Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü qeyd edilmişdir

Yanvarın 30-da Türkiyənin ölkəmizdəki səfirliyində Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü qeyd edilmişdir.
Tədbirdə Milli Məclisin deputatları, tarixçilər, ictimai təşkilatların nümayəndələri və Bakıda fəaliyyət göstərən türk iş adamları iştirak etmişlər.
Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç qardaş ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə sürətlə inkişaf etdiyini, ötən 20 ildə Azərbaycanın böyük inkişaf yolu keçdiyini diqqətə çatdırmış, xalqlarımızın dostluğundan danışmışdır.
Diplomat bildirmişdir ki, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmaqla yanaşı, həm də onun dünyada tanınması üçün beynəlxalq təşkilatlara, dünya dövlətlərinə çağırışlar etmişdir.
Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin çox böyük uğur olduğunu vurğulayan səfir qeyd etmişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan ölkədir. Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan-Türkiyə əlaqələrində yüksək nailiyyətlərindən xəbər verir.
Diplomat vurğulamışdır ki, Vanda baş vermiş zəlzələ zamanı ilk olaraq Azərbaycanın Türkiyəyə yardım etməsi ölkələrimiz arasında qardaşlıq münasibətlərin bariz nümunəsidir.
H.Kılıç "Biz bir millət, iki dövlətik" deyən ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə ölkələrimiz arasında əlaqələrin, qardaşlıq münasibətinin genişləndiyini bildirmiş, bu gün bu ənənənin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də qorunub saxlandığını demişdir.
Türk dünyasının birliyinin vacibliyini vurğulayan Milli Məclisin deputatı Gülər Əhmədova Fransa parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qanunla bağlı türkdilli dövlətlərin haqq səslərini ucaltmağa, qardaş Türkiyəni dəstəkləməyə çağırmışdır.
Deputatlardan Jalə Əliyeva, Musa Qasımlı və digər çıxış edənlər Türkiyə-Azərbaycan mədəni əlaqələrindən danışmış və onların yüksələn xətlə inkişaf etdiyini vurğulamışlar. Bildirilmişdir ki, Fransa parlamentində ədalətsiz qanunun qəbulu təsadüfi xarakter daşımır, bu, ermənilərin növbəti hiyləsidir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında