan - Türkiyə qardaşlığını, strateji müttəfiqliyini heç bir qüvvə sarsıda bilməz.
Son illər Türkiyə ilə Azərbaycan arasındakı uzumüddətli strateji tərəfdaşlığa söykənən münasibətlərin, siyasi, iqtisadi, mədəni əlaqələrin daha da möhkəmlənməsi və bu istiqamətdə tarixi addımların atılması dünyadakı erməni lobbisinin, ermənipərəst dairələrin və antitürk quvvələrin ciddi narahatlığına səbəb olmuşdur. Onlar iki xalq arasındakı münasibətləri zəiflətmək üçün hər cür hiyləyə əl atır, məkrli planlar həyata keçirir, hər iki ölkənin daxilindəki bəzi kütləvi informasiya vasitələrindən, maraq qruplarından məharətlə istifadə edərək, Ankara ilə Bakının əlaqələrinə kölgə salan "məqalələr"in, "siyasi şərhlər"in işıq üzü görməsini təmin edirlər. Türkiyədə "Həpimiz erməniyiz, həpimiz Hrantız" şüarı ilə keçirilən nümayişlər, qardaş ölkənin mətbuatında Azərbaycana qarşı əsassız ittihamlar, bu zərərli xəttin Azərbaycanda bəzi siyasi qüvvələr və qəzetlər tərəfindən dəstəklənməsi də həmin antitürk dairələrin fəaliyyətinin nəticəsi hesab edilir.
Əsas məqsəd Azərbaycanla Türkiyəni vahid siyasi xətdən yayındırmaq, onların arasında fikir ayrılığı yaratmaq və imkan daxilində ziddiyyətlərə, narazılıqlara yol açmaqdır. Onlar yenidən Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasını gündəmə gətirmək istiqamətində fəal iş aparır, buna paralel olaraq, Azərbaycanda Türkiyə əleyhinə rəy formalaşdırmaq üçün addımlar atırlar. Bunu edərkən düşmən qüvvələr yaxşı bilirlər ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin zəifləməsi qondarma "erməni soyqırımı"nın dünyada tanıtdırılması, ermənilərin Türkiyəyə qarşı ərazi və maliyyə təzminatı iddialarının reallaşdırılması, Azərbaycan ərazilərinin işğalının rəsmiləşdirilməsi üçün geniş imkanlar yaranır. Lakin erməni lobbisi və Ermənistanın havadarlarının ciddi cəhdlərinə baxmayaraq, Azərbaycan - Türkiyə qardaşlığını, strateji müttəfiqliyini heç bir qüvvə sarsıda bilməz.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə xələl gətirmək istəyən qüvvələrə qətiyyətli cavab verərək deyib: "Son günlər bəzi qəzetlərdən oxuyurdum ki, Azərbaycan Türkiyəyə dəstək vermir. Bəsdir, yetər. Bizə qardaş Azərbaycanın dəstəyi lazımdır və bu dəstək var. İncidici ifadələr işlətməkdənsə, birləşmək lazımdır. Azərbaycan və Türkiyənin millət vəkilləri çalışacaqlar ki, Xocalı soyqırımını dünyaya tanıtsın. Düşmənlərimiz həmişə yetərincə olub. Azərbaycan bizim qardaşımızdır və qardaş çiyni həmişə bizimlədir".
Azərbaycan Respublikasının müstəqiliyini bərpa etdiyi gündən bəri keçən 20 illik bir dövrdə bir daha sübut etmişdir ki, gücünü tarixdən alan və sarsılmaz təməllər üzərində qurulan iki ölkə arasındakı səmimi dostluq və qardaşlıq münasibətlərinə xələl gətirmək o qədər də asan deyildir.
Təsadüfi deyil ki, Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra ona ən böyük siyasi, iqtisadi dəstəyi rəsmi Ankara vermişdir. 1991-ci il noyabrın 9-da birinci olaraq Türkiyə cəsarətlə Azərbaycan Respublikasının müstəqilliyini tanıdığını bütün dünyaya bəyan etmişdi. Bu yolda kövrək addımlar atan Azərbaycana hər cəhətdən həyan duran, qazandığı dövlət müstəqilliyini qoruyub saxlamaqda, möhkəmləndirməkdə və inkişaf etdirməkdə ona ən çox dəstək verən ölkə də məhz rəsmi Ankara olmuşdur.
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdəki yaxın münasibətlərdən bəhrələnən iqtisadi və ticarət əlaqələrimiz gündən-günə daha da genişlənir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq qarşılıqlı mənfəətə əsaslanan konkret əlaqlələrlə, müştərək layihələrlə səciyyələnir. Ötən 20 il ərzində Türkiyə ilə Azərbaycan arasında ticarətin həcmi xeyli artmışdır: bu göstərici 1993-cü ildə 102 milyon ABŞ dolları idisə, 2002-ci ildə 300 milyon dolları keçmiş, 2010-cu ildə 2 milyard dollaradək artmış, 2011-ci ildə isə 3 milyard dollara çatmışdır. Hədəf bu rəqəmi 5 milyard dollara çatdırmaqdır. Bunun üçün real imkanlar var.
Heydər Əliyevin neft strategiyasının tərkib hissəsi olan "Əsrin müqaviləsi"nin və sonrakı neft kontraktlarının imzalanması zamanı Türkiyənin şirkətlərinə önəmli yerin ayrılması iki dövlət arasında münasibətlərin inkişafına xeyli dərəcədə təkan vermişdir. 1999-cu ilin noyabrında ATƏT-in İstanbulda keçirilən zirvə görüşü zamanı Bakı - Tbilisi - Ceyhan neft boru kəməri vasitəsi ilə xam neftin nəqli haqqında sazişin imzalanması regionda yeni geosiyasi vəziyyətin yaranmasına səbəb olmuşdu. Bu saziş Türkiyənin və Azərbaycanın bölgədəki və dünyadakı rolunu xeyli artırmışdır. Sonradan Bakı - Tbilisi - Ərzurum qaz kəmərinin çəkilməsi haqqında sazişin imzalanması da dövlətlərimiz arasında əlaqələrin inkişafını daha da sürətləndirmişdir.
Şübhəsiz ki, həm BTC-nin, həm də BTƏ-nin əfsanədən reallığa çevrilməsi Türkiyə - Azərbaycan qardaşlığının təntənəsi, ən böyük uğurlu nəticəsidir. Hər iki ölkənin ictimaiyyəti bu gün də Şərq - Qərb enerji dəhlizinin təməl sütunlarını təşkil edən həmin qlobal layihələrə siyasət ustası, ulu öndər Heydər Əliyevin dəmir siyasi iradəsinin, qətiyyətinin və əzmkarlığının həyat verdiyi həqiqətini unutmayıblar. Bəli, böyük öndər Heydər Əliyev enerji layihələrinə qarşı çıxan xarici və daxili düşmənlərin ciddi təzyiqlərinə məhəl qoymadı, Azərbaycan və Türkiyənin milli mənafeyini onların iyrənc məqsədlərinə qurban vermədi. O, sübut etdi ki, iki qardaş xalqın iradəsini gerçəkləşdirmək əzmində olan Azərbaycan rəhbərliyi bu yolda maneə yaratmaq üçün dövlət çevrilişini həyata keçirməyə çalışan qruplaşmalardan və onların arxasında dayanan maraqlı xarici qüvvələrdən qat-qat uzaqgörəndir, qüdrətlidir. Bu müqəddəs məqsədə çatmaq üçün ulu öndər Heydər Əliyevin qarşısında heç bir xain qüvvə duruş gətirə bilmədi. Çünki o, həm Azərbaycan xalqına, həm də dövlət idarəçiliyində qazandığı əvəzolunmaz təcrübəyə arxalanırdı. O, həmçinin ölkəmizin haqq işini dəstəkləyən dövlətlərin, o cümlədən, qardaş Türkiyənin və onun xalqının misilsiz mənəvi dəstəyinə də güvəndi və güvənməkdə də haqlı idi. Nəticədə, əfsanə reallığa çevrildi, Türkiyə və Azərbaycan dünyanın enerjiyə olan təlabatını müxtəlif funksiyaları ilə təmin edən çox mühüm strateji əhəmiyyətə malik ölkələrə çevrildilər.
Onu da deyək ki, 2002-ci ilin aprelində Trabzon zirvə görüşündə Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının imzaladıqları sənədlər də ikitərəfli əlaqələrin inkişafına, o cümlədən, regionda sülhün və sabitliyin bərqərar olmasına böyük töhfə vermişdir. Əsas ixrac neft və qaz kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi, terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizə tədbirləri məhz həmin anlaşmalardan sonra sistemli şəkildə həyata keçirilməyə başlanılmışdır.
Cənab İlham Əliyevin 2003-cü ildə Baş nazir təyin olunduqdan sonra səfər etdiyi ilk xarici ölkənin Türkiyə olması da təsadüfi deyil. Bu, münasibətlərin səviyyəsinin göstəricisi hesab oluna bilər. 2004-cü il aprelin 13-15-də Prezident İlham Əliyevin Türkiyəyə dövlət başçısı kimi ilk rəsmi səfəri də əlaqələrin inkişafı baxımından çox uğurlu olmuşdur. Həmin səfər zamanı iqtisadi-siyasi və mədəni əlaqələrin inkişafını nəzərdə tutan 5 mühüm sənəd imzalanmışdır. Azərbaycanın dövlət başçısının 2008-ci il iyulun 24-də Türkiyəyə növbəti səfəri zamanı isə Qars şəhərində Bakı - Tbilisi - Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulması mərasimindəki nitqində çox mühüm məqamlara toxunmuş, bu dəmir yolunun Azərbaycanı, Gürcüstanı və Türkiyəni nəqliyyat dəhlizinə çevirəcəyini və ümumən regionda əməkdaşlığın genişlənməsi üçün önəmli layihə olduğunu bildirmişdir.
Qardaş ölkə ilə hər sahədə olduğu kimi, enerji sahəsindəki əməkdaşlıq da durmadan inkişaf edir. Bu baxımdan ötən iki il çox mühüm hadisələrlə yadda qalmışdır. Azərbaycan Prezidentinin 2010-cu il iyunun 7-8-də Türkiyəyə işgüzar səfəri zamanı aparılan müzakirələrin parlaq nəticəsi olaraq dövlət başçısı İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında Azərbaycandan Türkiyəyə və Türkiyə ərazisindən təbii qazın satışı və nəqlinə dair bəyannamə, Azərbaycan Sənaye və Energetika Nazirliyi ilə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqlinə dair anlaşma memorandumunun imzalanması ölkələrimizin enerji sahəsindəki əməkdaşlığının yeni mərhələdə inkişafına bariz nümunədir. Bunun davamı olaraq, 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İham Əliyevin qardaş ölkəyə səfəri zamanı İzmirdə dövlət başçımızın və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanan mühüm əhəmiyyətə malik 13 sənəd arasında "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz alqı-satqısına dair Anlaşma Sazişi", "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz tranzitinə dair Anlaşma Sazişi", "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında enerji sahəsində Əməkdaşlıq Protokolu", "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclasının Protokolu", "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş" və digər sənədlər var. Həmin sənədlərin əhəmiyyəti barədə danışan Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, bütün bunlar bizim üçün yeni imkanlar, yeni üfüqlər açır, uzunmüddətli uğurlu əməkdaşlığımız üçün şərait yaradır. Əminik ki, bu əməkdaşlıqdan həm xalqlarımız, həm də bizim üçün dost olan ölkələr faydalanacaqdır. Çünki həqiqətən də, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.
Əlaqələrimizin səviyyəsini göstərmək üçün bunu da xatırlatmaq yerinə düşər ki, Türkiyə Prezidenti Abdullah Gülün 2010-cu il avqustun 16-da Bakıya səfəri zamanı ölkələrimiz arasında "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə" imzalanmışdır. Bundan əvvəl də, yəni 2007-ci il noyabrın 6-8 də Türkiyə Prezidenti Abdulla Gülün Azərbaycana səfəri çərçivəsində də iki dövlət arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə və ümumilikdə 5 mühüm sənəd imzalanmışdı. Ancaq "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə" strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin konkret əsaslarla davamı hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev həmin müqavilə barədə danışarkən demişdir ki, tarixi əhəmiyyətə malik olan sənəd gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətlərini müəyyən edəcəkdir. Dövlət başçısının bu bəyanatı həmişə olduğu kimi, bu dəfə də Azərbaycan tərəfinin imzaladığı sənədə və ya verdiyi vədə daim sadiq qalacağını ifadə edirdi. Bu, rəsmi Bakının məsələyə baxışı və dəyişməz mövqeyidir. 2011-ci il oktyabrın 25-də İzmirdə keçirilən Türkiyə - Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasında da Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan rəsmi Bakının bu mövqeyini yüksək qiymətləndirmiş, onun nümunəvi tərəfdaş olduğunu bildirmişdir.
Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Dünyaya inteqrasiya yolunda Azərbaycan ilə Türkiyə biri-birinə tam dəstək verir. Bu gün durmadan inkişaf edən, yüksələn hər iki ölkənin beynəlxalq aləmdə nüfuzu sürətlə artmaqdadır. Azərbaycanın 193 ölkədən 155-nin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi göstərir ki, güc mərkəzinə çevrilən Türkiyənin regionda artan roluna paralel olaraq, Azərbaycanın da regiondakı və dünyadakı mövqeləri möhkəmlənir, sabit ölkə, etibarlı tərəfdaş, sülhməramlı dövlət kimi tanınır. Qardaş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın belə tarixi uğurlar qazanmasından iftixar hissi keçirdiklərini bildirərək demişdir: " Həqiqətən də qarşımızda dəyişən, yeniləşən Azərbaycan vardır. Azərbaycana hər səfərimizdə daha fərqli, dəyişilmiş bir Azərbaycanı görürəm. Bu da təbii, 20 il ərzində qazanılmış böyük uğurların bariz nümunəsidir. Bu, həm azərbaycanlı qardaşlarımıza, həm də bizlərə ayrı bir qürur verir. Bu, başda mərhum Heydər Əliyev olmaqla, Prezident İlham Əliyevin və hökumətinin uğurlu siyasətinin sübutudur. Qardaşım İlham Əliyevi bu xüsusda ayrıca təbrik edirik".
Təbii ki, müstəqil Azərbaycan Respublikası bütün beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələrini özünün xarici siyasətinə uyğun qurur və inkişaf etdirir. Ancaq bəzi məqamlarda münasibətlərin inkişafında yardımçı vasitələr və ya ölkələr də əhəmiyyətli rol oynayırlar. Bu mənada ölkəmiz ilə Şimali Atlantika Alyansı arasında tərəfdaşlığın inkişafında rəsmi Ankara ilə münasibətlər müsbət rol oynayır. Çünki qardaş ölkə uzun illərdir NATO-nun üzvüdür və NATO ölkələri arasında Türkiyə Ordusunun çox görkəmli yeri var. Əlbəttə, Türkiyənin bu istiqamətdə bütün sahələrdə edəcəyi məsləhətlər, yardımlar bizim üçün önəmlidir.
Əlaqələrimizin çiçəklənməsi Türkiyəyə və Azərbaycana düşmən kəsilən qüvvələri ciddi narahat edir. Buna görə də türk düşmənləri iki ölkə arasında münasibətlərə mənfi təsir göstərmək üçün daim yeni vasitələrə əl atırlar. 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında "Diplomatik münasibətlərin təsis olunması"na və "İkitərəfli əlaqələrin inkişaf etdirilməsi"nə dair protokolların imzalanmasına nail olan bəzi tərəflərin məqsədi də əslində, yüksək səviyyədə olan Azərbaycan - Türkiyə əlaqələrini korlamaq idi. Onlar elə düşünürdülər ki, bu yolla əzəmətli Türkiyəni cılız Ermənistan qarşısında diz çökdürəcəklər. Ancaq alınmadı. Qardaş ölkənin bütün ictimaiyyəti və istər iqtidar, istərsə də müxalifət partiyalarından olan nümayəndələr məkrli planlara qarşı çıxdılar. Türkiyə rəhbərliyi birmənalı şəkildə bəyan etdi ki, Azərbaycan torpaqları işğaldan azad edilməyənədək Ermənistanla əlaqalərin qurulmasından söhbət gedə bilməz. Hətta 2009-cu il mayın 13-də Bakıya gələn qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bir daha vurğulamışdı ki, Türkiyə və Azərbaycan ictimaiyyətinin narahatlığına heç bir əsas yoxdur. O demişdir: "İsrarla bəyan edirəm: Bizim sərhədlərimiz Dağlıq Qarabağın və ətraf rayonların işğalından sonra bağlanmışdır. İşğala son verilməyənədək biz sərhədləri açmayacağıq". Bunun ardınca R.T. Ərdoğan bəyanatı daha da gücləndirən sözlər demişdi: "Sərhədlərin açılmayacağına dair vədi kim verir? Bunu Türkiyə Cümhuriyyətinin Baş naziri deyir. Bundan başqa daha zəmanətli ifadə ola bilərmi? " .
Baş nazir Ərdoğanın bəyanatın "səmimiliyi" qısa zamanda öz təsdiqini tapmışdı. Belə ki, 2010-cu il sentyabrın 11-17-də NATO çərçivəsində Ermənistanda keçirilən təlimlərlə bağlı Türkiyə - Ermənistan sərhədinin açılacağına dair məlumatlar yayılmışdı. Lakin bu, baş vermədi. Rəsmi Ankara türk düşmənlərini bir daha məyus etdi. Biz əminik ki, indiyədək Türkiyə - Azərbaycan qardaşlığının əzəməti qarşısında aciz qalan qüvvələr innən belə də heç bir nəticə əldə edə bilməyəcəklər. Çünki qeyd etdiyimiz kimi, vaxtilə Türkiyənin milli mənafeyinə cavab verən siyasətinin dəyişməsi üçün müxtəlif dövlətlər, qüvvələr rəsmi Bakıya təzyiq göstərmişdi. Ancaq ölkəmizin rəhbərliyi buna əhəmiyyət verməmiş, öz siyasi kursunu davam etdirmişdir.
Beynəlxalq aləmdə mövqeləri günbəgün güclənən Azərbaycan bu gün dünya miqyasında da Türkiyəni dəstəkləyir. "Mavi Mərmərə" gəmisi ətrafında baş verən hadisələrdə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə, Fransa Milli Assableyasında və Senatında "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsi qəbul edilərkən də Azərbaycan dövləti açıq şəkildə Türkiyəni dəstəklədi.
Azərbaycan - Türkiyə qardaşlığı tarixi köklərə söykənən, çətin sınaqlara sinə gərən, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalqın arasındakı ən təbii hisslərdən bəhrələnir, ondan güc alır. Buna görə də Azərbaycan - Türkiyə əlaqələri daim möhkəmlənir, güclənir, zamanın diqtəsi ilə durmadan inkişaf edir, regionda sabitliyin, əmin-amanlığın qarantına çevrilir. Ölkələrimiz bundan sonra da biri-birinə dayaq, arxa olacaqdır. Türk dünyasının böyük oğlu Heydər Əliyevin siyasəti məhz bu istiqamətdə olmuşdur. O, həmişə çalışırdı ki, Türkiyə-Azərbaycan münasibətləri inkişaf etsin, güclənsin. Bu gün hər sahədə olduğu kimi, Türkiyə ilə əlaqələrin inkişafında da hər iki xalqın böyük oğlu, ulu öndər Heydər Əliyevin siyasi tezisləri, göstərdiyi istiqamətlər əsas götürülür. Ona görə də Türkiyə ilə Azərbaycan arasındakı ənənəvi dostluq, qardaşlıq münasibətləri heç bir maneə tanımadan inkişaf edir və bundan belə də inkişaf edəcəkdir. Bu münasibətlərin inkişafının qarantı isə Azərbaycan Respublikasının Prezidentidir.
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.