Şriftin ölçüsü:
27.01.2012 13:28 | Oxunma sayı: 513
Fransız senator Natali QULE: Bu qanunu qəbulu Fransa diplomatiyası üçün ağır nəticələr verəcək
{nl}
Fransa Senatı uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməklə öz tarixinə qara səhifə yazdı. İllər keçdikcə unudulmayacaq bu rüsvayçı qərar Fransanın demokratik ölkə olmasını daim şübhə altında saxlayacaq. Çünki dünya tarixində hələ belə bir hadisə olmayıb. Tarixdə soyqırımının inkarının yaratdığı başqa presedent var. Lakin həmin qərar konkret soyqırımı cinayətini araşdırmış, onu təkzibedilməz faktlarla sübuta yetirmiş konkret məhkəmə qərarının-Nürnberq məhkəməsinin qərarı əsasında qəbul edilib.
Türkiyə rəhbərliyinin dəfələrlə bəyan etdiyi "gəlin, tarixi birlikdə araşdıraq, bütün arxivlərimiz açıqdır" -çağırışına baxmayaraq, nəinki məhkəmə təhqiqatı, heç ciddi arxiv araşdırması olmadan belə Fransa Senatı uydurma "erməni soyqırımı" haqqında qanun layihəsini qəbul edərək özünü gülünc vəziyyətə saldı. Xatırladaq ki, Fransa qondarma "erməni soyqırımı"nı 2001-ci il yanvarın 29-da rəsmən tanıyıb. 2011-ci il mayın 4-də Milli Assambleya tərəfindən qondarma "soyqırımı"nın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi qəbul edilib. Lakin Senat bu qanun layihəsini əsassız sayaraq təsdiqləməyib. Buna baxmayaraq, Milli Assambleya qanun layihəsini 2011-ci il dekabrın 22-də yenidən müzakirəyə çıxarıb və qəbul edib. Fransa Senatı da qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu ədalətsiz və qeyri-obyektiv qərarın Fransa prezidenti Nikola Sarkozi tərəfindən təsdiqlənəcəyi şübhə doğurmur.Çünki qarşıdan gələn prezident seçkilərində qələbə qazanmaq üçün N.Sarkozinin ən çirkin üsullardan istifadə etməsi hamıya bəllidir. Fransada keçiriləcək növbəti prezident seçkilərinə namizəd kimi qatılmaq istəyən Beynəlxalq Valyuta Fondunun keçmiş prezidenti Dominik Stross-Kanın başına gətirilən biabırçı oyundan hər kəsin məlumatı var. N.Sarkozi çox yaxşı bilirdi ki, onun gələcək rəqibləri arasında ən şanslı namizəd Beynəlxalq Valyuta Fondunun keçmiş prezidenti idi. Ona görə də rəqibə böhtan atdıraraq onu sıradan çıxardı. İndi isə böhtan və qarayaxma kampaniyasını davam etdirərək bu dəfə Türkiyəni hədəfə alıb. O, Fransadakı erməni lobbisinin rəğbətini qazanmaq və seçkilərdə qələbə qazanmaq üçün qondarma "erməni soyqırımı"kartından yararlanmaq istəyir. Onun seçki öncəsi belə çirkin oyunlardan yararlanmaq cəhdləri artıq Fransa rəsmiləri tərəfindən də açıq şəkildə pislənilir. Fransa Senatı tərəfindən qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinə etiraz edən fransız senatoru Natali Qulenin bəyanatı da bunu təsdiqləyir. Senator belə bir qanun layihəsinin qəbul edilməsinin yolverilməz olduğunu vurğulayaraq deyib: "Aydındır ki, bu qanunun qəbulu sadəcə bir seçki oyunudur. Nə üçün biz tarixi tarixçilərin ixtiyarına buraxmırıq? Məgər dünyada iddia olunan bütün soyqırımlarını tanımağa borcluyuq? Belə getsə, başqa xalqlar da bizdən oxşar qanunların qəbul edilməsini tələb edəcəklər. Ermənilər soyqırımından danışırlar, amma bu məsələnin obyektiv araşdırılması üçün öz arxivlərini gizlədirlər və açıqlamaq istəmirlər. Bundan başqa, bu qanun layihəsinin qəbulu Fransa diplomatiyası üçün ağır nəticələr verəcək. Bu gün Ermənistan totalitar, avtoritar İran və Rusiya rejimləri yanında Avropanın daim sadiq olan müttəfiqi Azərbaycana qarşı ərazi iddiaları edir, bu ölkənin ərazilərini işğal edib və Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın Xocalı şəhərində yüzlərlə azərbaycanlını qətlə yetirib. Bu yaxınlarda Nikola Sarkozi Cənubi Qafqaz ölkələrində səfərdə olmuşdur". Fransalı senator prezident N.Sarkozinin bu səfəri zamanı Ermənistanla Azərbaycan arasında ayrı-seçkilik qoymasını tənqid edərək deyib: "Fransa prezidenti nədənsə bu ölkələrə eyni diqqəti göstərmədi. Ermənistanda bir gün qaldı və "soyqırımı qurbanları" abidəsinə əklil qoydu. Azərbaycanda isə cəmi bir-iki saat qaldı və "Şəhidlər Xiyabanı"na gedib əklil qoymadı. Ölkə başçısının bu cür münasibət göstərməsi Fransa diplomatiyası üçün başucalığı deyil."
Qeyd edək ki, Fransa Senatının müzakirəsinə çıxarılmış bu qanun layihəsi elə bu qurumun Qanunvericilik Komitəsi tərəfindən də, qeyri-obyektiv hesab edilmiş və qəbuledilməz olması barədə rəy verilmişdir. Senatın Konstitusiya Komitəsinin sədri Jan-Pyer Süörün də qanun layihəsi ilə əlaqədar hesabat təqdim etmiş və bildirmişdir ki, bu qanun ölkə Konstitusiyasının və ondan irəli gələn dəyərlərin ruhuna ziddir. O bildirib ki, əgər Senat belə bir qanun qəbul etsə, Fransa digər soyqırımlarının da tanınması ilə əlaqədar qanun qəbul etmək məcburiyyətində qalacaq. Qanun layihəsinin müzakirəsi zamanı iclas salonunda 348 senatordan cəmi 95-nin iştirak etməsi də məsələnin nə dərəcədə narazılıqla qarşılanmasından xəbər verir.
Fransa Senatında müzakirəyə çıxarılmış qanun layihəsi siyasi partiyaların nümayəndələri tərəfindən də narazılıqla qarşılanmışdır. Fransa Sosialist Partiyasının üzvü, senator Qaetan Qors belə bir qanun layihəsinin qəbul edilməsinin Fransaya ciddi zərbə vuracağını və ölkədə qarşıdurma yaradacağını bildirib. O deyib ki, bu sənədin qəbul edilməsi ölkədə milli birliyini yaradılmasına mənfi təsir göstərəcək. Q.Qors deyib ki, artıq Fransada ermənilərlə türklərin,həmçinin türk mənşəli fransızların qarşıdurması başlayıb.Bu, gələcəkdə çox pis nəticələr verəcək. Senator qanun layihəsini məsuliyyətsiz sənəd adlandırıb. Qanun layihəsinin əleyhinə çıxış edən digər senatorlar bunun ölkə Konstitusiyasına zidd olduğunu faktlarla əsaslandırıblar. Bilidirilib ki, Fransa Konstitusiya Məhkəməsinə bununla əlaqədar şikayət olunarsa, təkcə bu qanun deyil, əvvəllər də "erməni soyqırımı"nın tanınması ilə əlaqədar qəbul edilmiş qərarlar da ləğv oluna bilər. Belə bir qondarma soyqırımının tanınması ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunsa,təbii ki, bu da Fransa dövlətinə başucalığı gətirməyəcək. Çünki tarixdə olmayan və ya tutarlı faktlarla öz təsdiqini tapmayan qondarma "soyqırımı"nın tanınması haqqında qanun qəbul edilməsi Avropa İnsan Haqları Konvensiyasının müddəalarına uyğun deyil. Fransa ATƏT-in Minsk qrupunda həmsədr dövlətlərdən biridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş bir dövlətin işğalçı ölkəyə açıq şəkildə tərəfkeşlik etməsi onun neytral və obyektiv mövqe tutacağı haqqındakı inamı heçə endirdi. Belə bir sənədin Fransa parlamentində qəbul olunması ATƏT-in Minsk qrupunun da fəaliyyətinə kölgə salacaq. Fransa Avropa Şurası qarşısında götürdüyü insan hüquqları və azadlıqları kimi demokratik dəyərlərə hörmətlə yanaşmağı unutdu. Görünür Nikola Sarkozi üçün növbəti dəfə prezident seçilmək həm beynəlxalq hüququn norma və prinsiplərindən, həm də insan hüquq və azadlıqlarının qorunmasından üstün imiş. Görəsən bu prinsiplərə üstünlük verən bir ölkənin digərlərinə "demokratiya dərsi" keçməyə mənəvi haqqı çatırmı? Fransalı senatorun dediyi kimi, Azərbaycanın Xocalı şəhərində misli görünməmiş soyqırımı törədən ermənilərin analoqu olmayan vandal aktları niyə Fransa prezidentini bir dəfə də olsun maraqlandırmayıb? Erməni vəhşiliyinin qurbanı olmuş, bir milyona yaxın azərbaycanlının bu gün öz ata-baba yurdlarından didərgin salınması Fransa prezidentinin yadına düşürmü? Axı uzun illərdir ki, bu ölkə guya münaqişənin nizamlanması ilə əlaqədar vasitəçilik missiyasını öz üzərinə götürüb. Artıq Fransa tərəfi ona olan inam və etibarı heçə endirdi. Yaxşı olardı ki, bu ölkənin rəhbərliyi könüllü olaraq ATƏT-in Minsk qrupu həmsədrliyindən kənarlaşsın. Fransa Senatının uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsi də bunu təsdiqləyir.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.