İnsan hüquq və azadlıqlarının qorunması Azərbaycan üçün prioritet məqsəd olaraq qalır

Son illər inamla gerçəkləşdirilən islahatların məntiqi nəticəsi olaraq respublikada milli ideya səviyyəli daha bir məsələ müsbət həllini tapmış, Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosial-mədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanaraq geniş elmi müzakirələrə səbəb olan bu model özünəməxsus cəhətləri ilə əlverişli coğrafi və geoiqtisadi məkanda yerləşən respublikamızı yeni iqtisadi fenomenə çevirmiş, davamlı və sabit inkişaf yoluna çıxarmışdır. Bu model unikallığı ilə Azərbaycana hər bir mərhələdə dinamik inkişafa zəmin yaradan məqsədyönlü tədbirlər sistemini daha çevik və işlək mexanizmlər əsasında həyata keçirmək imkanı yaratmışdır.
Postkeçid dövrünü daha çox bazar münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, modernləşmə strategiyasının reallaşdırılması mərhələsi kimi səciyyələndirmək olar. Cənab İlham Əliyev praqmatik siyasətçi kimi bu mərhələdə də qarşıda duran strateji vəzifələri düzgün qiymətləndirir, xalqın mənafeyi baxımından bir sıra məqsədləri önə çəkir. Davamlı inkişaf tempinin qorunub saxlanılması baxımından qarşıdakı illərdə respublikanın inkişaf hədəflərinin düzgün müəyyənləşdirilməsi də son dərəcə aktual məsələ kimi gündəmə gəlmişdir. Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bəyan etdiyi kimi, məqsəd 2020-ci ilədək Azərbaycanda ümumi daxili məhsulun ən azı 10 dəfəyədək artımına nail olmaq və respublikanı inkişaf etmiş ölkələr sırasında görməkdir.
Dövlət başçısı bu məqsədlərin uğurla gerçəkləşdirilməsi üçün son illərdə kompleks tədbirlər həyata keçirir. Cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" sərəncamı da bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Sərəncamda göstərildiyi kimi, "Son dövrdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə də son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır".
Sərəncamda vurğulanır ki, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur və əsas hədəf çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmini, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Bu məqsədlərə nail olunması üçün sərəncamda Azərbaycan Respublikası Prezidenti Administrasiyasına 2012-ci ilin sonunadək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması məsələsi həvalə olunmuşdur. 2020-ci ilədək olan dövrü əhatə edəcək konsepsiyanın hazırlanması prosesinə Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması təmin edilməlidir. Eyni zamanda, bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qurulmalı, layihənin açıq müzakirəyə çıxarılması üçün müvafiq tədbirlər görülməlidir.
İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan üçün vacib məsələlərdən biri də demokratikləşmə prosesini, siyasi və hüquqi islahatları cəmiyyətin inkişaf ahənginə uyğun daha da dərinləşdirmək, son nəticədə qanunun aliliyini, insan hüquqlarının prioritetliyini bütün səviyyələrdə təmin etməkdir. Son 8 ildə Azərbaycanda gerçəkləşən demokratik inkişafın mahiyyətini də məhz iqtisadi firavanlıq müəyyənləşdirir. Demokratik idarəetmə forması vətəndaşların sosial-siyasi, iqtisadi, mədəni rifahına, bu sahələrdə baş verən müsbət dəyişikliklərə reaksiya verməlidir. İqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir, çünki tətbiqinə çalışılan mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsi şəraitində real hesab edir. Dövlət başçısı "İtar-TASS" agentliyinə müsahibəsində demişdir ki, demokratikləşmə, şəffaflıq, qanunun aliliyi olmadan inkişaf etmiş ölkə yaratmaq mümkün deyildir.
Prezident İlham Əliyevin son 8 ildə yürütdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasında da məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Ötən müddətdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər görülmüşdür. Bu islahatların məntiqi davamı olaraq dövlət başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. Strateji əhəmiyyətli bu sənəd insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.
Xatırlatmaq vacibdir ki, Milli Fəaliyyət Planının təsdiqi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu hüquq islahatlarının məntiqi davamı olmuşdur. 1998-ci il fevralın 22-də ümummilli lider "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalamış, bu sənəddə insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası dəqiq müəyyən edilmişdir. 1998-ci il 18 iyun tarixdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuşdur. Cənab İlham Əliyevin 17 iyun 2007-ci il tarixli sərəncamı ilə 18 iyun tarixinin "İnsan hüquqları günü" elan olunması da məhz bu əlamətdar hadisədən qaynaqlanır.
Dövlət Proqramına əsasən, Azərbaycanın qoşulduğu konvensiyalara və qəbul etdiyi qanunvericilik aktlarına, eyni zamanda, ölkə Konstitusiyasının müddəalarından irəli gələn tələblərə müvafiq olaraq insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyi daha da artırılmışdır. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandum olmuşdur. Memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir.
28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulu, daha sonra Ombudsman təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi və maddi bazanın təşkili də insan və vətəndaş hüquqlarının təmini istiqamətində respublikada həyata keçirilən hüquqi islahatların məntiqi davamı olub ölkəmizin Avropa və dünya məkanına sürətlə inteqrasiyasına zəmin yaratmışdır.
Son illərdə BMT, ATƏT və Avropa Şurası ilə əmkdaşlıq çərçivəsində də respublikada insan hüquqlarının təmini məsələsinə xüsusi diqqət ayrılmışdır. 2006-cı il noyabrın 14-də qəbul olunmuş "Avropa Qonşuluq Siyasəti" çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət Planına demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və əsas azadlıqların təmini, eləcə də qanunun aliliyinin gücləndirilməsinə dair tədbirlərin daxil edilməsini göstərmək olar. Digər tərəfdən, Avropa İttifaqının bu Fəaliyyət Planın icrasının dəstəklənməsinə yönələn 2007-2010-ci illər üçün "Azərbaycan üzrə Milli İndikativ Proqramı"nda insan hüquqları sahəsində konkret əməkdaşlıq istiqamətləri müəyyən edilmişdir.
Bu və digər tədbirlərin davamı kimi imzalanmış 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na əsasən, Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, məhkəmələri və Baş Prokurorluğu normativ hüquqi aktların tətbiqi zamanı insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti gücləndirmişlər. Həmçinin Fəaliyyət Planının II hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə BMT-nin insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış müvafiq qurumları, həmçinin Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumlarla əməkdaşlıq sahəsində tədbirlər görülmüş, çoxsaylı birgə proqramlar uğurla reallaşdırılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının BMT-nin ixtisaslaşmış komitələrinə verilən hesabatlarının hazırlanması işinə hüquq müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları cəlb olunmuşlar.
Planın III hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası üçün əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində də müvafiq işlər görülmüşdür. Xüsusən də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının dünya ictimaiyyətinə çatdırılması və bu hüquqların bərpası istiqamətində icraçı dövlət qurumları tərəfindən istər dövlətdaxili, istərsə də beynəlxalq sahədə tədbirlər həyata keçirilmişdir.
Ümumilikdə, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icra vəziyyəti mütəmadi qaydada təhlil edilmiş, onun icrası və nəticələrinin müzakirəsi üçün cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin iştirakı ilə ölkəmizin bütün rayon və şəhərlərində ictimai dinləmələr keçirilmişdir.
Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla "Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı"nı təsdiq etmişdir. Dekabrın 27-də imzalanmış sərəncamla İnsan Hüquqları üzrə Müvəkkilə proqramın həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupun fəaliyyətinə rəhbərlik etmək tövsiyə olunmuşdur.
Konseptual və miqyaslı xarakter daşıyan Milli Fəaliyyət Proqramı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması istiqamətində atılan ilk ciddi addımlardan biridir. Bu sənəd insan hüquqlarının müdafiəsinin Azərbaycan üçün strateji əhəmiyyətli məsələ olduğunu bir daha təsdiqləyir. 6 fəsil və 75 bənddən ibarət Milli Fəaliyyət Proqramı normativ-hüquqi bazanın təkmilləşdirilməsi; əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi; dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi; insan hüquqları sahəsində tədris; elmi-analitik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi; insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq; Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi; monitorinqi və qiymətləndirilməsi kimi vəzifələrin həlli istiqamətində mühüm tədbirləri özündə ehtiva edir.
Milli Fəaliyyət Proqramında dövlətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin konsepsiyası müxtəlif istiqamətlər üzrə müəyyən olunmuş, həmçinin həyata keçiriləcək tədbirlərin icrası, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizmi göstərilmişdir. Proqramda respublikada insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmini istiqamətində konkret vəzifələrin icrası nəzərdə tutulmuşdur. Belə ki, sənəddə qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbulu, korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, sənəddə bu tədbirlərin vətəndaş cəmiyyəti institutları və media ilə sıx əməkdaşlıq müstəvisində həyata keçirilməsi vacibliyi önə çəkilir.
Milli Fəaliyyət Proqramına əsasən gələcəkdə insan hüquqları sahəsində maarifləndirmə, elmi-analitik tədbirlərin davam etdirilməsi, beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin insan hüquqları sahəsində ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali Komissarlıq, UNESKO, UNİSEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi planlaşdırılır.
Milli Fəaliyyət Proqramının hazırlanması zamanı müxtəlif beynəlxalq təşkilatlarla birgə həyata keçirilən əməkdaşlıq proqramları, müxtəlif sahələrə aid qanunvericiliyin islahatı prosesi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Milli Fəaliyyət Planlarının hazırlanmasına dair Bələdçi kitabı, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmışdır. Proqramda eyni zamanda insan hüquqları sahəsində beynəlxalq öhdəliklərin davamlı implementasiyası üçün dövlət orqanlarına konkret tapşırıqlar verilmişdir.
Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və demokratikləşdirmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir. İnsan hüquqlarının müdafiəsi və demokratikləşdirmə spontan şəkildə həyata keçirilə və bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımi səmərə verə bilməz. Bu baxımdan, cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" sərəncamı mühüm əhəmiyyətə malikdir. Əminliklə demək olar ki, konsepsiya layihəsi hazırlanarkən Azərbaycanda qarşıdakı illərdə insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təminatına yönəlmiş kompleks tədbirlərə də xüsusi diqqət ayrılacaqdır.
İnsan hüquqlarının təmini istiqamətində həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsas şərtlərindən biri kimi çıxış etməklə nəinki respublikamızda, həmçinin beynəlxalq arenada yüksək qiymətləndirilir. Respublikamız iqtisadi cəhətdən inkişaf etdikcə, demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları cəmiyyət həyatında getdikcə daha dolğun, real məzmun kəsb etməyə başlayır. Bu gün ölkə vətəndaşlarının mütləq əksəriyyəti ürəkdən inanır ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkədə insan hüquq və azadlıqlarının təmini prosesi daha da təkmilləşəcək, Azərbaycan bu sahədə çox böyük uğurlara imza atacaqdır.

{nl}

{nl}

{nl}

Rafael CƏBRAYILOV,

{nl}

Milli Məclisin deputatı

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında