Bu siyasətin əsas prioriteti ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsidir
{nl}
Azərbaycanın bütün beynəlxalq hüquq normalarına, o cümlədən BMT Nizamnaməsinə əsasən, öz ərazi bütövlüyünü istənilən vasitə ilə bərpa etmək üçün tam hüququ vardır... Lakin biz bunu sülh yolu ilə həll etmək istəyirik.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
Əslində 2011-ci il gənc müstəqil Azərbaycan dövləti üçün təkcə xarici siyasət strategiyasında deyil, bütün sahələrdə böyük uğurlarla yadda qalır. Ancaq xarici siyasət strategiyamızın - bu strategiyanın 10-dan çox xüsusi və mühüm istiqamətləri müəyyənləşdirilmişdir - icrası beynəlxalq aləmdə daha böyük əks-səda yaradır. Yola salmaqda olduğumuz ildə müstəqilliyinin 20 illiyini qeyd edən gənc suveren dövlətin dünya miqyasında özünəməxsus yer tutması və inkişafın müxtəlif istiqamətlərində lider dövlət kimi qəbul edilməsi bəzi politoloq və ekspertlərə inandırıcı kimi görünmür. Ancaq dünyanın aparıcı beynəlxalq təşkilatlarının rəsmi hesabatlarında və böyük dövlətçilik təcrübəsinə malik olan ölkələrin siyasi liderlərinin çıxışlarında bu reallıqlar dönə-dönə təsdiq olunur. Hətta ən görkəmli siyasətçilər Azərbaycan həqiqətləri barədə söz açarkən bu həqiqətləri "Qafqazın yeni nümunəsi" kimi qiymətləndirirlər.
Ölkəmizin xarici siyasət strategiyasının icrası zamanı əldə etdiyimiz uğurlara gəlincə isə beynəlxalq aləmə inteqrasiyamızın sürətləndirilməsi, beynəlxalq təşkilatların və mühüm dövlətlərin Azərbaycana münasibətinin daha da saflaşması, rəsmi Bakının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolun gündən-günə böyüməsi, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları əsasında həll edilməsi üçün aparılan danışıqlarda Bakının mövqeyini dəstəkləyənlərin çoxalması və bu kimi bir çox məqamları yada salmaq yetərlidir. 2011-ci ildə bu sahələrin hər birində kifayət qədər ucadan söylənilməli faktlarımız vardır. Ancaq bu il oktyabrın 24-də müstəqillik tariximizə yazılmış yeni bir səhifə bizim üçün uzun illər iftixar mənbəyi olacaqdır.
Birləşmiş Millətlər Təşkilatının plenar iclasında bu qurumun Təhlükəsizlik Şurasının Şərqi Avropadan qeyri-daimi üzvlüyünə keçirilən səsvermədə dünyanın 155 ölkəsi Azərbaycanın namizədliyini dəstəklədi. Biz bunu Azərbaycanın 2011-ci ildə xarici siyasətdə əldə etdiyi nailiyyət kimi qiymətləndiririk. Belə düşünməyə tam haqqımız var. Ancaq türkiyəli həmkarlarımız yazdılar ki, bu fakt Azərbaycanın xarici siyasət strategiyasının düzgün qurulduğunun təsdiqi kimi qiymətləndirilməlidir. Yəni, oktyabrın 24-də BMT-nin plenar iclasında qəbul edilən qərar Azərbaycanın xarici siyasətinin banisi olan Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi və həmin strategiyanı uğurla icra edən Prezident İlham Əliyevin diplomatiya sahəsindəki nailiyyətidir. Bu iki qiymətləndirmənin hər ikisi əsaslı arqumentlərə və məntiqə söykənir. Nəticə isə birdir - Azərbaycanın müasir tarixinin ən uğurlu səhifələrindən biri məhz 2011-ci il oktyabrın 24-də yazılmışdır. Gənc müstəqil Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək. Bu, 50 milyonluq Azərbaycan xalqının uğuru, işğalçı qonşumuzun isə yuxusuz gecələrinin başlanması deməkdir.
Bu,eyni zamanda, ölkəmizin xarici siyasət strategiyasının mühüm bəndlərindən olan "Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tezliklə bərpa edilməsi məqsədi ilə müstəqil xarici siyasət yeridilməsi" - istiqamətinin reallaşdırılması üçün atılan uğurlu addımların nəticəsidir.
Ekspertlər yazırlar ki, Azərbaycanda demokratik dəyərlərin yüksək səviyyədə bərqərar olunması, demokratiyanın inkişaf etdirilməsi, fikir plüralizminin qorunub saxlanılması bu ölkənin xarici siyasət strategiyasında öz əksini tapan mühüm prinsiplərdən biridir. Bəzi ölkələrdə demokratiya dövlətin daxili işi kimi qiymətləndirilir. Ancaq BMT sənədlərində göstərilir ki, demokratiya heç bir ölkənin daxili işi deyil. Ölkəmizin xarici siyasət strategiyasında "Bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanan plüralist demokrtiyanın inkişaf etdirilməsi" məsələsi məhz bu baxımdan öz əksini tapıb. Fikir plüralizminə geniş yer verilməsi və plüralist demokratiyanın inkişafı məsələlərində Azərbaycan Respublikasının 1993-cü ildən bəri əldə etdiyi bütün göstəricilər dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Ancaq 2011-ci ilin göstəriciləri ölkəmiz üçün kifayət qədər yeni olan məqamlar kimi üzağlığı gətirir. Belə ki, bu gün dünyanın heç bir ölkəsində əhalinin internetə qoşulması bizdəki qədər azad deyil. Hətta, bəzi dövlət başçıları bu məsələ üzərində xüsusi nəzarət qoyublar. Guya "ərəb baharı"nın əsas səbəblərindən biri məhz internet şəbəkəsi olub. Ancaq Azərbaycan Avrasiyada yeganə ölkədir ki, istənilən şəxs internet vasitəsiylə dünyanın istənilən nöqtəsilə əlaqə saxlaya bilər. Prezident İlham Əliyev bu məqamı oktyabrın 11-də "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə xüsusilə vurğulamışdır:
"- Bu gün bizdə demokratik təsisatlar, azad mətbuat mövcuddur, internetdən istifadə sərbəstdir və məlumdur ki, heç də hər ölkədə internetə sərbəst qoşulma imkanı yoxdur. Azərbaycanda əhalinin 50 faizdən çoxu internetdən istifadə edir. Biz müxtəlif təşkilatlara qoşulmuşuq, məsələn, 10 ildir ki, əsas gündəliyi insan haqları və demokratiya məsələləri olan Avropa Şurasının üzvüyük. Həmçinin Azərbaycan könüllü olaraq Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına qoşulmuşdur. Bir daha qeyd etmək istərdim ki, biz bunu könüllü şəkildə etdik. Beləliklə, bütün bunlar bizim strategiyamızın nəticəsidir".
Rəsmi məlumatlardan və internet resurslarından öyrənirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ildə həm xarici səfərlərində, həm də ölkə daxilindəki müxtəlif tədbirlərdə ən çox önəm verdiyi məsələlər "ölkənin ərazi bütövlüyünün bərpası", "Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması", "regionların sosial-iqtisadi inkişafı" və "əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması" məsələləri olub. Biz təxminən 10 il əvvəl də bu səpkili bir kiçik axtarış aparmışdıq və o zaman ulu öndərin gündəliyindəki əsas məsələlərin (qeyd edək ki, bu məsələlər eynilə ulu öndərin də gündəliyində məhz bu şəkildə sıralanırdı) birincisi "dövlət suverenliyimizin qorunub saxlanılması" idi. İndi həmin məsələnin o qədər də tez-tez gündəliyə gətirilməməsinin əsas səbəbi odur ki, ümummilli liderimiz Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsinə nail olmuşdur.
Prezident İlham Əliyevin daha böyük önəm verdiyi "ölkəmizin ərazi bütövlüyünün bərpası" məsələsi isə indi artıq rəsmi Bakı ilə yanaşı beynəlxalq təşkilatların və aparıcı ölkələrin də daimi gündəliyindədir. Azərbaycanın xarici siyasəti bu istiqamətdə gedən prosesləri elə bir müstəviyə gətirib ki, artıq Ermənistana havadarlıq edən qüvvələr də Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına çalışırlar. Çünki bu münaqişə Ermənistanı sosial-iqtisadi baxımdan sonu görünməyən qorxunc uçurumun bir addımlığına gətirmişdir.
Həmin münaqişənin həllinə Azərbaycan dövlətinin münasibəti isə həmişəki kimi nikbindir. Prezident İlham Əliyev əmindir ki, münaqişə ölkəmizin ərazi bütövlüyünün bərpası şərtiylə həll olunacaq: "Biz münaqişənin hələ də sülh yolu ilə nizama salınacağına ümid edirik. Münaqişənin həll olunması beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, erməni silahlı qüvvələri bütün işğal olunmuş ərazilərimizdən çıxarılmalı, azərbaycanlıların öz ata-baba yurdlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququ olmalıdır".
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.