Şriftin ölçüsü:
30.12.2011 02:03 | Oxunma sayı: 433
Birləşmiş Ştatlar Azərbaycanın sürətli inkişafından və ölkənin qazandığı nümunəvi sosial-iqtisadi uğurlarından məmnuniyyət duyur. 2004-cü ildən bugünədək Azərbaycan iqtisadiyyatının ümumi həcminin 3 dəfə artması, yoxsulluğun 49, 9 faizdən 9 faizədək azalması müstəsna nailiyyətdir. Bu, son illər Azərbaycanda müsbət mənada köklü dəyişikliklərin, irəliləyişlərin olması ilə bağlıdır. ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə bu sözləri dekabrın 29-da Bakıdakı Amerika Mərkəzində keçirdiyi mətbuat konfransında səsləndirdi.
Amerika-Azərbaycan əlaqələrinin 2011-ci ildəki vəziyyəti barədə danışan cənab Brayzə bəyan etdi ki, ötən 11 ay ərzində iki ölkə münasibətlərində nəzərəçarpacaq inkişaf qeydə alınmışdır. Amerikanın səfiri bu müddət ərzində görülən işlərdə Azərbaycan tərəfinin göstərdiyi dəstəyi yüksək qiymətləndirərək dedi: "Birləşmiş Ştatlar ilə Azərbaycan münasibətlərində təhlükəsizlik, enerji sahəsindəki sıx əməkdaşlıq, daxili siyasi-iqtisadi islahatlar və bazar iqtisadiyyatına keçiddə Amerika tərəfinin dəstəyi strateji maraq kəsb edən əsas sahələrdəndir. Təhlükəsizlik sahəsində hərbi sferaya dair bir neçə proqram həyata keçirilib. Xəzərdə təhlükəsizlik infrastrukturunun yaradılması prosesi intensivləşdirilib. ABŞ Azərbaycan ilə əməkdaşlıq çərçivəsində Sahil Mühafizəsinin yaradılması və möhkəmləndirilməsinə dəstək verib, Əfqanıstana yüklərin çatdırılmasında əməkdaşlıq gücləndirilib. Məhz bunun nəticəsidir ki, hər il 5 minə yaxın təyyarə Azərbaycanın hava dəhlizindən istifadə edərək Əfqanıstana yük daşıyır. Bu mənada Azərbaycan Əfqanıstana yüklərin çatdırılmasında son dərəcə mühüm rol oynayır, eyni zamanda bu, Azərbaycana iqtisadi mənfəət baxımından fayda verir".
Mətyu Brayzə Dağlıq Qarabağ münaqişəsinin regional təhlükəsizliyi təhdid etdiyini bildirərək dedi ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçirdikləri üçtərəfli görüş mühüm əhəmiyyət daşıyır. Səfir bildirdi ki, dövlət başçılarının növbəti görüşünün nizamlama prosesinə müsbət təsir edəcəyinə ümid edir. Brayzə münaqişənin həllinin zəruriliyini və status-kvonun qəbuledilməz olduğunu xüsusi vurğulayaraq qeyd etdi ki, istənilən halda gələcəkdə müharibənin baş verməsi arzuolunan hal deyil. O, Amerikanın Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü həmişə tam dəstəklədiyini və bundan belə də dəstəkləyəcəyini vurğuladı.
ABŞ ilə Azərbaycanın enerji sahəsində uğurla əməkdaşlıq etdiyini bildirən Brayzə dedi ki, Vaşinqton bu məsələdə regional əməkdaşlığın inkişafını dəstəkləyir. Bu mənada Amerika 2011-ci il oktyabrın 25-də Türkiyə ilə Azərbaycan arasında təbii qazın nəqli ilə bağlı imzalanan anlaşmanı əhəmiyyətli hesab edir, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolunu yüksək qiymətləndirir. ABŞ-ın ölkəmizdəki səfiri Azərbaycan iqtisadiyyatının neft amilindən asılı olmadığını sevindirici hal kimi qiymətləndirərək bildirdi ki, bu il neft sektorunda 1,2 qeyri-neft sektorunda 9 faizədək inkişafın qeydə alınması da ölkənin doğru istiqamətdə inkişaf etdiyinin yüksək göstəricisidir.
Daxili siyasi-iqtisadi islahatlar və bazar iqtisadiyyatına keçiddə də Azərbaycanın uğurlara imza atdığını bildirən Mətyu Brayzə demokratiya istiqamətində irəliləyişlərin olduğunu sözlərinə əlavə edərək dedi ki, mən Azərbaycanda cəmiyyətin liberallaşdırılması səylərini, təhsilin inkişafına yönəlmiş addımları, iqtisadiyyatın daha da gücləndirilməsi üçün yeni imkanlar yaradılması cəhdlərini hiss edirəm və bunu təqdirəlayiq hal kimi qiymətləndirirəm. Yaxın Şərq və Şimali Afrika ölkələrindəki "Ərəb baharı"na toxunan Amerika səfiri əminliklə bildirdi ki, Azərbaycanda bu cür halların baş verməsi üçün heç bir əsas yoxdur: "Azərbaycanda bu tipli hadisələrin baş verəcəyini düşünmürəm. Çünki burada yaşayış səviyyəsi Misir, yaxud Tunisdəki kimi deyil, daha yüksəkdir". Brayzə onu da əlavə etdi ki, Birləşmiş Ştatlar dağıdıcı inqilabları deyil, demokratiyanın inkişafını və qanunun aliliyinin əsas götürülməsini dəstəkləyir.
Səfir Azərbaycan ilə ABŞ əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə inandığını, indiyədək iki ölkə arasında bağlanan müqavilələrin, qurulan sıx əməkdaşlığın, işbirliyinin buna əsas verdiyini bildirdi. O, səfir kimi səlahiyyət müddətinin başa çatmaq üzrə olduğunu dedi və əlavə etdi ki, əgər namizədliyi ilə bağlı səsvermə keçirilməsə, ABŞ Senatının yeni sessiyası başlayana kimi Vaşinqtona qayıdacaq. Sessiya isə yanvarın 3-də baş tutacaq.
Bu arada, dekabrın 29-da Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə ilə görüşmüşdür. Görüşdə "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş"ə dəyişikliklər edilməsi barədə protokol imzalanmışdır. X. Xələfov ABŞ diplomatına gələcək fəaliyyətində uğurlar arzulamışdır.{nl}
Rauf ƏLİYEV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.