Azərbaycan ilə İraq arasında əlaqələrin hərtərəfli inkişafı üçün geniş imkanlar vardır

İraq Respublikası parlamentinin xarici əlaqələr komitəsinin sədri Hammam Hamudinin başçılığı ilə Bakıda səfərdə olan nümayəndə heyəti yanvarın 17-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür. 
O.Əsədov demişdir ki, Azərbaycan və İraq xalqları arasındakı dostluq əlaqələrinin çox qədim tarixi vardır. Münasibətlərimiz keçmiş SSRİ dövründə də inkişaf etmişdir. Sovetlər dövründə İraqın Bakıda konsulluğu fəaliyyət göstərirdi. Azərbaycan bu əlaqələrin dinamik inkişafında maraqlıdır və ümid edirik ki, bu cür səfərlər əməkdaşlığımızın genişlənməsinə təkan verəcəkdir.
Bildirilmişdir ki, Azərbaycan da terrordan əziyyət çəkən ölkə kimi İraqda baş verən terror aksiyalarını qətiyyətlə pisləyir. Azərbaycan hərbçiləri sülhməramlı qüvvələrin tərkibində İraqda sülhün qorunması əməliyyatlarında fəal iştirak etmişdir.
Azərbaycanın əldə etdiyi nailiyyətlər, uğurlu neft strategiyası barədə qonaqlara məlumat verən Milli Məclisin sədri demişdir ki, bu gün ölkəmiz regionda lider dövlətdir. Cənubi Qafqazda istehsal olunan ümumi daxili məhsulun 75 faizi Azərbaycanın payına düşür. Amma Dağlıq Qarabağ münaqişəsi bu inkişafa ciddi maneə yaradır. Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verən O.Əsədov Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə, eləcə də BMT Təhlükəsizlik Şurasına üzv seçkilərində Azərbaycana səs verdiyinə görə İraq hökumətinə və xalqına minnətdarlıq etmişdir.
Hammam Hamudi onları Azərbaycana dəvət etdiklərinə və göstərilən qonaqpərvərliyə görə Milli Məclisin sədrinə dərin minnətdarlığını bildirmişdir. O, Azərbaycanın sürətlə inkişaf etdiyini xüsusi qeyd etmiş, ölkəsinin neft istehsalı, qanunvericilik, elm, təhsil və digər sahələrdə Azərbaycanın təcrübəsindən bəhrələnmək istədiyini vurğulamışdır.
Qonaq BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi münasibətilə Azərbaycan xalqını təbrik etmiş, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının haqlı mövqeyini dəstəklədiklərini və bu siyasətin dəyişməyəcəyini bir daha bəyan etmişdir.
Sonra İraq-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Jalə Yunis və başqaları çıxış etmiş, dost Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduqlarını bildirmişlər.
Görüşdə siyasi, iqtisadi, mədəni sahələrdə, eləcə də parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafı üçün geniş imkanların olduğu xüsusi qeyd edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında