Mayın 25-də Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilmişdir. İclasda əvvəlcə cari məsələlərə baxılmış, parlamentin sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibətini bildirmişdir.
Sonra parlamentin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova gündəlikdəki birinci məsələ - "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi barədə məlumat vermişdir.
Komitə sədri bildirmişdir ki, yeni hazırlanmış bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi nəticələrin qarşısının alınması, zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təminatı, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri tənzimləyəcəkdir. Hazırda dünyanın 60-dan çox ölkəsində belə qanun vardır. Azərbaycanda da 2006-cı ildə ilk dəfə bu istiqamətdə Milli Məclisdə dinləmələr keçirilmişdir. Həmin vaxtdan indiyədək bəzi məsələlər müvafiq hüquqi sənədlərdə əksini tapmışdır və ictimaiyyətin maarifləndirilməsi üçün geniş iş aparılmışdır.
Rəbiyyət Aslanova diqqətə çatdırmışdır ki, ailə institutunun, onun prinsiplərinin bundan sonra da qorunması, mənfi halların aradan qaldırılması aktual məsələlərdən biridir və yeni qanunun qəbul edilməsi bu istiqamətdə atılan zəruri addımlardan hesab olunmalıdır.
Deputatların fikirləri, qeyd və təklifləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilmişdir.
Qanun layihəsinin müzakirəsində Avropa Şurasının ekspertləri də iştirak etmişlər.
Axşam iclasında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə olunmuşdur.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirmişdir ki, "Büdcə sistemi haqqında" Qanunun tələblərinə görə dövlət büdcəsinin icrası Milli Məclisdə təsdiq olunub qanun şəklində dövlətimizin başçısı tərəfindən imzalanır. 2009-cu il üzrə dövlət büdcəsinin icrası haqqında hesabat vaxtında, müəyyən edilmiş qaydada təqdim edilmişdir. Hesabat dərin məzmunu, konkret təhlili ilə fərqlənir, sənəddə ölkənin makroiqtisadi göstəricilərinin dinamikası dolğun verilmişdir.
Z.Səmədzadə dünyanı bürümüş iqtisadi və maliyyə böhranına baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda ötən il əldə olunmuş nailiyyətlərin hesabatda, material və cədvəllərdə tam əksini tapdığını diqqətə çatdırmışdır.
Sonra maliyyə naziri Samir Şərifov 2009-cu il dövlət büdcəsinin icrası ilə bağlı geniş məlumat vermişdir. Bildirmişdir ki, ölkədə son illərdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində sürətli və dayanıqlı iqtisadi inkişaf təmin olunmuş, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasında mühüm irəliləyişlər əldə edilmiş, ölkəmiz regiondakı beynəlxalq əhəmiyyətli layihələrin hazırlanması və həyata keçirilməsində aparıcı dövlətlər sırasına daxil olmuş, iqtisadiyyatın idarə olunmasında icmal və dövlət büdcələrinin rolu xeyli artmışdır.
2008-ci ildən dünyanın əsas maliyyə mərkəzlərində başlayan maliyyə-iqtisadi böhran, 2009-cu ildə dünya iqtisadiyyatını bürüyərək, bütün ölkələrə mənfi təsirini göstərmişdir. Böhran Azərbaycandan da yan keçməyərək iqtisadiyyatımızın bəzi sahələrində mənfi izini qoymuşdur. Ölkəmizdən xaricə ixrac olunan məhsulların dünya bazarlarında qiymətlərinin aşağı düşməsi müşahidə olunmuş, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin 2009-cu ildə neft hasilatının həcmi büdcədə proqnozlaşdırılan həcmdən 32,1 faiz və ya 12,9 milyon ton az olmuşdur.
2008-ci ilin dördüncü rübündən başlayaraq, əsasən də 2009-cu ilin birinci yarımilliyində xarici sərmayədarlar Azərbaycanın dövlət istiqrazları bazarından 250 milyon ABŞ dolları məbləğində və ya ümumi bazarın 60 faizi səviyyəsində, bank sistemindən isə 1,7 milyard dollar və ya ümumbank sisteminin valyutada aktivlərinin 20 faizdən artıq məbləğində vəsaitlərini xaricə çıxarmışlar. Əlverişsiz xarici mühit amillərinə baxmayaraq həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca qətiyyətli və çevik iqtisadi siyasət tədbirləri hesabına ölkəmiz böhranın mənfi fəsadlarını uğurla dəf etməyə nail olmuşdur.
Ötən il dövlət büdcəsi xərclərinin 34,1 faizi sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2008-ci il üzrə müvafiq göstəricidən 6,6 faiz çoxdur. Bütövlükdə 2009-cu il dövlət büdcəsi xərclərindən 3 milyard 584,2 milyon manat sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir. Bu, 2008-ci illə müqayisədə 21,2 faiz və ya 626,2 milyon manat çoxdur. Həmçinin bildirilmişdir ki, ötən il Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən tədbirlərin maliyyələşdirilməsinə 178,9 milyon manat vəsait istifadə olunmuşdur.
Sonda maliyyə naziri qeyd etmişdir ki, 2009-cu ildə qlobal maliyyə-iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı dayanıqlığını nümayiş etdirmiş, dövlət və icmal büdcələrinin icrası zamanı həyata keçirilmiş çevik və məqsədyönlü tədbirlər böhranın mənfi təsirlərinin azaldılmasına xidmət etmiş, qarşıya qoyulmuş vəzifələrin stabil maliyyələşdirilməsini təmin etmişdir.
Milli Məclisin Hesablama Palatasının (HP) sədri Heydər Əsədov sənədlə bağlı qurumda kollegiya iclasının keçirildiyini, irəli sürülən təkliflər nəzərə alınmaqla, HP-nin müsbət rəyini diqqətə çatdırmışdır.
Çıxış edən deputatlar və aidiyyəti nazirliklərin nümayəndələri qanun layihəsi ilə əlaqədar rəy və təkliflərini bildirmişlər.
Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilmişdir.
Bununla da Milli Məclisin iclası başa çatmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.