Azərbaycan NATO ilə ikitərəfli əməkdaşlıqda özünü etibarlı tərəfdaş kimi göstərir

Noyabrın 25-də Bakıda ölkəmizin xarici siyasət idarəsinin və Azərbaycan-NATO Beynəlxalq Məktəbinin birgə təşkilatçılığı ilə "Müstəqilliyin 20-ci ildönümü: Azərbaycanın xarici siyasətinin təkamülü" mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə dövlət və hökumət nümayəndələri, Azərbaycan Diplomatik Akademiyasının (ADA) təmsilçiləri, Şimali Atlantika Alyansının üzvü olan və tərəfdaş ölkələrinin respublikamızdakı səfirləri, ekspertlər, tələbələr, jurnalistlər iştirak etmişlər.
Konfransda Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkənin xarici siyasətində olan aktual məsələlər, prioritetlər, inkişaf istiqamətləri, beynəlxalq təşkilatlara inteqrasiya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda aparılan işlər, NATO-Azərbaycan əməkdaşlığı və digər məsələlər barədə müzakirələr aparılmışdır.
Xarici işlər nazirinin müavini Araz Əzimov konfransı açaraq Azərbaycanın müstəqillik tarixindən danışmışdır. Nazir müavini vurğulamışdır ki, Azərbaycan son 20 ildə böyük inkişaf yolu keçmiş, Avropa ölkələri ilə yüksək səviyyəli əlaqələr qurmuşdur. Bu siyasət indi də uğurla davam etdirilir.
Azərbaycanın zəngin təbii sərvətlərə malik olduğunu qeyd edən A.Əzimov demişdir ki, ölkəmiz istər regionda, istərsə də dünyada enerji layihələrində mühüm rol oynayır. Bu gün Azərbaycan əsas tranzit ölkəyə çevrilmişdir. Azərbaycanın iştirak etdiyi mühüm layihələr Şərq ilə Qərbin birləşdirilməsinə xidmət edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir müavini vurğulamışdır ki, bu məsələnin həlli istiqamətində bütün vasitələrdən istifadə edilir.
"ABŞ-Azərbaycan əlaqələri: xarici tərəfdaşlıq" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bildirmişdir ki, erməni diasporu hazırda ABŞ-da qarşısına qoyduğu məqsədlərə çata bilmir. Regionumuz haqqında ABŞ cəmiyyətinə çatdırdığımız düzgün informasiyalar Vaşinqtonun hazırkı xarici siyasətinin formalaşmasına təsir edir.
Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın prioritet məsələlərindən terrorla mübarizə olduğunu qeyd edən H.Paşayev vurğulamışdır ki, ölkəmizin apardığı uğurlu enerji siyasəti ABŞ-ın regiona marağının artmasına səbəb olmuşdur. Mövcud vəziyyət göstərir ki, ABŞ-ın Azərbaycana marağı daha böyükdür, bu da ölkəmizin regionda siyasi çəkisinin və əməkdaşlıqda sadiqliyinin göstəricisidir.
"Azərbaycanda müdafiə islahatlarına NATO-nun dəstəyi" adlı məruzə ilə çıxış edən Şimali Atlantika Alyansı baş katibinin müavini Hüseyn Diriöz bildirmişdir ki, keçən il NATO-nun Lissabondakı toplantısında təşkilatın yeni strateji konsepsiyası qəbul olunmuşdur. Konsepsiyada qlobal təhlükələrə qarşı və dünyanı narahat edən məsələlərin həlli istiqamətində NATO-nun tərəfdaş ölkələrlə birgə fəaliyyəti nəzərdə tutulmuşdur.
H.Diriöz vurğulamışdır ki, artıq NATO üçün ortaq fəaliyyət daha əhəmiyyətlidir. Buna görə də NATO-nun Azərbaycan ilə əlaqələrini bu sıraya aid etmək olar. Azərbaycanın son illər ərzində NATO ilə əlaqələrinə də toxunan Alyansın rəsmisi qeyd etmişdir ki, ölkəmiz ikitərəfli əməkdaşlıqda özünü etibarlı tərəfdaş kimi göstərir.
H.Diriöz demişdir ki, Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması üzrə NATO çərçivəsində və digər beynəlxalq siyasi proseslərdə də yaxından iştirak edir.
Daha sonra konfransda "Müstəqilliyin ilk illəri: çağırışlar və Azərbaycanın xarici siyasəti", "Həll olunmamış münaqişələrin Cənubi Qafqazın demokratikləşməsinə təsiri", "NATO-Azərbaycan: əməkdaşlıq çərçivəsində inkişaf edən tərəfdaşlıq" mövzularında məruzələr dinlənilmişdir.
Sonda məruzələr ilə bağlı fikir mübadiləsi aparılmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında