Milli Məclis Azərbaycan hökuməti ilə Kolumbiya və Monteneqro hökumətləri arasında imzalanmış sazişləri təsdiq etmişdir

Dekabrın 13-də Milli Məclisin növbəti iclası keçirilmişdir. İclasda əvvəlcə "Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında" Saziş müzakirə olunmuşdur. 
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva demişdir ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu artdıqca bir sıra dövlətlər onunla siyasi, diplomatik münasibətləri inkişaf etdirməyə səy göstərirlər. Bu isə bir daha göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan artıq dünyada öz layiqli yerini tutmuşdur. Cari ilin sentyabrında Nyu-Yorkda imzalanmış bu sənəd dediklərimizi bir daha sübut edir. Saziş ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafında, xüsusi, diplomatik və xidməti pasportlara malik insanların qarşılıqlı səfərlərinin intensivləşməsində mühüm rol oynayacaqdır.
Sonra parlamentin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", eləcə də "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında" saziş layihələri barədə məlumat vermişdir.
Komitə sədri demişdir ki, hər iki sənəd ölkələrimiz arasında iqtisadi əlaqələrin, ticarət dövriyyəsinin və sərmayə qoyuluşunun həcminin artmasında xüsusi əhəmiyyət kəsb edəcəkdir.
Müzakirələr zamanı deputatlar hər üç sənədin Azərbaycan xalqının milli maraqlarına xidmət etdiyini vurğulamışlar.
Hər üç saziş layihəsi səs çoxluğu ilə təsdiqlənmişdir.
İclasda "Azərbaycan Respublikası 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"də dəyişikliklər olunmuşdur. Dəyişiklikdə deyilir: "Məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa, həmin şəxsə Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilir".
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələr və dəyişikliklər barədə ətraflı məlumat vermişdir. Həmin dəyişikliklərdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə cərimələr nəzərdə tutulmuşdur. Qanunun tələblərini pozan vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək miqdarda cərimə ediləcəklər.
İclasda "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunlara, eləcə də, İsmayıllı rayonunun, Gəncə şəhərinin Kəpəz rayonunun və Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər olunmuşdur.
Daha sonra Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsini müzakirəyə təqdim etmişdir.
Z.Əsgərov demişdir ki, parlamentin müvafiq şöbələri əlaqədar təşkilatlarla birlikdə hərbi qanunvericiliyin yenilənməsi ilə bağlı monitorinq aparmışdır. Monitorinqin nəticəsi olaraq iki ilə yaxın bir müddətdə sözügedən layihə hazırlanmışdır. 1992-ci ildə qəbul olunmuş və hazırda qüvvədə olan "Hərbi xidmətə çağırışın əsasları haqqında" və "Hərbi xidmət haqqında" qanunlar günün tələblərinə cavab vermir. Ölkəmizin bütün sahələrdə, o cümlədən ordu quruculuğundakı inkişafı isə yeni fundamental qanunun hazırlanması zərurətini yaratmışdır.
Komitə sədri bildirmişdir ki, yeni qanunun hazırlanmasının səbəbi həm də bu sahədəki qanunvericiliyin Konstitusiyaya uyğunlaşdırılmasıdır.
Bildirilmişdir ki, qanun layihəsi Konstitusiyanın 94-cü maddəsinin 1-ci hissəsinin 18-ci bəndinə uyğun olaraq Silahlı Qüvvələrə və ölkə qanunvericiliyinə uyğun yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsinin qaydalarını müəyyənləşdirəcəkdir.
Qanun layihəsi hərbi məktəblərdə kursantların statusunun möhkəmləndirilməsi baxımından da əsaslı sənəd olacaqdır.
Çıxış edən deputatlar ölkəmizin təhlükəsizliyi və inkişafı baxımından layihənin mükəmməl hazırlandığını bildirmişlər.
Axşam iclasında qanun layihəsinin müzakirəsi davam etdirilmişdir. Deputatlar sənəddə əksini tapmış məsələləri, hərbçilərin, xüsusən də hərbi məktəblərin kursantlarının hüquqlarının müdafiəsinin gücləndirilməsini yüksək qiymətləndirmiş, müharibə şəraitində olan Azərbaycanda belə bir qanunun qəbuluna ehtiyac olduğunu diqqətə çatdırdılar.
Müzakirələrin yekununda qanun layihəsi birinci oxunuşda qəbul edilmişdir.
İclasda "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsi də ikinci oxunuşda müzakirə olunmuşdur.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov layihə üzərində aparılmış iş barədə danışaraq demişdir ki, parlamentdə birinci oxunuşda müzakirələrdən sonra qanun layihəsinə bəzi dəyişikliklər edilmişdir. Dörd fəsil, 26 maddədən ibarət olan sənədə 10 yeni müddəa əlavə olunmuşdur.
Dəyişikliklərdə əsasən, sənəddə mədəni bitkilərin genetik ehtiyatlarının vahid Mərkəzi Məlumat Bazasının yaradılması, onlardan səmərəli istifadə üçün dövlət nəzarətinin təşkili və bu sahə üzrə elmi tədqiqatların aparılmasının və mütəxəssislərin hazırlanmasının maliyyələşdirilməsi məsələləri öz əksini tapmışdır.
Çıxış edən deputatlar qanun layihəsinin mədəni bitkilərin genofondunun qorunmasında vacib rol oynayacağını xüsusi vurğulamışlar.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci və üçüncü oxunuşlarda qəbul edilmişdir.
Bununla da Milli Məclisin iclası başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında