Şriftin ölçüsü:
26.01.2012 11:24 | Oxunma sayı: 492
Avropa Şurası Parlament Assambleyasının digər sessiyalarında olduğu kimi bu dəfə də insan hüquqlarının qorunması problemi diqqət mərkəzindədir. Bu baxımdan müzakirəyə çıxarılmış və kifayət qədər geniş diskussiyalara səbəb olmuş "Hakimiyyətlərin zəmanəti və Avropa İnsan Haqları Konvensiyasının səmərəliliyi" adlı məruzə diqqəti xüsusilə cəlb edir. Təsadüfi deyil ki, məruzə ətrafındakı müzakirələrdə fikir bildirmək üçün Assambleyanın 30-dək üzvü müraciət etmişdi.
AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da bu müzakirələrdə çıxış etmişdir. Azərbaycanlı deputat əvvəlcə Avropa İnsan Haqları Konvensiyasının əhəmiyyətindən danışaraq vurğulamışdır ki, həqiqəti aşağılarda tapa bilməyəndə insan daha yuxarılara ümidlə baxıb, haqqı oralarda axtarıb. Tapdanmış haqlarını müdafiə edə biləcək real qüvvəni yuxarıda da görməyəndə insan ya ruhdan düşür, ya da çarəsiz qalaraq ümidini Allaha bağlayır. Hər halda nə yaxşı ki, Avropanın həyatında bir-biri ilə sıx əlaqədar olan və insanlara haqqı tapa bilmək üçün imkan vəd edən iki amil - Avropa İnsan Haqları Məhkəməsi və Avropa İnsan Haqları Konvensiyası vardır. Avropa Şurası ilə Avropa İnsan Haqları Konvensiyası təxminən yaşıddır. Avropa Şurası artıq ömrünün 63-cü ilini başa çatdırmaqdadır, Avropa İnsan Haqları Konvensiyasının isə gələn il 60 yaşı tamam olacaqdır. Məhz bu 60 il həm Avropanın, həm də bütövlükdə dünyanın həyatında demokratiyanın və insan hüquqlarının bərqərar olması sahəsində ən əhəmiyyətli dəyişikliklərin baş verdiyi dövrdür. Avropa İnsan Haqları Konvensiyasının müasir dünyadakı ən təsirli hüquqi mexanizmlərdən olması həyatın sübuta yetirdiyi faktdır.
Daha sonra diqqəti Azərbaycanın məruz qaldığı işğal probleminə yönəldən R.Hüseynov Ermənistanın təcavüzkar siyasəti nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyonadək azərbaycanlının tapdanan hüquqlarından danışaraq Avropanın məhz bu insanların hüquqlarını ilk növbədə müdafiə etməli olduğunu vurğulamışdır.
Deputat demişdir ki, Ermənistan və ona havadarlıq edən qüvvələr tərəfindən Azərbaycan ərazilərinin 20 faizi zəbt edilmiş, 1 milyon azərbaycanlı isə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu vətəndaşların pozulmuş və hər gün pozulmaqda davam edən hüquqlarının bərpası üçün əvvəlki dövrləri bir kənara qoysaq belə, Azərbaycan son 12 ildə - Avropa Şurasına və Avropa İnsan Haqları Məhkəməsinə üzv olduğu, Avropa İnsan Haqları Konvensiyasına tərəfdar çıxdığı müddətdə də real nəticələrə şahid olmaq əvəzinə ümumi sözlər eşidib. Doğrudur ATƏT-in Minsk qrupu da, Avropa Şurası da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli üçün ardıcıl müzakirələr aparır, səlahiyyətləri çərçivəsində addımlar atır. Lakin hələ ki, ciddi nəticə yoxdur. Ən elementar insani hüquqları pozulmuş, rahatlığını, sağlamlığını, insan kimi normal yaşamaq imkanını, ev-eşiyini, illərcə əldə etdikləri varidatını itirmiş azərbaycanlı qaçqın və məcburi köçkünlər ən yuxarıdakı son ümid yerlərindən biri kimi Avropa İnsan Haqları Məhkəməsinə də müraciət etmişlər. Onların müraciəti sırf Avropa İnsan Haqları Konvensiyasına əsaslanır.
R.Hüseynov qeyd etmişdir ki, Avropa İnsan Haqları Məhkəməsi qərarların bir neçə ölkə tərəfindən yerinə yetirilməsində ləngidiyindən narahatdır. Təbii ki, biz də həmin narahatlığı bölüşürük və bu fikirdəyik ki, nəticə etibarı ilə ümumi işə ziyan verən belə hallar təxirə salınmadan aradan qaldırılmalıdır. Lakin daha mühüm olan problem bundan ibarətdir ki, məhkəmənin prioritet siyasəti hesab edilən "ən mühüm insan haqları pozuntularına ilk növbədə diqqət yetirməsi məsələsi" həqiqətən ön sırada dayansın. Əgər belə olarsa, onda Ermənistanın işğalçı siyasəti nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyonadək azərbaycanlının da pozulmuş hüquqlarının bərpası yolunda nəzərəçarpacaq nəticələr əldə olunacağına real ümid artacaqdır. Rəva görməyin ki, problemin həllini gözləyən milyonlarla insanın ümidləri boşa çıxaraq itsin!
Azərbaycanlı deputatın çıxışı Assambleyanın üzvləri tərəfindən maraqla qarşılanmışdır.
{nl}
Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.