Azərbaycanın xarici işlər naziri Brüsseldə İSAF üzvü olan ölkələrin XİN başçılarının görüşündə çıxış etmişdir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 8-də Brüsseldə Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələrin (İSAF) üzvü olan ölkələrin XİN başçılarının iclasında çıxış etmişdir.
Nazir Əfqanıstandakı mövcud vəziyyətin regional və qlobal təhlükəsizliyə ciddi təsir etdiyini bildirmişdir. Qeyd etmişdir ki, təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək və Əfqanıstan ilə dostluq əlaqələrini nəzərə alaraq, Azərbaycan bu ölkədə sabitliyin və rifahın bərqərar olması üçün öz töhfəsini verməkdədir.
Coğrafi mövqeyi və mövcud infrastrukturunun Azərbaycanı regionun mühüm tranzit ölkəsinə çevirdiyini qeyd edən E.Məmmədyarov bildirmişdir ki, İSAF əməliyyatları üçün zəruri olan mallar və canlı qüvvə həm ölkəmizin quru ərazisindən, həm də hava məkanından istifadə edilməklə Əfqanıstana daşınır. Bu tranzitin həcmi ildən-ilə artmaqdadır.
Nazir demişdir: "Ötən onilliyin təcrübəsi sübut etdi ki, Əfqanıstanda davamlı sülh və sabitliyə nail olmaq üçün hərbi yardım kifayət deyildir. Bu mövqedən çıxış edərək, Azərbaycan Əfqanıstan ilə qeyri-hərbi sahədə əməkdaşlıq üçün töhfə verməkdədir. Əfqanıstanın mülki və hərbi qulluqçularına təlimlər vermək üçün praktiki layihələr həyata keçirilməkdədir. ANAMA ərazilərin minalardan təmizlənməsi sahəsində əfqanıstanlı mütəxəssislərə həm Əfqanıstanda, həm də Azərbaycanda təlimlər keçmişdir".
Xarici siyasət idarəsinin rəhbəri bildirmişdir ki, Azərbaycan Diplomatik Akademiyası hər il əfqanıstanlı diplomatlar və dövlət qulluqçuları üçün "Xalq diplomatiyası", "Qanunun aliliyi", "Yaxşı idarəçilik" və "Keçid dövründə idarəetmə" mövzularında təlimlər təşkil edir. Milli Təhlükəsizlik Nazirliyi terrorizmə qarşı mübarizə sahəsində kurs, Dövlət Sərhəd Xidməti isə Əfqanıstan və Mərkəzi Asiya sərhəd xidmətlərinin iştirakı ilə seminar keçirmişdir. Azərbaycanın digər qurumları da polis və hərbi qulluqçular da daxil olmaqla Əfqanıstan rəsmiləri üçün müvafiq təlim proqramları həyata keçirməyə hazırdır.
Nazir qeyd etmişdir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin və Əfqanıstan hökumətinin regionda narkotik vasitələrin axını ilə bağlı narahatlığını bölüşür. Azərbaycan Əfqanıstan hökumətinin və maraqlı ölkələrin iştirakı ilə narkotik vasitələrin axınının qarşısının alınması üçün layihələrdə iştirak edə bilər.
E.Məmmədyarov demişdir ki, biz Əfqanıstandakı keçid dövrünü qəti şəkildə dəstəkləyirik. Əfqanıstanın rəhbərliyinin səyləri və ortaya qoyulan iradə bu sahədə müvəffəqiyyətə aparacaqdır. Biz düşünürük ki, milli barışıq ümumi sabitliyə nail olmağın əsas elementidir və buna nail olmaq üçün Əfqanıstan hökuməti səylərini davam etdirməli, beynəlxalq ictimaiyyət isə bunu dəstəkləməlidir.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri demişdir ki, biz İSAF-ı mülki şəxslərin itkisinin azalması üçün səyləri artırmağa çağırırıq. Bunun həm humanitar, həm də siyasi əhəmiyyəti də vardır. Yerli mədəni və dini adət-ənənələrə uyğun olan davranış üçün səylərin artırılması həm Əfqanıstanda, həm də bu ölkədən kənarda İSAF-ın ictimaiyyət tərəfindən qəbul edilməsini xeyli artıracaqdır.
E.Məmmədyarov qeyd etmişdir ki, Azərbaycan Əfqanıstanın iqtisadi inkişafında maraqlı olan bir ölkə kimi, bu dövlət tərəfindən təklif olunacaq investisiya layihələri üzərində işləyə bilər. Hazırda Əfqanıstana investisiya qoyan və bu ölkədə fəaliyyət göstərən bir sıra özəl Azərbaycan şirkətləri vardır.
Əfqanıstanda mövcud olan təhlükəsizlik çağırışlarının həm regional, həm də beynəlxalq miqyasda çox mühüm məsələ kimi qəbul edilməsinin zəruriliyini vurğulayan nazir demişdir ki, müharibələr və çətinliklə dolu onilliklərdən sonra əfqan xalqı sülh və rifaha qovuşmaq üçün real şans əldə etmişdir. Əfqanıstandakı təhdid və çağırışlara cavab vermək üçün beynəlxalq ictimaiyyət həmrəylik nümayiş etdirməli və bu ölkənin hökumətinin səylərini dəstəkləməyə davam etməlidir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında