Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayılmışdır

ATƏT-in Nazirlər Şurasının Vilnüsdə keçirilən 18-ci illik toplantısında iştirak edən Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin (Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Hillari Klinton və Fransanın Avropa məsələləri üzrə naziri Jan Leonetti), Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın birgə bəyanatı yayılmışdır. ATƏT-in rəsmi saytına yerləşdirilmiş bəyanatın girişində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının əhəmiyyəti bir daha vurğulanmışdır. Bəyanatda qeyd edilir ki, 2008-ci il Moskva Bəyannaməsi, eləcə də ATƏT Nazirlər Şurasının Helsinki (2008-ci il) və Afina (2009-cu il) toplantılarında, ATƏT-in Astana (2010-cu il) sammitində verdikləri bəyanatları xatırladaraq, nümayəndə heyətlərinin rəhbərləri ATƏT-in Minsk qrupu formatında danışıqların davam etdirilməsinin və münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində irəliləyişlər əldə edilməsi üçün zəruri etimad mühitinin yaxşılaşdırılmasının vacibliyini ifadə etmişlər. Bu istiqamətdəki addımlardan biri kimi bəyanatı verən tərəflər razılaşdırmışlar ki, prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın 2011-ci ilin mart ayında Soçi görüşündə qəbul etdikləri birgə bəyanatın nəticəsi olaraq, atəşkəs rejiminin pozulmasına qarşı mexanizmin detalları üzərində işlə bağlı səylərini bundan sonra da davam etdirsinlər.
Prezidentlərin 2011-ci ilin may ayında Dovil bəyanatında Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün Baza Prinsipləri üzərində işi yekunlaşdırmağa dair çağırışlarını qeyd edərək, Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları təəssüflə bildirmişlər ki, münaqişə tərəfləri bu istiqamətdə həlledici addımı atmaq iqtidarında olmamışlar. Hər üç nümayəndə heyətinin rəhbəri vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur və BMT Xartiyası, Helsinki Yekun Aktının prinsipləri, prezidentlərin 2009-cu ildə Akvil və 2010-cu il Muskoka birgə bəyanatlarındakı elementlər bütün tərəflərə qəbuledilməz status-kvo çərçivəsindən çıxaraq sülh yolu ilə münaqişəni nizamlamaq üçün yolu təqdim edir.
Nümayəndə heyətlərinin üç rəhbəri tərəfləri ən ali səviyyə də daxil olmaqla, ATƏT-in Nazirlər Şurasının 2007-ci il Madrid toplantısından bəri aparılmış intensiv danışıqlar fonunda həmsədr ölkələrin təqdim etdiyi təklifləri gələcəkdə diqqətlə nəzərdən keçirməyə çağırmışlar.
Bəyanatın sonunda qeyd edilir ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri münaqişənin hamı tərəfindən məqbul sayılacaq sülh yolu ilə nizamlanmasının əsaslarının hazırlanması üçün tərəflərə göstərdiyi köməyə görə həmsədr ölkələrə, o cümlədən prezidentlər Dmitri Medvedev, Barak Obama və Nikola Sarkoziyə minnətdarlıqlarını bildirmişlər. Onlar həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinə məlumat vermişlər ki, Azərbaycan və Ermənistan prezidentləri yaxın zamanlarda həmsədr ölkələrin himayəsi altında görüşərək, birbaşa dialoqu davam etdirməyə, son dövrlərin təcrübəsinə söykənərək öz xalqlarını sülh, sabitlik və rifaha qovuşdurmağa hazırdırlar.

{nl}

Elgün NİFTƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Vyana

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında