Azərbaycan BMT Təhlükəsizlik Şurasında fəaliyyətə başladı

Əminəm ki, nüfuz, imic xarakterindən əlavə, bizim Təhlükəsizlik Şurasında üzvlüyümüzün praktiki səmərəsi olacaqdır. Özü də təkcə ölkəmizin maraqlarını təmin etmək üçün yox, o cümlədən bizim üçün ən mühüm və çətin məsələ olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində maraqlarımızı təmin edəcəkdir. Biz bu mövzunu daim Təhlükəsizlik Şurasının diqqət mərkəzində saxlayacağıq.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}

Dünyanın aparıcı kütləvi informasiya vasitələrinin bu il yanvarın 4-də Nyu-Yorkdan planetin bütün guşələrinə yaydığı məlumatlardan biri 50 milyonluq Azərbaycan xalqının böyük məmnunluğuna səbəb oldu. Bu xəbər kiməsə ənənəvi siyasi xronikanın adi bir elementi kimi görünə bilərdi. Ancaq illər boyu öz müstəqil dövlətini yaratmaq və beynəlxalq aləmdə təmsil olunmaq arzusuyla yaşayan bir xalqın rəsmi nümayəndələrinin BMT kimi nüfuzlu beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının məsləhətləşmələrində iştirak etməsi o qədər də kiçik məsələ deyildir.
Cəmi 20 il müstəqillik tarixi olan dövlətin bu mühüm uğuru qazanmasının təməlində ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi, dahiyanə uzaqgörənliyi dayanır. Bütün azərbaycanlıların liderinin mükəmməl bir şəkildə işləyib hazırladığı siyasi kursun son səkkiz ildə Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla və prinsipiallıqla davam etdirilməsi bir çox belə nailiyyətə imza atmağımızı günün reallığına çevirdi. 2004-cü ildən üzü bəri elə bir il olmur ki, biz təqvim ilinə yekun vurarkən xarici siyasət sahəsində qazandığımız nailiyyətlərin geniş bir siyahısını yada salmayaq. Ancaq 2011-ci il bu baxımdan daha çox yaddaqalan oldu. Aşağıda ötən il xarici siyasətdə əldə etdiyimiz nailiyyətlərin bəzilərini yada salacağıq. Öncə isə oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilər zamanı qazandığımız qələbədən başlayaq.
Türkiyəli həmkarımız, beynəlxalq təşkilatlar barədə əhatəli yazılar müəllifi olan Kazım Özdəmir yazır ki, Azərbaycanın ötən ilin oktyabrında BMT-də qazandığı uğuru indiyədək onlarla ölkə əldə etmişdi. Ancaq öz rəqibinə bu qədər böyük üstünlüklə qalib gələn bir ölkə yada düşmür. Bu, sadəcə azəri qardaşlarımıza beynəlxalq aləmdə olan inam və etimadın miqyasından xəbər verirdi. Həmkarımız tamamilə haqlıdır. Çünki bu səsvermə zamanı qalibi bir və ya iki səs çoxluğu da müəyyən edə bilərdi. Ancaq BMT üzvü olan ölkələrin dörddə üçündən də çoxu - 155 ölkə Azərbaycana etimad göstərməklə bizim cəmi 20 ildə keçdiyimiz inkişaf yolunu yüksək qiymətləndirmiş oldu.
Budur, artıq yanvarın 4-də keçirilən plenar iclasda məlum olub ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasının üzvü kimi ilin ilk ayında on bir qapalı məsləhətləşmədə, üç formal debatda və beş brifinqdə iştirak edəcək. Bu müzakirələr Yaxın Şərq, xüsusən, Suriya və Liviyada cərəyan edən hadisələr, ədalətin və qanunun aliliyi, eləcə də BMT ilə Afrika Birliyi arasında əməkdaşlıq məsələlərinə həsr olunacaq. Əlbəttə, bizim üçün planetin istənilən guşəsindəki problemin həllindən ötrü aparılan müzakirələr böyük önəm kəsb edir. O cümlədən Suriya, Liviya və başqa ölkələrdəki çətin düyünlərin açılması da hər bir azərbaycanlı üçün arzuolunan məsələdir. Ancaq bizim üçün daha böyük önəm kəsb edən məsələ plenar iclasın gündəliyində özünə yer tapan ədalətin və qanunun aliliyi məsələsidir. Çünki artıq 22 ildir ki, Azərbaycan Respublikası və xalqımız bilavasitə beynəlxalq ictimaiyyətin gözü qarşısında böyük bir ədalətsizliklə üz-üzə qalmışdır. 20 ildən artıqdır ki, erməni lobbisinin fitnəkarlığına və xarici havadarlarının dəstəyinə güvənən Ermənistan beynəlxalq hüququn bütün normalarını ayaq altına atır. Məhz ona görə də BMT Təhlükəsizlik Şurasının 2012-ci ildə keçirilən ilk plenar iclasında ədalətin və qanunun aliliyinin qorunması məsələsinin gündəliyə gətirilməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir.
Bu zaman bir məsələni də xüsusilə qeyd etmək lazımdır. Yanvar ayında Təhlükəsizlik Şurasına sədrlik edən Cənubi Afrika Respublikasının səfiri Baso Sanqu iclasdan sonra jurnalistlərə bildirib ki, münaqişələrin həlli kimi ümumi problemlər üzrə BMT ilə regional təşkilatlar arasında daha sıx strateji əməkdaşlıq yaradılmışdır. Fikrimizcə, bu, çox müsbət haldır. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini daim gündəlikdə saxlayan ATƏT, Avropa Şurası, AŞPA, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, GUAM və digər regional təşkilatlar bu münaqişənin ədalətli şəkildə həll edilməsi üçün konkret mövqeyə və aydın təkliflərə malikdirlər. Deməli, BMT ilə regional qurumların arasında bilavasitə münaqişələrin həlli üzrə sıx strateji əməkdaşlıq yaranıbsa və üstəlik, Azərbaycanın özü də BMT Təhlükəsizlik Şurasında təmsil olunursa, deməli, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha uğurlu addımlar atılacağı gün uzaqda deyil. Bundan başqa, BMT rəsmiləri belə bir məsələni gündəliyə gətirirlər ki, 2012-ci il dünyada sülh və təhlükəsizlik ili olmalıdır.
Təbii ki, BMT kimi nüfuzlu beynəlxalq təşkilatın və regional təşkilatların Azərbaycanın ən ağrılı probleminin həllini diqqət mərkəzində saxlaması da səbəbsiz deyil. Azərbaycanın geosiyasi və strateji əhəmiyyəti də bunu tələb edir. Ancaq ekspertlərin fikrincə ölkəmizin beynəlxalq aləmdə böyük nüfuza sahib olmasının əsas səbəblərindən biri də dövlətimizin yeridliyi uğurlu daxili və xarici siyasətin nəticələridir. Xüsusən, son səkkiz ildə, daha çox isə 2011-ci ildə Prezident İlham Əliyevin yeritdiyi xarici siyasət, dövlət başçımızın xarici səfərləri, beynəlxalq aləmə inteqrasiyanın sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkəmizə olan inam və etimadı gündən-günə artırır.
2011-ci ilin yanvarında Azərbaycan Avropa İttifaqı ilə energetika sahəsində çox mühüm əhəmiyyət kəsb edən sənəd imzalamışdı. Sonradan ilboyu müxtəlif beynəlxalq təşkilatların tribunasından və dövlət başçımızın çoxsaylı görüşlərində tez-tez yada salınan həmin sənəd ölkəmizin aləmdəki əhəmiyyətini kifayət qədər artırmışdır. Ekspertlərin fikrincə, Azərbaycan beynəlxalq təşkilatların hamısı ilə elə bir sıx əməkdaşlıq nümunəsi formalaşdırır ki, məhz həmin nümunə rəsmi Bakını regionun ən önəmli və əhəmiyyətli oyunçusuna çevirir. BMT ilə siyasi, Avropa İttifaqı ilə iqtisadi, NATO ilə hərbi-strateji, Avropa Şurası ilə hüquqi-demokratik, İslam Əməkdaşlıq Təşkilatı ilə mənəvi-humanitar sahədə yaratdığımız əməkdaşlıq nümunələri bəzi dairələrdə qısqanclıqla qarşılanırsa, dünyanın əksər nöqtələrində böyük məmnunluq və dəstəklə qəbul edilir.
Yeri gəlmişkən, 2011-ci ildə Azərbaycan Respublikası YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilmişdir. Bu, maddi-mədəni sərvətlərinin böyük bir hissəsi düşmən işğalında qalan ölkə üçün çox böyük uğurdur.
Azərbaycanın xarici siyasətinin mühüm hissələrindən biri də regional əməkdaşlığa, xüsusən, yaxın qonşularla dostluq və tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə istiqamətləndirilib. Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Gürcüstan, Qazaxıstan və Türkmənistanla dostluq və tərəfdaşlıq münasibəilərimiz əvvəlki illərdə də kifayət qədər inkişaf etmişdi. Ancaq 2011-ci ildə bu sahədə daha böyük uğurlar əldə edildi. Rusiyanın kütləvi informasiya vasitələri yazırlar ki, Azərbaycanın qonşuları ilə dostluq münasibətlərinin durmadan artmasının əsas səbəblərindən biri də Prezident İlham Əliyevin qonşu dövlətlərin rəhbərləri ilə olan dostluq münasibətlərində nümayiş etdirdiyi səmimiyyət və sədaqət hissləridir. Onların fikrincə, İlham Əliyev siyasətçilər arasında ən sədaqətli dost və etimad göstərilən dövlət başçısı kimi tanınır.
Yeri gəlmişkən, 2011-ci ildə Azərbaycan özünün şimal qonşusu olan Rusiya Federasiyası ilə dövlət sərhədi haqqında müqavilənin ratifikasiya sənədlərinin mübadiləsini reallaşdırmışdır. Bu, o qədər də adi fakt deyil. Çünki 2009-cu ildə mütəxəssislər qeyd edirdilər ki, bu proses 2015-ci ilə qədər həll oluna bilər. Ancaq göründüyü kimi həmin proqnozdan cəmi iki il sonra qeyd olunan sənədlər ratifikasiya olunmuşdur. Xatırladaq ki, Azərbaycan bu qəbildən olan uğurlara imza atan yeganə Qafqaz dövlətidir.
Ölkəmizin regional əməkdaşlığının daha bariz nümunələri Türkiyə və Gürcüstanla əldə edilən razılıqlar, anlaşmalardır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrindən sonra Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında qaz alqı-satqısı və tranziti məsələlərinə dair sənədlər paketi, ondan sonra isə Azərbaycanla Türkiyə arasında TransAnadolu qaz kəmərinin tikintisi layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması rəsmi Bakının regional əməkdaşlığa verdiyi önəmin təzahürüdür. Xarici işlər naziri Elmar Məmmədyarovun dediyi kimi, bu sənədlər regional əməkdaşlığın sürətləndirilməsi və gücləndirilməsi üçün vacib addımlar olacaqdır.
Bir sözlə, 1993-cü ilin yayından etibarən çoxsaylı problemlərinin həlli yolunda uğurlu addımlar atan, 2003-cü ilin oktyabrından sonra isə yeni əsrin çağırışları əsasında sürətli inkişaf tendensiyası formalaşdıran gənc müstəqil Azərbaycan dövləti 2011-ci ildə cəmiyyət həyatının bütün sahələrində olduğu kimi xarici siyasətdə mükəmməl uğurlara imza atmışdır. Bu uğurların 2012-ci ildə daha geniş miqyas alacağı şəksizdir. Çünki Prezident İlham Əliyevin yeritdiyi siyasət yeni-yeni zirvələrin fəth edilməsinə istiqamətlənib.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında