Azərbaycanın xarici siyasət sahəsində bir-birinin ardınca uğurlar qazanması Ermənistanın işğalçı dövlət olmasına heç bir şübhə yeri qoymayıb. Artıq demək olar ki, dünyanın bütün dövlətləri, nüfuzlu beynəlxalq qurumları Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistanı işğal etdiyi əraziləri qeyd-şərtsiz azad etməyə çağırır və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasına tərəfdar olduqlarını bəyan edirlər.
Məlum olduğu kimi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etsə də, bu vaxta qədər həmin qətnamələr icra olunmayıb. Bir neçə il əvvəl BMT Baş Assambleyasında Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi məsələsi yenidən gündəmə gətirilmiş, Ermənistanın işğalçı dövlət olması bir daha öz təsdiqini tapmışdır. İslam Konfransı Təşkilatında, sonra isə Avropa Şurası Parlament Assambleyasında Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini işğal etməsi barədə qətnamə qəbul olunmuşdur. Artıq daha bir nüfuzlu qurum - Avropa Parlamenti də Ermənistanı işğalçı dövlət adlandırıb. Bu barədə qəbul olunmuş qətnamə beynəlxalq aləmdə böyük rezonans doğurub. Qətnamədə mövcud status-kvonun aradan qaldırılması tələb olunur və qeyd edilir ki, bu vəziyyət zorakılıqla və beynəlxalq qaydalara zidd olaraq yaradılmışdır.
Avropa Parlamentinin Cənubi Qafqaza dair bu günlərdə qəbul etdiyi qətnamə böyük marağa səbəb olub. Ermənistan tərəfinə çox böyük zərbə olan bu qətnamə bir daha təsdiqlədi ki, Azərbaycanın dövlət başçısının yeritdiyi xarici siyasət çox uğurlu olmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən modernləşmə strategiyası sayəsində ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuş, beynəlxalq nüfuzu artmış, əlaqələri daha da möhkəmlənmişdir. Son illər Azərbaycanın regionda təsiri xeyli güclənmiş, ölkəmiz dünyada gedən proseslərin fəal iştirakçısına çevrilmişdir. Dövlət başçımızın məntiqli xarici siyasəti sayəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırılır və erməni təbliğatının, yalanlarının və cəfəngiyatlarının ifşa edilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Məhz bunun nəticəsidir ki, hazırda dünyanın mötəbər beynəlxalq təşkilatları Ermənistanın işğalçı dövlət olmasını rəsmən təsdiqləmiş və hazırda bu ölkənin işğalçılıq siyasəti müntəzəm olaraq pislənilir. Bunu son illər dünya dövlətləri və bütün beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə sənədlər qəbul etməsi, habelə bəyanatlar verməsi də təsdiqləyir. Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün irəli sürdüyü təkliflər beynəlxalq səviyyədə dəstəklənir. Xatırladaq ki, dövlət başçımız hər dəfə xarici ölkələrə rəsmi səfərləri, habelə ölkəmizə gələn dövlət rəhbərləri və diplomatik nümayəndələrlə görüşü zamanı birmənalı olaraq bildirir ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini dərhal azad etməli, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmalıdır. Dövlət başçımızın mövqeyinin dəstəklənməsi Azərbaycan həqiqətlərinin dünya birliyi tərəfindən qəbul olunmasından xəbər verir.
Son illər baş verən hadisələr bir daha təsdiqləyir ki, Ermənistan öz işğalçılıq missiyasından əl çəkmək istəmir. Bu da Ermənistanı regionda iri infrastruktur layihələrindən kənarda qoyub. Artıq Ermənistan diplomatları, ictimai-siyasi xadimləri də bu faktı rəsmən təsdiqləyirlər. Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın bu günlərdə "Armenia Today" agentliyinə verdiyi müsahibədən bəzi məqamlara diqqət yetirək. O, açıq şəkildə bəyan edib ki, "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində real addımlar atılmasa və Azərbaycan razılıq verməsə, Türkiyənin Ermənistanla sərhədləri açacağını düşünmürəm. Erməni diplomatının fikrincə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır.
Artıq Ermənistanın ictimai-siyasi xadimləri də belə hesab edirlər ki, hadisələrin gedişi onların ziyanınadır. Türkiyə ilə imzalanmış protokolların ratifikasiyasının Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən dayandırılmasının xarici siyasət sahəsində uğursuz bir addım olmasını indi ermənilər özləri də başa düşürlər. Türkiyə tərəfi prosesin ilk günündən bəyan edib ki, Ermənistanla diplomatik əlaqələrin bərpası və sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır. V. Oskanyan bildirib ki, Ermənistan prezidentinin protokolların ratifikasiyasının dayandırılması barədə qərar verməsi Türkiyəni xarici təzyiqlərdən xilas edib və indi bu ölkə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maneəsiz hərəkət edir.
Artıq Ermənistan çıxılmaz vəziyyətə düşüb. Bir tərəfdən Madrid prinsipinin yenilənmiş variantına hələlik münasibət bildirməməsi, digər tərəfdən isə dünyanın tanınmış qurumlarının bir-birinin ardınca Ermənistanı rəsmən işğalçı dövlət adlandırması bu ölkənin onsuz da ağır olan vəziyyətini daha da pisləşdirib. Dağlıq Qarabağın Ermənistanın ərazisi olması barədə cəfəngiyatların heç bir fayda verməməsi, bu yalanlardan artıq dünya ictimaiyyətinin də cana doyması Ermənistan prezidentinin qeyri-ciddi şəxs, bu öklənin isə işğalçı olması barədə həqiqətləri dönə-dönə təsdiqləyir.
İşğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejimin keçirdiyi qondarma "parlament seçkiləri"nin nəticələrinin tanınmayacağı barədə həm mötəbər beynəlxalq təşkilatların, həm də müxtəlif dövlətlərin yaydığı bəyanatlar da Ermənistanın xarici siyasətinin iflasından xəbər verir. ABŞ Dövlət Departamenti, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi və digər qurumlar rəsmi mövqelərində Dağlıq Qarabağda keçirilmiş qondarma "parlament seçkiləri"ni qeyri-konstitusion və hüquqa zidd hesab edirlər. Bu hadisənin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ziyan vura biləcəyi əks olunan rəsmi mövqelər Ermənistanın beynəlxalq aləmdən təcridini daha da sürətləndirib. Yeganə çıxış yolu münaqişənin nizamlanmasında həm ATƏT-in Minsk qrupu, həm də digər beynəlxalq qurumlar tərəfindən dəstəklənən varianta razılıq verilməsidir.
Onu da qeyd edək ki, Avropa Parlamentinin Cənubi Qafqaz strategiyasına dair qəbul etdiyi qətnamədə Ermənistandan tələb edilir ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından - Dağlıq Qarabağ bölgəsindən və onun ətrafındakı rayonlardan dərhal çıxarılsın. Qətnamədə münaqişənin beynəlxalq prinsiplər və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanmışdır. Açıq-aydın qeyd olunmuşdur ki, beynəlxalq birliyin vəzifəsi müasir sivil dünyada qəbul edilmiş davranış qaydalarını başa düşmək istəməyən erməni tərəfinə bunu bir daha izah etmək, onu inandırmaqdır ki, təcavüz, etnik təmizləmələr və işğal kimi metodlar keçmişdə qalmalıdır. Bölgədə təhlükəsizlik məsələsinin beynəlxalq səviyyədə gündəmə gəlməsi Dağlıq Qarabağ münaqişəsinin də həllini zəruri edir. Belə bir şəraitdə Ermənistan Minsk qrupu tərəfindən təklif edilmiş Madrid prinsiplərinin yenilənmiş variantına razılıq verməsə bu ölkəyə qarşı beynəlxalq aləmdə daha ciddi addımlar atıla bilər. Bu da təbii ki, Ermənistan üçün daha ağır zərbə olar.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqların nəticələrinə diqqət yetirdikdə hər dəfə Ermənistan tərəfinin prosesi uzatmaq üçün müxtəlif manevrlərə əl atması açıq-aydın özünü büruzə verir. Bu, təbii ki, uzun müddət davam edə bilməz. İşğalçı dövlətin başçısının belə yersiz hərəkətləri həm Azərbaycanın, həm də danışıqlarda vasitəçilik edən tərəflərin səbr kasasını daşdıra bilər. Ermənistana və bu ölkəyə himayədarlıq edənlərə çox yaxşı məlumdur ki, Azərbaycan regionun ən sürətlə inkişaf edən dövlətidir. Bu dövlət güclü iqtisadiyyata və qüdrətli orduya malikdir.
Göründüyü kimi, dünyanın əksər dövlətləri regionda baş verən prosesləri artıq dərk edir, Ermənistanın təcavüzkar siyasətinə açıq etirazlarını bildirirlər. Artıq dünya əvvəlki ədalətsizlikdən problemin başa düşülməsinə qədər - indiki dövrə qədər böyük bir məsafə qət edərək reallıqları anlamışdır. Yəni indi Ermənistanın təcavüzkar siyasəti beynəlxalq səviyyədə pislənilir. 1992-ci ildə isə vəziyyət necə idi? Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyi bir dövrdə ABŞ "Azadlığa Dəstək Aktı" çərçivəsində 907-ci maddəyə əlavə edərək ölkəmizə yardımı dayandırmışdı. Uğurlu diplomatik gedişlər sayəsində artıq bu ədalətsizliklərə aydınlıq gətirilmişdir. Beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin nizamlanmasında ölkəmizin mövqeyini dəstəkləyir.
Bütün bunlardan sonra Ermənistan beynəlxalq aləmdə təkləndiyini dərk edir. İşğalçı dövlətin rəsmiləri artıq anlamağa başlayıblar ki, münaqişənin nizamlanmasında beynəlxalq səviyyədə qəbul olunan təkliflərdən boyun qaçırmaqda davam edərlərsə, bu, onlar üçün daha ağır nəticələrə səbəb ola bilər. Nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə Avropa Parlamentinin qətnaməsindən sonra Ermənistanda ciddi narahatlıq yaranıb. Siyasi ekspertlərin fikrincə, bu qətnamə beynəlxalq birliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmasının möhkəmlənməsi işinə sanballı töhfə olacaq, problemin nizamlanma prosesi ətrafında ümumi ab-havaya müsbət təsir göstərəcək. Bununla yanaşı, Azərbaycanın region ölkələri ilə əlaqələrinin daha da genişlənməsi, Avropa İttifaqı üçün əhəmiyyətli dövlətə çevrilməsi və Avropanın enerji təhlükəsizliyinə layiqli töhfələr verməsi Ermənistanı ciddi düşünməyə vadar edəcək.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.