Azərbaycan Şərq və Qərb mədəniyyətlərini birləşdirən zəngin irsə malikdir

Azərbaycan Şərq və Qərb mədəniyyətlərini birləşdirən zəngin irsə malikdir. Bu sözləri dekabrın 24-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında "Hər bir şəxsin mədəni həyatda iştirak etmək hüququ" mövzusunda müzakirələrdə azərbaycanlı deputatlar səsləndirmişlər. Sessiyada qonaq qismində iştirak edən UNESCO-nun baş direktoru İrina Bokova çıxış etmişdir. Mədəniyyətlərin xalqlar və ölkələr arasında körpü rolu oynadığını xatırladan baş direktor xalqların inkişafında mədəniyyətin əvəzsiz rol oynadığını qeyd etmiş, bir xalqın mədəniyyətinin digər xalqın mədəniyyətindən təcrid halında mövcudluğunun mümkünsüzlüyünü vurğulamış, UNESCO-nun dünya mədəniyyətinin inkişafında oynadığı roldan söhbət açmışdır. Mədəniyyətlərin sərhəd tanımadığını, bir-birindən bəhrələndiyini vurğulayan İrina Bokova bu sahədə mədəniyyətlərarası dialoqun əhəmiyyətini diqqətə çatdırmışdır.  
Azərbaycanın AŞPA yanındakı daimi nümayəndə heyətinin üzvü Sahibə Qafarova mövzu ilə bağlı çıxışında bildirmişdir ki, müasir sivilizasiyalı dünyada xüsusilə qlobal təhlükələrin artdığı bir məqamda milli mədəniyyətlər arasında əlaqələrin genişləndirilməsi, dünya mədəni irsinin qorunması xüsusi əhəmiyyətə malikdir. Ona görə də, dövlətlər bu məsələyə əvvəlkindən də artıq diqqət göstərməlidirlər. S.Qafarova demişdir ki, mən Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlər haqqında qısaca məlumat vermək istəyirəm. Azərbaycan Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirən zəngin mədəni irsə malikdir. Bu zəngin irsin qorunması üçün isə dövlətin üzərinə çox böyük məsuliyyət düşür. Vurğulamaq yerinə düşər ki, Azərbaycan hökuməti istər milli mədəniyyətin inkişafı, mədəniyyətin müxtəlif sahələrinin səmərəli fəaliyyətinin təmin olunması, mədəni və tarixi irsin mühafizəsi, yaradıcılığın dəstəklənməsi, bu sahənin hüquqi, elmi, informativ inkişafı, kadr hazırlığı və gənc istedadların dəstəklənməsi, mədəniyyət turizmi infrastrukturunun yaradılması və inkişafı istiqamətində çox ciddi tədbirlər görməkdədir. Bunun üçün müxtəlif dövlət proqramları hazırlanıb və icra olunmaqdadır. Xalqlar arasında mədəniyyətin inkişafında UNESCO ilə Avropa Şurasının birgə fəaliyyətinin vacibliyini vurğulayan azərbaycanlı deputat çoxcəhətli əməkdaşlığın böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafındakı 7 rayonun Ermənistan tərəfindən 20 ildən artıq işğalı nəticəsində bu ərazilərdə yerləşən bir çox tarixi-mədəni abidələrin məhv edildiyinə diqqət çəkən S.Qafarova onların yalnız Azərbaycanın deyil, eləcə də dünyanın mədəni irsinin bir hissəsi olduğunu bildirmişdir. Nümayəndə heyətinin digər üzvü Sevinc Fətəliyeva qeyd etmişdir ki, hər bir millət öz tarixinə, maddi və mənəvi dəyərlərinə, adət-ənənələrinə malikdir. Gələcək nəsillərin formalaşmasında mədəniyyət əsas rol oynayır. Öz tarixinə, adət-ənənələrinə, mədəniyyətinə hörmət edən millət digər xalqların mədəniyyətinə də hörmətlə yanaşmalıdır. Amma bunu Azərbaycan ərazilərini işğal edən Ermənistana şamil etmək olmaz. Onlar Azərbaycan xalqının əsrlər boyu yaratdıqları tarixi və memarlıq abidələrini dağıtmış, çoxlu sayda muzey və kitabxanaları tamamilə məhv etmişlər. Azərbaycan Respublikasının dövlət siyasətinin əsas prinsipləri sosial və maddi vəziyyətindən, milliyyətindən, irqindən, dini və cinsi mənsubiyyətindən asılı olmayaraq mədəni dəyərlərin yaradılmasında, istifadə edilməsində və yayılmasında hər kəsin bərabər hüquqa malik olmasını şərtləndirir. Bu sahədə yaranan hər hansı təhlükəli vəziyyət dialoq yolu ilə həll edilməlidir. Bu məsələ bir müddət öncə Azərbaycanda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumlarında müzakirə olunmuşdur. Son zamanlar Azərbaycanda mədəniyyət sahəsində beynəlxalq festivallar, sərgilər, müsabiqələr keçirilir.
Belə tədbirlər xalqlar arasında sülhün bərqərar olmasına və dünyada mövcud qlobal problemlərin həllinə təkan verir. Mədəniyyət insanları mənəvi cəhətdən zənginləşdirir, saflaşdırır, ruhən yaxınlaşdırır və ən əsası insanı ali, uca, saf hisslərə, amallara doğru aparır. Mədəniyyət millətinə, cinsinə, yaşına və məişətinə baxmayaraq insanları birləşdirir.
Müzakirə olunan məsələyə münasibət bildirən Rafael Hüseynov qeyd etmişdir ki, mədəniyyət mahiyyətində demokratiya daşıyan anlayışdır. Çünki o hamınındır. Mədəniyyətdən hər kəsin istifadə etmək hüququ eynidir. Mədəniyyət nümunələrini yaratmaq imkanı hər kəsə aiddir. Bu, bütün tarix boyu belə olmuşdur. Hamının olan sərvət isə, eyni zamanda, hər bir kəsin qarşısında eyni məsuliyyəti qoyur. Bu müştərək dəyəri qorumağa, ortaq mədəni mühiti yaşadıb inkişaf etdirməyə hamımız eyni dərəcədə borcluyuq. Lakin təəssüflər olsun ki, bəşəriyyətin inkişafında zirvə sayılmaq qədər yüksək olan XX - XXI əsrlərdə biz bütün insanlığa məxsus mədəniyyətə təcavüzlərin, min illərlə yaşı olan, deməli, artıq təkcə onu yaradan xalqın və xalqların deyil, bütün insanların sərvəti hesab edilən qiymətli mədəniyyət incilərinin qayıdışsız şəkildə məhvə uğradılmasının şahidi oluruq. Zaman çox cinayətləri yavaş-yavaş unutdura bilir. Lakin uzun əsrlər keçəndən sonra belə hər hansı mühüm mədəniyyət abidəsini yaradanın unudulmadığı kimi, belə abidələrdən hansını isə məhv edənlərin də adı tarixin hafizəsindən silinmir. Təbii ki, birincilər ehtiramla, ikincilər ikrahla anılır. Makedoniyalı İsgəndərin böyük quruculuq əməllərinin, qurub-yaratdıqlarının hamısı tarixin yaddaşındadır. Ancaq tarix bunu da heç vəchlə unutmur və mütəmadi olaraq yeni-yeni nəsillərə xatırladır ki, böyük İsgəndər dünyanın möhtəşəm kitablarından olan "Avesta"nın ən qədim və nadir bir nüsxəsini yandırtdırmışdır. Makedoniyalı İsgəndər mədəniyyət abidəsinin nə olduğunu anlamadığı, yandırdığı kitabın hansı dəyər daşıdığını bilmədiyi üçün belə etməmişdir. O, Aristotelin tələbəsi idi və bilikli insan olmuşdu. O, kitabın, yazılı sözün böyük gücünü dərk etdiyi üçün, yandırdığı kitaba konkret tarixi şəraitdə güclü rəqib kimi baxdığından belə qəddar hərəkətə yol vermişdi.
Mənim Vətənim, Azərbaycanın Füzuli rayonunda Azıx mağarası deyilən təbiət və tarix abidəsi vardır. Bu, Avropa insanının ilk yaşayış məskənlərindəndir. Mənim Vətənim Azərbaycanın Ağdam rayonunun Boyəhmədli kəndində hələ 60-70 il əvvəl kataloqlara salınaraq fotoları çap edilmiş yaşı 2 min ildən çox olan daş heykəllər vardır. Mənim Vətənim Azərbaycanın Zəngilan, Qubadlı rayonlarında yaşı 700, 800 il olan çinarlar vardır. Mənim Vətənim Azərbaycanın Kəlbəcər, Laçın, Cəbrayıl rayonlarında yaşı min illəri aşan qədim qəbiristanlıqlar, mədəniyyət abidələri vardır. 20 ildir ki, həmin torpaqlar Ermənistanın işğalı altındadır və həmin misilsiz abidələrin əksəriyyəti məhv edilmişdir. Həmin mədəni irs nümunələri, əslində bütün bəşəriyyətin sərvətidir və tarixin şahidi, yadigarı olan belə əsərlər bir millətinki sayılmaq hüdudundan çoxdan çıxmışdır. Belə abidələrə qəsd etmək, mahiyyət etibarilə, insanlığa qarşı cinayət deməkdir. Ən dəhşətlisi odur ki, bu abidələri məhv edənlər bunu şüurlu və məqsədli şəkildə, həmin torpaqlarda Azərbaycan xalqının tarixən mövcud izlərini yox etmək üçün gerçəkləşdirmişlər. Çünki qədim daş heykəl tarixin şahidi olduğu kimi, qədim qəbiristanlıqlar da bu gün keçmiş dövrlərdən, real tarixi həqiqətlərdən xəbər verə bilən əyani sübutlardır. Təcavüzkar isə ilk növbədə tarixi sübutları yox etməyə çalışır.
Müxtəlif xarici qüvvələrin yardımı ilə Azərbaycan ərazilərinin 20 faizini zəbt etmiş Ermənistanın təkcə həmin torpaqlarla gözü doymur. Bu gün Ermənistanda Azərbaycan mədəniyyətinin, xüsusilə də musiqi folklorunun nümunələrini, hətta məşhur bəstəkarların məlum əsərlərini belə mənimsəməyə, özününkü kimi qələmə verməyə cəhdlər edilir. Bəli, mədəniyyətdən istifadə etmək hər kəsin hüququdur, ümumbəşəri məna daşıyan mədəni irs hamıya aiddir. Amma bu, heç kəsə başqa xalqların mədəni sərvətlərini oğurlamağa əsas vermir. Ümumiyyətlə, oğurluq pis şeydir. Bütün oğrular gec-tez qanun qarşısında cavab verir, oğurladıqları onlardan geri alınır. Ermənistan da bütün oğurladıqlarını mütləq qaytarmalı olacaqdır. Hamımızın olan mədəniyyət dünyadakı körpülərin ən yaxşısıdır. Biz hamımızın keçməli olduğumuz bu körpüləri qorumağa sadəcə, məhkumuq. Çünki nəticədə zərbə həm də qayıdıb özümüzə dəyə bilər. Dağıtmasaq, yaxşı qorusaq, inkişaf etdirsək, əlbəttə ki, dünyamız daha mədəni, sabah indikindən qat-qat gözəl olacaqdır.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında