Şriftin ölçüsü:
31.01.2012 10:36 | Oxunma sayı: 525
Azərbaycanın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Gürcüstanın Acarıstan Muxtar Respublikasında 3 günlük işgüzar səfərdə olmuşdur.
Səfərin ilk günü - yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidzenin görüşü olmuşdur.
Görüşdə Levan Varşalomidze demişdir ki, bir sıra iri transmilli layihələrin və Avropa-Asiya nəqliyyat dəhlizinin əsas qovşaqlarından olan Acarıstan Muxtar Respublikası 6 bölgəyə ayrılır. Burada, əsasən sənaye-istehsal, neftayırma, ağır sənaye müəssisələri, sitrus meyvələr kombinatı və digər istehsal müəssisələri fəaliyyət göstərir. Acarıstan Muxtar Respublikasının paytaxtı olan Batumi Cənubi Qafqaz dəmir yolunun və Bakı-Batumi neft boru xəttinin qurtardığı əhəmiyyətli liman şəhəri və ticarət mərkəzidir. Batumi limanı Qara dənizdə neft məhsulları daşıyan 80 min tonluq tankerləri qəbul etmək gücündədir. Bölgənin əlverişli coğrafi mövqeyi və dənizlərə çıxışının olması burada istehsal və xidmət sektorunun, turizmin, yüngül sənayenin inkişafını şərtləndirir.
Naxçıvan MR Ali Məclisin sədri Vasif Talıbov bütün bunların ölkələrimiz və xalqlarımız arasında hökm sürən dostluq və qardaşlıq münasibətlərinin daha bir əyani ifadəsi olduğunu vurğulayaraq demişdir: Qafqazın ən qədim və aborigen xalqları olan azərbaycanlılar və gürcülər bütün tarix boyu həmişə bir yerdə olmuş, öz etnik xüsusiyyətlərini və milli ənənələrini qoruyub saxlamışlar. Bu tarixi missiya müstəqillik uğrunda mübarizə tariximizə də öz təsirini göstərmiş, hər iki xalq oxşar siyasi taleləri yaşamışdır. 1918-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə həm Gürcüstan, həm də Azərbaycan xalqları ilk demokratik respublikalarını elan etmişlər. Bundan az sonra, 1921-ci ildə imzalanmış tarixi Moskva və Qars müqavilələrinə əsasən, Gürcüstanın muxtar qurumu olan Acarıstan Muxtar Respublikası və Azərbaycanın muxtar qurumu olan Naxçıvan Muxtar Respublikası yaradılmışdır.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycan və Gürcüstan müstəqil dövlətlərdir. Şübhəsiz ki, hər bir müstəqil dövlətin milli maraqları və prinsipləri vardır. Hər bir dövlət, fəaliyyətini birinci növbədə bu prinsiplərə, milli maraqlara əsaslanaraq qurur. Bizim xalqlarımızın milli maraqları isə tarix boyu üst-üstə düşmüşdür. Odur ki, vahid coğrafi və geosiyasi məkanda bir-birimizə qarşılıqlı yardım göstərmədən, kömək etmədən irəliyə gedə bilmərik. Bütün bunları nəzərə alan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1996-cı ildə Gürcüstana ilk rəsmi səfəri zamanı qardaşlığımızın daha da dərinləşməsi istiqamətində tarixi addımlar atmış, Azərbaycan-Gürcüstan birliyinin əsasını qoymuşdur.
Ali Məclisin sədri demişdir: Müasir şəraitdə Azərbaycan və Gürcüstan rəhbərlərinin - İlham Əliyevin və Mixeil Saakaşvilinin səyləri nəticəsində əlaqələrimiz daha da dərinləşmiş, strateji xarakter almışdır. Bu gün Gürcüstan və Azərbaycanı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi qlobal enerji, nəqliyyat və kommunikasiya layihələri birləşdirir. Xalqlarımız və dövlətlərimiz arasında əlaqələr təkcə iqtisadi münasibətlərlə məhdudlaşmır, regional və beynəlxalq münasibətlərdə də Azərbaycan Gürcüstanın, Gürcüstan da Azərbaycanın yanındadır.
"Naxçıvanla Batumi, Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələrin bütün sahələr üzrə genişləndirilməsi üçün yaxşı əsaslar vardır. Bütün bunlar əlaqələrimizin daha da dərinləşməsinə imkan verəcəkdir", - deyən Ali Məclisin sədri Vasif Talıbov Levan Varşalomidzeni münasib bildiyi vaxtda Naxçıvan Muxtar Respublikasına səfərə dəvət etmişdir.
Görüşdə mədəniyyət, turizm, kütləvi informasiya orqanları, təhsil sahəsində əlaqələrin inkişafı üçün perspektivin olduğu vurğulanmış, gələcəkdə Naxçıvan-Batumi avtobus və təyyarə reyslərinin açılması barədə fikir mübadiləsi aparılmış, iş adamları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunmuş, qarşılıqlı faydalı əməkdaşlığın perspektivi nəzərdən keçirilmişdir.
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov, Batumi şəhərinin meri Robert Çxaidze, Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri Vaja Borlkvadze, təhsil naziri Georgi Abuladze görüşdə iştirak etmişlər.
* * *
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze jurnalistlərə qısa müsahibə vermiş, Batumi şəhərinin Nodar Dumbadze küçəsində yerləşən Azərbaycan Respublikasının baş konsulluğuna gəlmişlər. Məlumat verilmişdir ki, Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulluğu 2010-cu ildən fəaliyyət göstərir. Burada əməkdaşların fəaliyyəti üçün yüksək iş şəraiti yaradılmışdır.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.