Avropa İttifaqı Cənubi Qafqaz ölkələri ilə əlaqələri genişləndirməyə çalışır

Avropa İttifaqı keçmiş SSRİ dağıldıqdan sonra öz müstəqilliyini əldə etmiş Cənubi Qafqaz dövlətləri ilə əlaqələrinin gücləndirilməsinə xüsusi əhəmiyyət verir. Analitiklər bu istiqamətdə yaxın gələcəkdə daha mühüm və nəzərəçarpan addımların atılacağını proqnozlaşdırırlar.
Avropa İttifaqının rəhbər orqanları tərəfindən bir sıra layihələrin icrasına başlanılıb. Belə ki, Avropa İttifaqının genişləndirmə məsələləri və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle bildirib ki, Cənubi Qafqaz ölkələri ilə "Şərq əməkdaşlığı" çərçivəsində yeni müqavilə imzalanması ilə bağlı danışıqlar davam etdirilir. Bunun üçün müvafiq direktivlər rəsmi təsdiq üçün bu günlərdə Beynəlxalq İşlər üzrə Şuraya göndəriləcək. Cənubi Qafqaz ölkələri də Avropa İttifaqı ilə əlaqələrin möhkəmləndirilməsində maraqlı olduqlarını ifadə ediblər. Bu barədə Qərb mənbələrinə istinadən Rusiya elektron KİV-ləri məlumat yayıb.
Komissar Ş. Fülenin sözlərinə görə, bu müqavilə Cənubi Qafqazın hər bir ölkəsi ilə Avropa İttifaqı arasında siyasi əlaqələrin Avropanın ümumi dəyərləri və prinsipləri əsasında möhkəmləndirilməsinə imkan verəcək". O həmçinin qeyd edib ki, birgə əməkdaşlığı nəzərdə tutan müqavilə üzrə əlaqələrin sıxlaşdırılması məsələsində Cənubi Qafqaz ölkələri qarşısında açılacaq mühüm imkanlardan biri də Avropa İttifaqının azad ticarət zonaları yaratmaq barədə təklifidir. Təşkilat artıq tərəflərə bu barədəki təkliflərini təqdim edib.
Ştefan Fülenin fikrincə, Cənubi Qafqazda uzun illər davam edən münaqişələrin ədalətli həlli üçün bölgədə sabit, təhlükəsiz şəraitin yaradılması, qarşılıqlı əlaqələrin gücləndirilməsi zəruridir. Komissar deyib ki, Avropa İttifaqı bu bölgədəki tərəfdaşlarının öz məqsədlərinə çatmaları üçün istənilən səviyyədə texniki və maliyyə yardımı göstərməyə hazırdır.
Avropa İttifaqı komissarı hesab edir ki, Cənubi Qafqaz ölkələrindən Azərbaycan ilə Avropa İttifaqı arasında energetika sektorunda əməkdaşlığın genişləndirilməsi məsələsi üzrə konkret dialoqa başlamaq üçün Azərbaycan dəstək nümayiş etdirir. "Biz Azərbaycanda olarkən ölkənin modernləşdirilməsi yolları, iqtisadiyyatın diversifikasiyası və bölgələrin inkişafına dəstək barədə geniş fikir mübadiləsi apardıq. Mən bu kontekstdə gələcək birgə demokratik səylərə çağırıram ", - deyə Ştefan Füle qeyd edib.
Bəzi analitiklər Avropa İttifaqının Cənubi Qafqaz dövlətləri ilə siyasi əlaqələrin genişləndirilməsində maraq göstərməsini Qərb dövlətlərinin Qafqaz bölgəsində daha çox iqtisadi maraqlarının təmin olunması arzusu ilə əlaqələndirməyə cəhd edirlər. Bu mənada son illər sürətlə və davamlı surətdə yüksəlməkdə olan Azərbaycan iqtisadiyyatı onları daha çox cəlb edir. Qafqaz dövlətləri hər halda qarşılıqlı faydalı əməkdaşlıqda Avropa İtitfaqında təmsil olunan ölkələrdən heç də az maraqlı deyillər.
Əksər siyasi müşahidəçilər bu qənaətdədir ki, Ermənistandan fərqli olaraq Azərbaycan və Gürcüstan Qərblə inteqrasiyasiya istiqamətində daha fəal mövqe tutublar.

{nl}

Mahmud QƏZƏNFƏROĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında