Avropa Birliyinin bəzi ölkələrində baş verən maliyyə böhranı, deyəsən, qurumun aparıcı üzvlərindən olan Fransada özünü "demokratiya böhranı" şəklində büruzə verdi. Keçən il dekabrın 23-də Fransanın Milli Assambleyasında "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" mürtəce qanun layihəsi qəbul olunduqdan sonra demokratiyanın, söz və fikir azadlığının beşiyi sayılan ölkənin bu istiqamətə doğru yuvarlandığı özünü büruzə verirdi. Ancaq Senatın Konistitusiya Komissiyasının ölkənin Əsas Qanununa zidd olduğunu əsas gətirərək, qanun layihəsinin qəbuledilməzliyi barədə qərar çıxarması, demokratiyanın və hüququn üstünlüyü prinsipinin qalib gələcəyinə ümidləri artırmışdı. Ta ki, 23 yanvar 2012-ci ilin gecəsinədək...
Həmin gün ölkənin qanunverici orqanı olan Senatda 8 saatadək davam edən müzakirələrdən sonra keçirilən səsvermədə bütün bəşəri dəyərlər ayaqlar altına atılaraq demokratiya, insan hüquq və azadlıqları heçə endirildi. Dəhşətli burası idi ki, bu hadisə daim dünyada demokratiya nümunəsi olmağa cəhd göstərən, millətlərə şəst ilə söz, fikir azadlığı "dərsi" verməyə çalışan Avropa Birliyinin aparıcı ölkələrindən biri olan Fransada baş verirdi. Bu hadisədən sonra bütün dünya və ya ən azından türk dünyası Parisin insan azadlıqları istiqamətində atdığı bütün addımları, verdiyi bütün bəyanatları ironiya ilə qarşılayacaq. Çünki 23 yanvar 2012-ci il Fransada demokratiyanın son gecəsi oldu. Bu gecə 1789-cu ildə Fransa inqilabı ilə doğulan və bütün dünyaya yayılan demokratiyaya elə həmin məkanda da son qoyuldu.
Senat "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanunu qəbul etməklə tarixinin ən şərəfsiz səhifəsini yazmış oldu. Bir sıra politoloqlar Fransanın belə bir qanunu qəbul etməsini bu il ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqələndirirlər. Belə hesab olunur ki, Senatda çoxsaylı nümayəndələri olan prezidentliyə namizədlər Fransua Oland və Nikola Sarkozi Fransadakı 500 min erməni seçicinin, o cümlədən mühafizəkar sağçı elektoratın səsini qazanmaq üçün bu addımı atıblar. Təbii ki, bu, reallığı əks etdirir. Lakin belə olan halda maraqlı bir sual ortaya çıxır: Bu vaxtadək Fransada dəfələrlə prezident seçkiləri keçirilib. Əgər bütün bu həngamə səs toplamaq naminə edilirdisə, əvvəllər də bu yola baş vurula bilərdi. Nəyə görə Fransa məhz indi bu addımı atdı?
Cavablar müxtəlifdir. Bəzi ekspertlər belə hesab edirlər ki, Ankaranın Avropa Birliyinə tamhüquqlu üzvülüyünə qarşı çıxan və sayları gündən-günə artan səsvermə hüququna malik milliyətçi fransızların sayı son zamanlar nəzərəçarpacaq səviyyəyə çatıb. Türkiyənin daxildə siyasi-iqtisadi islahatları, o cümlədən demokratikləşmə prosesini yüksək səviyyədə aparması, ölkə qanunlarını Avropa Birliyi meyarlarına uyğunlaşdırması, ümumiyyətlə, Kopenhagen öhdəliklərini uğurla yerinə yetirməsi onun quruma üzvülüyünü tezləşdirə bilər. Əgər qardaş ölkə birliyə tamhüquqlu üzv qəbul edilsə, əhalisinin sayına, ərazisinə, hərbi-iqtisadi qüdrətinə görə Avropanın aparıcı ölkələrindən birinə çevriləcək. Yəni birlik daxilində qüdrətli Fransaya yeni və arzuolunmaz rəqib ortaya çıxacaq.
Müsəlman Türkiyənin bu səviyyəyə yüksəlməsi mühafizəkar xristian fransızlarda qısqanclıq hisslərinin yaranmasına səbəb olur. Bu, Fransanın həyata keçirdiyi xarici siyasətdə də öz əksini tapıb. Belə ki, Paris Türkiyənin birliyə tamhüquqlu üzvülüyü yerinə "imtiyazlı tərəfdaşlıq" təklifini tez-tez dilə gətirir və ya alternativ olaraq Türkiyənin də iştirakı ilə Aralıq Dənizi Ölkələri Birliyinin yaradılmasını təklif edir. Təkliflərin qəbul olunmadığını gördükdə isə bu dəfə daha məkrli plan həyata keçirdilər. Senatda "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsini qəbul etdilər. Bununla, həm də digər Avropa ölkələrinin həmin qanunu qəbul etməsinə yol açdılar. Belə olan halda isə Türkiyə ilə başda Fransa olmaqla birliyin bəzi dövlətlərinin münasibətləri gərginləşə və beləliliklə qardaş ölkənin Avropa İttifaqına qəbulu məsələsi birdəfəlik tarixin arxivinə göndərilə bilər. Qeyd etdiyimiz kimi, bu, Fransanın mühafizəkar elektoratının ən böyük arzusudur. Bu arzunu yerinə yetirən siyasi qüvvə isə təbii ki, həmin seçicilərin səsini qazanacaq. Prezidentliyə namizədlər - Fransua Oland və Nikola Sarkozinin Senatda bu qanunun qəbul olunmasında canfəşanlıq göstərməsinin səbəbi də budur. Ehtimal ki, Fransa ikinci mərhələdə Türkiyədən "erməni soyqırımı"nı tanımasını tələb edəcək.
Başqa bir tərəfdən, bəzi Avropa ölkələrinin çöküşü fonunda durmadan yüksələn, iqtisadi cəhətdən güclənən, Avropanın müqayisəsiz ən böyük ordusuna sahib olan Türkiyənin regionun güc mərkəzinə çevrilməsi də Fransadakı mühafizəkarları qıcıqlandırır. İnqilablarla sarsılan və yeni düzənə qovuşan ərəb ölkələrində Ankaranın nüfuzunun durmadan artması, onun model kimi qəbul olunması Fransa kimi Qərb ölkələrinin diqqətindən yayınmır. Keçən il Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın və Fransa Prezidenti Nikola Sarkozinin Liviyaya səfəri zamanı ölkə ictimaiyyətinin Ərdoğanı coşğuyla, Sarkozini isə necə deyərlər, sükutla qarşılaması da çox şeydən xəbər verirdi. Bir neçə il bundan əvvəl Türkiyənin inşa etmək istədiyi dəyəri 10 milyard ABŞ dollarınadək hesablanan Atom Elektrik Stansiyası məsələsində Fransa şirkətləri ilə əməkdaşlıqdan imtina etməsi də Parisdə "ilanın quyruq acısı" effekti yaratmışdı.
Məlumdur ki, Fransa Senatının qəbul etdiyi qanun, guya, I Dünya müharibəsi zamanı baş verən hadisə ilə əlaqədardır. Ancaq həmin dövrdə Antanta dövlətlərindən biri olan Fransa əlindən dad çəkdiyi qanlı düşməni Osmanlı imperiyasına qarşı müharibə aparırdı. Ehtimal ki, həmin düşmənçilik Osmanlıya qarşı vuruşan fransızların nəvələrinin qanında qalıb. O da məlumdur ki, vaxtilə həm fransızlar, həm də 1915-ci ildə xarici dəstəklə Osmanlı daxilində qiyam qaldıraraq, minlərlə türk-müsəlmanı qətlə yetirən ermənilər elə Fransanın himayəsi ilə yenidən Türkiyə torpaqlarında qətliamlar törətmişdilər. Belə ki, 1918-ci ildə Osmanlı imperiyası məğlubiyyətə uğradıqdan sonra Antanta dövlətlərinin, o cümlədən Fransanın orduları qardaş ölkənin ərazisini işğal etməyə başlamışdı.
Maraqlı burasıdır ki, 1915-ci ildə və sonrakı illərdə fransızlara "ayı xidməti" göstərən Osmanlı imperiyasının vətəndaşları olan ermənilər həmin hərbi birləşmələrdə çoxluq təşkil edirdilər. Fransa ordusunun tərkibində olan ermənilər Paris tərəfindən onlara verilən fürsətdən istifadə edərək fransız hərbi geyimində Urfada, Adanada, Antepdə dəhşətli qətllər törətdilər. Bu hadisələrdən narahatlıq keçirən Osmanlı imperiyasının xarici işlər naziri Rəşid Paşa İstanbuldakı Fransanın ali komissarı admiral Ametə məktub göndərərək Fransa ordusunun daxilindəki Osmanlı vətəndaşları olan erməni əsgər və zabitlərin bölgədən çıxarılmasını xahiş etdi. Lakin bu istək yerinə yetirilmədi. Çünki tarixi sənədlərdən də aydın olur ki, türkləri, kürdləri və digər azlıqları qətlə yetirmək imkanını Fransa həmin ermənilərə əvvəlki "xidmətlərinə" görə "mükafat" olaraq vermişdi. Yəqin ki, ermənilərin nəvə-nəticələrinə Parisin növbəti "mükafat"ı Senatın "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanunu qəbul etməsi oldu. Ancaq bu, Fransanın öz nüfuzuna və demokratiyaya böyük zərbə vurması hesabına başa gəldi. Bu, ümumilikdə, Avropanın Birliyinin tarixində qara ləkə olaraq qalacaqdır
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.