Aqşin MEHDİYEV: "Münaqişə tərəflərinin beynəlxalq hüquq və insan haqlarına uyğun olaraq üzərlərinə götürdükləri öhdəliklərə əməl etməsini təmin etmək əsas prioritetdir"

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının toplantısında çıxış etmişdir

{nl}

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev Təhlükəsizlik Şurasının açıq toplantısında çıxışı zamanı ədalət mühakiməsi və qanunun aliliyi məsələsi barədə danışmışdır. 
APA-nın müxbirinin Nyu-Yorkdan verdiyi məlumata görə, "Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında qanunun aliliyinin möhkəmləndirilməsi" mövzusunda keçirilən müzakirələrdə A. Mehdiyev Azərbaycanın qanunun aliliyi və beynəlxalq hüquqa sadiqliyini bir daha qeyd etmişdir: "Bu cür məsələlərə daha çox diqqət ayrıldığından, qanunun aliliyinə kompleks yanaşmanı təmin etmək məqsədilə, beynəlxalq hüquq qaydasının əsas elementlərinə təsir edən, dövlətlərin milli birlik və ərazi bütövlüyünə zərbə vuran və insan haqları normalarına hörmətsizliyə gətirib çıxaran əsas təhdid və çağırışlarla məşğul olmaq üçün daha çox səy göstərmək tələb olunur".
A. Mehdiyev qeyd etmişdir ki, silahlı münaqişə tərəflərinin beynəlxalq humanitar hüquq və insan haqlarına uyğun olaraq üzərlərinə götürdükləri öhdəliklərə ciddi şəkildə əməl etməsini təmin etmək əsas prioritetdir. Qanunun aliliyini təşviq etmək səylərində əhalinin ən həssas hissəsinin, qadınların, uşaqların və məcburi köçkünlərin vəziyyəti nəzərə alınmalıdır: "Qayıtma hüququnun təmin olunması etnik təmizləmədən qəti şəkildə imtinanı və öz yurd-yuvalarından didərgin düşmüş insanlar üçün mühüm ədalətli tədbirləri nəzərdə tutur. Mülkiyyətlərinin qanunsuz ələ keçirilməsinə görə qayıdanlara təzminat mexanizmləri ümidverici nəticələr verdi".
Cəzasızlığa qarşı mübarizə məsələsinə toxunan A. Mehdiyev bildirib ki, ədalət davamlı sülhün əsas struktur elementidir, onun mexanizmləri möhkəmləndirilməlidir: "Sülh danışıqları və ya vasitəçilik cəhdləri əfv vəd etməməli, ən ağır cinayətlərə görə cəzasızlığın hər hansı formasını dəstəkləməməlidir. Cəzasızlığa son qoymaq və bu cür cinayətlərə görə məsuliyyət daşıyan şəxslərlə bağlı ətraflı araşdırma aparmaq üçün dövlətlər öhdəliklərini yerinə yetirməlidir".
Müzakirələrin sonunda Təhlükəsizlik Şurası beynəlxalq hüquqa sadiqliyini bəyan edərək, humanitar hüququn və insan haqları normalarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyanların cəzadan azad olunmasına qarşı olduğunu bir daha vurğulamışdır.
BMT-nin qanunun aliliyinin möhkəmləndirilməsinə yanaşması son 8 ildə daha aydın şəkildə ifadə olunmuşdur. Təşkilat münaqişə vəziyyətində və münaqişədən sonrakı dövrdə olan ölkələrə qanunun aliliyinin təmin olunmasına, ədliyyə müəssisələrinə inamın yaradılmasına, gender bərabərliyinin təşviq olunmasına yardım edir. Təşkilat qanunun aliliyinə olan təhdidlərə, o cümlədən mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, münaqişələrin əsas səbəbləri, iqtisadi və sosial ədalət məsələlərinə daha çox diqqət ayırır.
Təhlükəsizlik Şurası qeyd etmişdir ki, ədliyyə müəssisələrinin imkanlarını genişləndirmək, münaqişədən əziyyət çəkən ölkələrin inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən yararlana bilməsi üçün səyləri artırmaq lazımdır.
BMT Baş katibi Pan Gi Mun bəyan etmişdir ki, BMT sülh və təhlükəsizlikdən tutmuş ticarətə qədər hər sahədə qanuna hörmət erası açmalıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında