Avropa Parlamentinin qəbul etdiyi yeni qətnamə də bu faktı sübut edir
Mayın 20-dən bəri bütün dünyanın və xüsusən, Avropanın kütləvi informasiya vasitələrində geniş şəkildə müzakirə edilən bir sənəd - "Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına dair qətnamə" Ermənistanın və onun havadarlarının ciddi narahatçılığına səbəb olmuşdur. Bu sənəd Avropa Parlamenti tərəfindən qəbul edilsə də, belə məzmunlu bir qətnamənin ərsəyə gəlməsində Azərbaycanın xarici siyasətinin, xüsusən, ölkəmizin Avropaya inteqrasiya məsələsində göstərdiyi qətiyyətin də xüsusi rolu vardır. Çünki Avropa Parlamentində də, Avropa İttifaqında da Azərbaycanın bu məkan üçün hansı əhəmiyyətə malik olduğunu, eləcə də Ermənistanın nəinki Avropaya, hətta, bütün dünyaya daim baş ağrısı gətirdiyini çox yaxşı bilirlər.
Qətnamənin Azərbaycan və ölkəmizin dostları üçün xüsusilə maraqlı olan hissəsi - Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən bəndi və digər əhəmiyyətli məqamlar barədə aşağıda söz açacağıq. Ancaq əvvəlcə Avropanın Cənubi Qafqaza münasibətini ifadə edən bir bəndə diqqət yetirək: "Cənubi Qafqaz strateji və geosiyasi baxımdan Avropa üçün olduqca önəmli regiondur. Xəzər regionunu və Mərkəzi Asiyanı Avropaya birləşdirən enerji, nəqliyyat və kommunikasiya dəhlizləri həyati əhəmiyyət kəsb edir. Avropa Parlamenti Azərbaycanın və Gürcüstanın enerji təchizatının və nəqlinin şaxələndirilməsində fəal rolunu alqışlayır".
Hətta coğrafiyadan ibtidai şəkildə məlumatı olan adam da bilir ki, Cənubi Qafqaz regionuna üç respublika daxildir. Avropa Parlamentinin qəbul etdiyi"Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına dair qətnamə"nin qeyd etdiyimiz bəndində isə üç deyil, iki respublikanın adının çəkilməsi nəinki İrəvanı, hətta bütün erməniləri ciddi şəkildə narahat etmişdir və hələ bu narahatlıq çox sürəcəkdir. Bir də ki, ermənilərin özləri öz çirkin siyasətləri ilə Ermənistanı dünyadan təcrid ediblər.
Biz qəzetimizin ötən sayında Azərbaycanın bugünkü xarici siyasəti barədə verdiyimiz yazıda qeyd etmişdik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün aparılan danışıqları nəticəsiz adlandırmaq qətiyyən mümkün deyil. Bu ifadəni Azərbaycan Prezidentinin özü də dəfələrlə söyləyib və əsaslandırıb ki, bu danışıqların nəticəsiz olduğunu görəndə biz başqa variantları seçməli olacağıq. Qəzetimizin dünənki sayı oxuculara çatdırılandan sonra siyasi diletantlardan biri zəng edib soruşurdu ki, bu danışıqlar nəticəsiz deyilsə, nə üçün bircə nəfər qaçqın və ya köçkün öz torpaqlarına qayıtmayıb? Sanki Tanrı həmin adamın cavabını bizim dilimizə yox, Avropa Parlamenti rəhbərliyinin dili ilə vermək istəyirmiş. Hansı ünvandan (təxmini məlum olsa da) zəng etdiyini bilmədiyimiz həmin bədxah və diletant soydaşımıza xatırladırıq: Avropa Parlamentinin qəbul etdiyi "Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına dair qətnamə"də göstərilir ki, bu qurum Dağlıq Qarabağ müharibəsi zamanı doğma yurdlarından didərgin düşmüş yüz minlərlə qaçqın və məcburi köçkünün pozulmuş insan haqlarından ciddi narahatdır. Avropa Parlamenti Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edir və məcburi köçkünlərin doğma evlərinə qayıtması prosesi zamanı, eləcə də keçid mərhələsində əhalinin təhlükəsizliyinin BMT Nizamnaməsi əsasında təmin olunmasını vacib sayır. Bunun üçün isə həmin ərazilərdə beynəlxalq qüvvələrin yerləşdirilməsi zərurəti vurğulanır. Qitə miqyaslı bu qurum münaqişə tərəflərinin siyasi hakimiyyətlərini və icma rəhbərlərini məcburi köçkünlərin geri dönməsinə hazırlıq işləri çərçivəsində etnik münasibətlərin normallaşması üçün səyləri artırmağa çağırır.
Əlbəttə, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əvvəlki bütün sənədlərə nisbətən daha ədalətli və beynəlxalq hüququn prinsiplərinə daha yaxındır. Ancaq burada da bəzi məqamlar var ki, həqiqəti tam şəkildə əhatə etmir. Məsələn, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi İrəvanın etnik təmizləmə siyasətinin nəticəsi idi. Eləcə də bir milyon soydaşımız həmin siyasət nəticəsində qaçqın və köçkünə çevrilmişdir. Yaranmış vəziyyətin səbəblərini göstərmək istəməyən Avropa siyasətçiləri "etnik təmizləmə zamanı" ifadəsinin əvəzinə "Dağlıq Qarabağ müharibəsi zamanı" ifadəsini işlədir və əsasən münaqişənin həllinin tezləşdirilməsində maraqlı olduqlarını göstərirlər. Bütün hallarda münaqişənin daha tez həll edilməsi Azərbaycan, Avropa ölkələri və əsasən Ermənistan üçün sərfəlidir. Ermənistanda bunu daha yaxşı bilirlər.
Yeri gəlmişkən, bu qətnamədə Ermənistanın bəhanələrinin kəsilməsi üçün də xüsusi məqamlar vardır. Belə ki, indiyə qədər Ermənistan müzakirə edilib razılığa nail olunmuş bütün məsələləri növbəti il yenidən gündəliyə gətirir, beynəlxalq təşkilatların və vasitəçilərin əvvəlki illərdəki zəhmətini heçə endirməyə çalışırdı. Bu tendensiyanı Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsində daha eybəcər şəkildə davam etdirdilər. Münaqişənin ədalətli şəkildə həllinə ən yaxın variant olan Madrid sənədinin qəbul edilməsi məsələsində bir gün "hə", bir gün "yox" deyən Ermənistan Qarabağın statusu məsələsində də həmsədrlərə bir gün "olar", ertəsi gün isə "olmaz" deyərək uşaq kimi şıltaqlıq nümayiş etdirdilər. Son nəticədə isə "biz münaqişənin həllinə hazırıq, ancaq əvvəlcə Dağlıq Qarabağın statusu müəyyən edilsin" - deyə heç bir sənədin və ya müzakirənin predmeti olmayan məsələni gündəliyə gətirməklə yenə də vaxtı uzatmağa çalışdılar. Vaxtın uzadılması isə Avropaya sərf etmir. Ona görə də Avropa Parlamenti yuxarıda adı çəkilən qətnamədə bu məsələni xüsusilə nəzərə almışdır: "Dağlıq Qarabağın yekun statusu müəyyənləşdirilənədək ona müvəqqəti status verilsin. Bu, bölgənin azərbaycanlı və erməni əhalisinin dinc-yanaşı yaşamasına və əməkdaşlığına töhfə verəcəkdir".
Qeyd edək ki, bu variant Azərbaycan tərəfindən məqbul sayılır. Çünki bu qəbildən olan münaqişələrin birdən-birə, bir sazişlə imzalanması qətiyyən mümkün deyil. Burada mütləq mərhələli həll variantı məqbul sayılmalıdır. Bir sözlə, Azərbaycan diplomatiyası, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan xarici siyasətimiz öz müsbət nəticələrini bütün sahələrdə verir. Təbii ki, bu siyasətin ən yüksək nəticələri də uzaqda deyil.
Avropa Parlamentinin məlum qətnaməsində cəmiyyət həyatının bir neçə mühüm sahəsi barədə əhatəli söz açılır və bütün sahələrdə Azərbaycanın ünvanına təqdiredici fikirlər səsləndirilir. Məsələn, "Demokratikləşmə, insan hüquqları və qanunun aliliyi sahəsində tərəqqi" bölməsində Azərbaycan Prezidentinin üç ayda iki dəfə imzaladığı (25 dekabr 2009-cu il və 17 mart 2010-cu il tarixli) əfv sərəncamları yüksək şəkildə təqdir olunur. Yaxud "İqtisadi məsələlər və sosial inkişaf" bölməsində Azərbaycanın son illərdə əldə etdiyi siyasi sabitlik və iqtisadi inkişaf sahəsindəki uğurlar yada salınır, ölkəmizin Cənubi Qafqazda bu sahədə lider olduğu qeyd edilir. Qətnamədə həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı roldan, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının artan sürətlə inkişaf etməsindən də söz açılır.
Ən başlıcası isə Avropa Parlamenti özünün son qətnaməsində tələb edir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal çıxarılsın.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.