Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) və Azərbaycan Mətbuat Şurasının (AMŞ) Bakıda bu mövzuda keçirdiyi beynəlxalq konfransda bəşəri bəlaya çevrilmiş "terrora, separatçılığa və müharibəyə yox" şüarı altında, Azərbaycanın 20 ildən artıq üzləşdiyi haqsızlıqların, faciələrin, cinayətlərin Avrasiya media məkanına çıxarılması, bu mövzuda tərəfdaşlıq yaradan ölkələrin ortaq mövqedən çıxış etmələri diqqət mərkəzində oldu.
"Kaspian plaza" biznes mərkəzində keçirilən məclisdə Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri, ASRP və digər partiyaların, AMŞ-nin, aparıcı media qurumlarının rəhbərləri və fəalları, Türkiyə, İran, Rusiya, Fransa, Gürcüstan, Bolqarıstan, Litva, Macarıstan, Moldova kimi ölkələrin tanınmış türkoloq və azərbaycanşünasları, bu ölkələrin Bakıdakı səfirliklərinin təmsilçiləri, politoloq və media mütəxəssisləri iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan ASRP sədri, Milli Məclisin üzvü, professor Xanhüseyn Kazımlı beynəlxalq qurumlara və xarici media vasitələrinə də sirayət edən ikili standartlar, birtərəfli yanaşma səbəbindən Azərbaycanın üzləşdiyi terror, müharibə, ərazi itkisi kimi haqsızlıqların dünya ictimaiyyətinə, nüfuzlu qurumlara çatdırılmaması kimi yolverilməz reallığı açıqladı. Natiq azərbaycanlılara qarşı erməni riyakarlığının torpaqlarımız işğaldan azad edildikdən sonra da davam edəcəyi labüdlüyünü nəzərə alaraq, beynəlxalq ictimaiyyətlə səmərəli əməkdaşlığın zəruriliyini vurğuladı. Partiya sədri Azərbaycan rəhbərliyinin ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan böyük siyasətin uğurla davam etdirilməsi yönündəki proqram fəaliyyətinin dünya ölkələrinin mütərəqqi adamlarının diqqətinə çatdırılması istiqamətində tədbirlərin ardıcıl olaraq davam etdiriləcəyini bildirdi.
X.Kazımlı daha sonra qeyd etdi ki, ASRP-nin təşkilatçılığı ilə son 1 ildə Azərbaycanda keçirilən "Qadınlar və dövlət quruculuğu", "Beynəlxalq miqyasda informasiya doğruluğunun təmin edilməsi" və "Bəşəriyyət terrora, təcavüzə və işğala yox deyir!" mövzusunda keçirilən konfranslarda Avrasiya məkanı əhalisinin dünyanın ayrı-ayrı ölkələrində baş verən sosial-iqtisadi, ictimai-siyasi və tarixi hadisələrlə məlumatlandırılması məqsədi ilə yeni bir qurumun yaradılması təklifi səslənmişdi. Azərbaycan müharibə vəziyyətindədir, erməni işğalı, təcavüzü, həmçinin erməni riyakarlığı və onların havadarlarının apardığı təxribat xarakterli, saxta informasiya savaşı ilə üz-üzədir. Ona görə də ermənilərin məkrli informasiyalarına müqavimət artırılmalı və beynəlxalq səviyyədə bu yalana qarşı ciddi mübarizə aparılmalıdır.
Konfransda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Ədalətlilik, təhlükəsizlik və rifah" mövzusunda keçirilən konfransı zamanın tələbi kimi qiymətləndirdi və Ermənistanın Azərbaycana qarşı davam etməkdə olan təcavüzünün dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasının zəruriliyini vurğuladı. O bildirdi ki, Azərbaycan Mətbuat Şurası erməni saxtakarlıqlarının üzə çıxarılması istiqamətində ardıcıl və təsirli işlər görür, lakin beynəlxalq ictimaiyyətin bu yönümdə dəstəyinə çox böyük ehtiyac var. Ə.Amaşov yeni bir qurumun - "Avrasiya ölkələri üzrə mətbuat və informasiya həmrəyliyi mərkəzi"nin təsis edilməsinin məqsədəuyğun və zəruri olduğunu bildirdi.
Konfransda ölkəmiz tərəfdən çıxış edən "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı, Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu, "Ədalət" Partiyasının sədri İlyas İsmayılov, AMŞ-nin sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, AMŞ-nin icraçı direktoru Rəhim Hüseynzadə, "İki sahil" qəzetinin baş redaktoru, AMŞ İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, ASRP Siyasi Şurasının üzvləri, professor Məmmədəli Paşayev, jurnalist Firdovsi Kazımov və digər natiqlər Ermənistanın tarixən Azərbaycanın başına gətirdiyi müsibətlər barədə həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında yeni yaradılan qurumun təsirli rol oynayacağını vurğuladılar. Onlar Avrasiya məkanının media işçilərini ədalətli olmağa, təhlükəsizlik və rifah məsələlərini diqqət mərkəzində saxlamağa çağırdılar.
Konfransda Rusiyanın nüfuzlu gündəlik nəşri olan "Tribuna" qəzetinin son illərdə Azərbaycanın ağrılı məsələlərinə diqqət yetirməsi və obyektiv yazılar çap etməsi razılıqla qeyd olundu. Bu qəzetin baş redaktoru Oleq Kuzin Avrasiya ölkələri mediasının rəhbərlərini və yazarlarını Qafqaz regionundakı münaqişələrin ədalətli həllinə informasiya dəstəyi verməyə səslədi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının əsassız surətdə uzanmasnın yolverilməzliyini bildirdi.
Bolqarıstanın Debresen İnstitutunun filologiya elmləri doktoru Veneta Yankova, İranın Təbriz şəhərindəki Azad Universitetinin professoru Azim Sahati Mehr, Litvanın Vilnüs Pedaqoji Universitetinin dosenti, beynəlxalq icmalçı Vidas Kavaliauskas, Gürcüstanın keçmiş parlament üzvü, əməkdar jurnalist Timuri Beberidze, macarıstanlı pedaqoq-jurnalist Erika Szido, Moldova Müstəqil Əmlak Palatasının prezidenti Tereburke Dmitri və digər xarici natiqlər Rusiya qəzeti rəhbərinin söylədiklərini dəstəklədilər, Avrasiya media məkanında ədalət, təhlükəsizlik və rifah mövzusunun geniş, obyektiv işıqlandırılması, bu məsələdə Azərbaycana informasiya dəstəyi verilməsi ilə bağlı mülahizə və təkliflərini söylədilər.
Məclisdə Oleq Kuzin "Tribuna" qəzeti ilə Azərbaycan arasında fəal əlaqə qurulmasında xidmətinə görə ASRP sədri Xanhüseyn Kazımlının layiq görüldüyü fəxri nişanı millət vəkilinə təqdim etdi.
Azərbaycan milli mətbuatının 135 illiyinə həsr olunmuş konfransda iştirakçılara ilk milli qəzetimizin yaradıcısı Həsən bəy Zərdabinin ASRP tərəfindən nəşr olunmuş əsərləri hədiyyə edildi.
Bu gün "Kristin biç" otelinin salonunda konfrans davam edəcək. İştirakçılar Avrasiya ölkələri üzrə "Beynəlxalq mətbuat və informasiya həmrəyliyi mərkəzi"ni təsis edəcək, onun əsasnaməsini təsdiq edəcək, təsis protokolunu imzalayacaqlar.
Xarici qonaqlar Bakının görməli yerləri ilə tanış olacaq, mədəni proqramın iştirakçısı olacaq, Qubaya səyahət edəcəklər.
{nl}
Tahir AYDINOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.