Azərbaycan dünya birliyinin diqqət mərkəzindədir. Dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizin dünya birliyinə inteqrasiyasını daha da sürətləndirib. Azərbaycanın ümumbəşəri məsələlərin həllində əsas söz sahiblərindən birinə çevrilməsi düşünülmüş şəkildə həyata keçirilən xarici siyasətimizin parlaq qələbəsidir. Biz bu qələbənin sevincini ötən ilin sonunda - ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən zaman növbəti dəfə yaşadıq.
2012-ci ilin elə ilk günləri xalqımız üçün əlamətdar oldu. Azərbaycan BMT kimi mötəbər bir beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının məsləhətləşmələrində iştirak etdi. Bunun ardınca isə yayılan daha bir xəbər dünya azərbaycanlılarını nə qədər sevindirmişsə, mənfur düşmənlərimizi bir o qədər məyus etmişdir. Həmin məlumatda bildirilir ki, Azərbaycan bu ilin may ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Bu, dövlətimizin son illərdə xarici siyasət sahəsindəki növbəti yadda qalan tarixi bir uğurudur.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dünyanın tanınmış politoloqları tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, tanınmış amerikalı politoloq, Nyu-Yorkdan olan hüquqşünas Mark Meyrovits bu tarixi hadisəni belə dəyərləndirmişdir: "Azərbaycan dünya birliyinin diqqət mərkəzindədir və odur ki, BMT Təhlükəsizlik Şurasının gələcək üzvü kimi yüksək statusu nəzərə alaraq, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda müdrik və məsuliyyətli siyasət yeritməlidir. Amerika təcrübəsi göstərir ki, söz və fikir azadlığının təminatı ölkənin imicini möhkəmləndirir, insan hüquqları məsələsini həll edir. Nəticədə Azərbaycanın dünya birliyindəki imici yaxşılaşdırılacaq və Qərbə yaxın olacaq".
İsveçli politoloq Jan Eliasso isə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyündən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar danışıqlarda müəyyən əsaslı imkanlar qazanacağını vurğulayıb. Onun qənaətinə görə Azərbaycan qazandığı bu yüksək tribuna vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsinə daha çox çəkmək üçün əlverişli şəraitdən yararlana biləcək. Politoloqun fikrincə, ötən illərlə müqayisədə Dağlıq Qarabağ problemi bundan sonra diqqətdə olacaq. J.Eliasso bildirib ki, hətta Azərbaycan BMT Təhlükəsizlik Şurasında bu məsələni müzakirəyə də çıxara bilər. Onu da qeyd edək ki, isveçli politoloqun BMT-də səfir kimi çalışması onun bu sahəni dərindən bilməsinə, hadisələrin necə cərəyan edəcəyini müəyyənləşməsinə, düzgün qiymət verməsinə əsas yaradır. Odur ki, J.Eliasso Azərbaycanın belə bir nüfuzlu qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olmasını böyük tarixi hadisə hesab edir. Onun sözlərinə görə, elə ölkələr var ki, uzun illər boyunca belə bir yüksək tribuna qazanmaq üçün kampaniya aparır, lakin buna nail ola bilmirlər. Azərbaycan isə qısa müstəqillik tarixində böyük diplomatik uğur qazandı və dünyada təsir imkanlarını artırdı. İsveçli politoloqun qənaətinə görə, artıq Ermənistan Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu qarşısında çəkinməyə başlayıb.
Hər bir dövlətin xarici siyasətinin müvəffəqiyyəti və beynəlxalq nüfuzu ölkənin qazanılmış imicindən, onu təmsil edən rəhbərin beynəlxalq aləmdə təsdiq olunmuş nüfuzundan daha çox asılıdır. Belə ölkənin xalqının mədəni və intellektual səviyyəsini də əlavə etsək, bu baxımdan Azərbaycan özünün ideoloji-mədəni resurslarına görə dünya birliyində nüfuzlu yerlərdən birini tutur.
Müstəqil Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin formalaşması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik şəxsiyyət xarici siyasət fəaliyyətinin əsas məqamlarını, inkişaf tendensiyalarını, beynəlxalq münasibətlər sistemində Azərbaycanın özünəməxsus yer tutmasını böyük ustalıqla müəyyənləşdirmişdir. Ulu öndərin həyata keçirdiyi xarici siyasətin əsas qayəsini dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaq təşkil edir. Azərbaycanın tədricən beynəlxalq aləmdə inkişaf etmiş demokratik dövlətlər sırasına qoşulması düzgün müəyyənləşdirilmiş strategiyanın nəticəsidir.
Əsası ulu öndər tərəfindən qoyulmuş bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqları nəzərə alınmaqla müvəffəqiyyətlə davam etdirilmişdir. Azərbaycanın həyata keçirdiyi sülhsevər xarici siyasəti dünya dövlətləri tərəfindən dəstəklənmişdir. Son illər ölkəmizə olan inam, etimad daha da artıb. Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində də bu məsələni vurğulayaraq demişdir: "...Azərbaycana çox böyük inam, etimad vardır. Bizim siyasətimiz dəstəklənir. Çünki bizim siyasətimiz ədalətə söykənir. Bizim siyasətimiz müstəqil siyasətdir. Mən son səkkiz il ərzində dəfələrlə bu barədə demişəm ki, Azərbaycan müstəqil siyasət aparır.
Azərbaycanın öz yolu vardır. Bu, inkişaf, tərəqqi, demokratiya yoludur. Bu yol Azərbaycan xalqının iradəsi ilə seçilibdir. Bizim bütün addımlarımız Azərbaycan xalqının iradəsinə əsaslanır".
Bütün bunlar son 8 ildə həyata keçirilən effektiv xarici siyasətin nəticəsidir. Dövlət başçımız son illərdə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmişdir. Qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya verilməsi ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirmişdir. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçkilərində dünyanın 155 ölkəsinin öz səsini Azərbaycana verməsi məhz uğurlu diplomatik fəaliyyətin nəticəsidir. Möhtərəm Prezidentimiz də bildirmişdir ki, dünya ictimaiyyəti deyəndə ilk növbədə Birləşmiş Millətlər Təşkilatı yada düşür. Dünya ictimaiyyətinin rəyi hər hansı bir kiçik təşkilatın, regional təşkilatın, yaxud da ki, hər hansı bir qeyri-hökumət təşkilatının rəyi deyildir. Dünya ictimaiyyətinin rəyi BMT-nin rəyidir, 155 ölkənin rəyidir.
Azərbaycanın dövlət müstəqilliyini əldə etdiyi 20 illik tarixinə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, Sovetlər Birliyi dağıldıqdan sonra müttəfiq respublikalar arasında ölkəmizin qazandığı uğurlar digər possovet ölkələrinin heç birində qeydə alınmayıb. Keçmiş sovet respublikalarından yalnız Ukrayna 2000-2001-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuşdur. Bu tarixi qələbəni isə ikinci olaraq Azərbaycan qazandı. Ümumiyyətlə, ölkəmizin qazandığı uğurlar təkcə xarici siyasətdə yox, bütün sahələr üzrə diqqət mərkəzində olmuşdur. Bir sıra faktlara diqqəti cəlb etməklə dediklərimizi əsaslandırmaq istərdim. Artıq Azərbaycan özünü tam təmin edən ölkəyə çevrilmişdir. Son 8 ildə ölkəmizin iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsi 20 dəfəyə yaxın artmışdır. Müqayisə üçün deyək ki, 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 1,2 milyard dollar idisə, 2011-ci ildə 21 milyard dollar olmuşdur. Hazırda ölkəmiz 41,5 milyard dollar həcmində valyuta ehtiyatına malikdir. 2003-cü ilə qədər Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyulduğu halda, son 8 ildə bu göstərici 100 milyard dolları keçmişdir. Bu gün Azərbaycanın 7 ixrac kəməri mövcuddur. Ölkəmizdə 28 milyard kubmetr qaz, 50 milyon tona yaxın neft hasil edilir. Hər bir sahəni nəzərdə tutan 50-yə yaxın ayrı-ayrılıqda dövlət proqramı, çoxsaylı layihələr həyata keçirilmişdir.
Azərbaycanda enerji təhlükəsizliyi tam təmin edilmiş, ölkəmiz regionun və Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində zəruri dövlətlərdən birinə çevrilmişdir. Ölkənin iqtisadi qüdrəti artdıqca hərbi potensialı da gücləndirilmişdir. Son 8 ildə hərbi sahəyə ayrılan vəsaitin həcmi 25 dəfəyə yaxın artmışdır. Məsələn, 2003-cü ildə bu sahəyə 135 milyon dollar vəsait ayrılmışdısa, 2011-ci ildə bu rəqəm 3,3 milyard dollar olmuşdur. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan vəsait Ermənistanın dövlət büdcəsindən 1,5 dəfə çoxdur. Azərbaycan Ordusu müasir silah-sursat və hərbi texnika ilə təchiz edilmiş, Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Bu gün Azərbaycan 420 adda hərbi təyinatlı məhsul istehsal edir. Belə faktlar onlarladır. Azərbaycanın müstəqillik tarixində istər xarici siyasət, istərsə də digər sahələrdə qazanılan uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Dünyanın aparıcı reytinq təşkilatlarının hesabatlarında da Azərbaycanın nailiyyətləri xüsusi qeyd edilir. Dünya İqtisadi Forumunun ölkələrin rəqabət qabiliyyətliyi ilə bağlı hesablamalarında Azərbaycan 55-ci yerdədir. MDB məkanında isə Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə lider dövlətdir.
Ekspertlərin qənaətinə görə, hər bir ölkənin bütün sahələr üzrə qazandığı uğurlar və beynəlxalq aləmdə nüfuzunun getdikcə yüksəlməsində onun rəhbərinin rolu çox böyükdür. Son illər ölkəmizin dünya birliyində mövqelərinin möhkəmləndirilməsi və əlaqələrinin genişləndirilməsi təbii ki, dövlət başçısının həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsidir. ABŞ senatoru Riçard Luqar da bunu yüksək dəyərləndirərək deyib: "...Azərbaycan iqtisadiyyatı heyranedici sürətlə inkişaf edir. Bu, məndə gözəl təəssürat yaratdı. Azərbaycan xalqının rifahına yönəldilmiş bu cür inkişafa, hətta bir çox ölkələr nail ola bilməyiblər. Ölkədə gözlənildiyindən daha artıq işlər görülüb".
Azərbaycanın dünya birliyində reytinqinin yüksəldilməsindən, mötəbər bir qurumun Təhlükəsizlik Şurasına sədrlik edəcəyindən hər birimiz qürur hissi keçiririk. Bu sevinci bizə yaşadan dövlət başçımızın ətrafında daha sıx birləşərək sabaha böyük ümid və inamla baxırıq. Ölkə əhalisi bu il də rifah səviyyəsinin yüksələcəyinə, Azərbaycanın 2012-ci ildə inkişafına böyük nikbinliklə baxır, beynəlxalq aləmdə daha böyük uğurlara imza atacağına inanır.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.