Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün aparılan uzunmüddətli danışıqları, keçirilən görüşləri və reallaşdırılan səfərləri nəticəsiz adlandırmaq qətiyyən mümkün deyil. Ortada nəzərəçarpacaq nəticələr vardır. Ancaq Prezident İlham Əliyevin dediyi kimi, bu nəticələr məsələnin nizamlanmasına nail olmaq və razılaşmanın əldə edilməsi üçün kifayət etmir.
Mayın 20-də Avropa Parlamenti bolqar parlamentar Yevgeni Kirillovun hazırladığı qətnaməni qəbul edib. Qətnamədə bildirilir ki, Avropa İttifaqı Cənubi Qafqazın çiçəklənməsi, münaqişələrin həlli və bölgədə sülhün bərqərar olunmasına çalışır. Buna görə də bölgə ilə bağlı kompleks regional strategiyanın hazırlanmasına ehtiyac duyulur. Avropa Parlamenti dondurulmuş münaqişələrin həllini və sosial-iqtisadi inkişafı ləngidən maneələri aradan qaldırmağın zəruriliyini etiraf edərək, Ermənistanı öz silahlı qüvvələrini işğal edilmiş Azərbaycan torpaqlarından çıxarmağa çağırmışdır.
Heç şübhəsiz ki, Avropa Parlamentinin bu qətnaməsi Azərbaycan dövlətinin xarici siyasətinin növbəti böyük uğurudur. İşğalçı dövlət isə bir-birinin ardınca zərbələr alır, getdikcə daha ağır duruma düşür.
Münaqişənin tam həlli iki prinsipial məqama söykənir. Birinci, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həll edilməsinə tam dəstək verməlidir. Ermənistanın işğalçı dövlət olduğu beynəlxalq təşkilatlar səviyyəsində tanınmalıdır və indiyədək mövcud olan beynəlxalq hüququn prinsipləri bu münaqişənin həllinə də şamil edilməlidir. İkinci, Ermənistanı idarə edənlər (təbii ki, söhbət təkcə formal Ermənistan rəhbərliyindən getmir) və güclü dövlətlərdəki erməni lobbiçiləri bütün region üçün təhlükə olan destruktiv siyasətdən əl çəkməlidirlər.
Azərbaycan diplomatiyasının 1993-cü ilin payızından etibarən atdığı addımlar nəticəsində bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünün bərpasının vacibliyini bildirir, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çəkilməsi zərurətini bəyan edirlər. Bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT, Avropa Şurası Parlament Assambleyası, NATO Parlament Assambleyası, İslam Konfransı Təşkilatı, GUAM və başqa beynəlxalq təşkilatların çox mühüm sənədləri mövcuddur. Üstəlik, dünyanın bütün qütblərini təmsil edən dövlət başçıları bu məsələdə Azərbaycanın haqq işini dəstəkləyirlər. Yəni, "münaqişənin həlli üçün aparılan danışıqlarda heç bir nəticə əldə edilməmişdir" - ifadəsini işlətmək üçün əsasımız yoxdur.
Biz, sadəcə, ümumi razılaşma üçün kifayət edə biləcək nəticələrə yaxınlaşa bilmirik. Yəni Ermənistanı idarə edənlər (bu adamların Ermənistanda və ya hansısa başqa ölkədə oturmasından asılı olmayaraq) destruktiv mövqedən əl çəkə bilmirlər. Bu gün Azərbaycan məhz həmin nəticəyə nail olmaq üçün kəsərli və qətiyyətli siyasi-diplomatik gedişlər edir, səmərəli addımlar atır.
Müasir Azərbaycan diplomatiyasının əsas məqsədi ölkənin ərazi bütövlüyünün bərpasına nail olmaqdırsa, bunun üçün ilkin məqsədlərin reallaşdırılması zəruridir: Ölkənin dostlarının və tərəfdaşlarının sırası genişləndirilməli, işğalçılıq siyasəti ilə özünü iqtisadi cəhətdən təcrid vəziyyətinə salmış, bu səbəbdən də iqtisadi böhran və maddi məhrumiyyətlər içərisində çabalayan Ermənistanın getdikcə daha da təklənməsi üçün müvafiq addımlar atılmalıdır. Dünya ekspertlərinin fikrincə, bunun üçün əlində kifayət qədər rıçaqları olan rəsmi Bakı bundan maksimum şəkildə bəhrələnir.
Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunun mühüm tərkib hissələrindən olan neft diplomatiyasını məharətlə qurur. Azərbaycan Avropanın və dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm ölkəyə çevrilir. Rəsmi Bakı Avropanı Asiya ilə, Şərqi Qərblə bağlayan bir çox nəhəng iqtisadi layihələrdə əsas söz sahibidir. Bu iki amil Ermənistanın iqtisadi layihələrdən təcrid edilməsinə, Azərbaycanın daha böyük siyasi nüfuz qazanmasına ciddi təsir göstərir. Bu baxımdan 2010-cu il də istisna təşkil etmir.
Prezident İlham Əliyev hələ ilin əvvəlində - yanvar ayının 28-də İsveçrəyə səfəri zamanı Davos Dünya İqtisadi Forumunun "Qlobal enerji mənzərəsi" mövzusunda keçirilən iclasında qeyd etmişdi ki, biz Azərbaycanın təbii ehtiyatlarından daim ölkəmizin maraqlarının təmin edilməsi üçün bəhrələnmişik və bu proses davam edəcəkdir: "Ümid edirəm ki, biz 2010-cu ildə də nəzərdə tutduğumuz bütün əsas layihələri həyata keçirəcəyik". Yəni rəsmi Bakı öz iqtisadi qüdrətini artırmaq və Ermənistanın getdikcə daha genişmiqyaslı şəkildə təklənməsinə nail olmaq üçün ölkənin iqtisadi potensialından məqsədli şəkildə bəhrələndiyini nəinki kimdənsə gizlətmir, əksinə, bu məqamın hamı üçün məlum olması üçün atılan addımların xarakterini beynəlxalq tribunalardan bəyan edir. Prezidentin belə bəyanatla çıxış etdiyi həmin günlər idi ki, bəzi bədxah qüvvələr Türkiyə-Ermənistan sərhədlərinin açılmasına ciddi şəkildə etiraz edən Azərbaycanın ABŞ-la münasibətlərində soyuqluğun yaranacağını "proqnozlaşdırırdılar".
Ancaq ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar məhz həmin günlərdə - yanvarın 29-da mətbuat təmsilçilərinə demişdi: "Biz sadəlövh deyilik və anlayırıq ki, bu gün Ermənistan və Dağlıq Qarabağla bağlı proseslər Türkiyə-Azərbaycan münasibətlərinin bir parçasıdır. ABŞ Ankaranın Yerevanla münasibətlərinə görə enerji dəhlizindən vaz keçməz". Bunun isə bircə adı var. Azərbaycan neft diplomatiyasının uğuru.
Həmin proseslərin ardınca elə bir ay olmadı ki, dövlət başçımızın xarici səfərləri və ya əcnəbi siyasətçilərin Azərbaycan səfərləri çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Xəzərin Azərbaycan sektorundan hasil edilən karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması prosesində yeni tendensiya olan şaxələndirmə barədə ətraflı müzakirələr aparılmasın. Əslində, şaxələndirmə siyasəti ümumi mənada Azərbaycanın xarici siyasətindəki balanslaşdırıcı xəttin bir istiqamətidir. Ancaq konkret olaraq bu məqamda neft-qaz ixrac kəmərlərinin şaxələndirilməsi ölkəmizin strateji müttəfiqlərinin çoxaldılmasına xidmət edir. Bu baxımdan Serbiya Prezidenti Boris Tadiçin ölkəmizə ilk rəsmi səfəri ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Cənab Tadiçin Bakı səfəri çərçivəsində aparılan danışıqlar və imzalanan sənədlər cəmiyyət həyatının müxtəlif sahələrini əhatə etsə də, ekspertləri və kütləvi informasiya vasitələrini daha çox iki məsələ maraqlandırırdı: "tərəflər Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün nə danışdılar?" və "tərəflər enerji sektorundakı əməkdaşlıq barədə hansı razılığa gəldilər?".
Son dövrün aktual və böyük maraqla qarşılanan məsələlərindən biri də Azərbaycan-Türkiyə münasibətləridir. Bu bir faktdır ki, Türkiyə tarixin bütün dönəmlərində olduğu kimi, son 20 ildə də daim Azərbaycanın yanındadır və əminik ki, bu, yüz illər boyunca belə olacaqdır. Ancaq nəinki son 20 ilin hansısa dönəmində, hətta, 2008 və ya 2009-cu illərdə belə Azərbaycan-Türkiyə münasibətləri məsələsi beynəlxalq aləmin gündəliyində özünə bu qədər möhkəm yer tutmamışdı. Uydurma erməni soyqırımı məsələsini gündəliyə gətirmək istəyən ölkələrdə türk və Azərbaycan diasporlarının etiraz səsləri eyni anda, qətiyyətlə səslənirdi. İşğalçı Ermənistanı iqtisadi böhrandan xilas etmək üçün Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail olmaq istəyənlər də ilk növbədə öz qarşılarında Türkiyə və Azərbaycan alyansını gördülər. Bu alyansın etiraz səsləri işğalçıya nəfəs vermək istəyənlərin səsindən qat-qat üstün olduğuna görə sərhədlərin qeyd-şərtsiz açılmasını gözləyənlər öz məqsədlərinə nail ola bilmədilər.
Türkiyə və Azərbaycan dostluğunun, qardaşlığının sarsılmazlığına dəlalət edən növbəti addım isə qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mayın 17-də rəsmi səfərlə Bakıya gəlməsi oldu. Qafqazda, Orta Asiyada, Yaxın Şərqdə və ümumiyyətlə, dünyanın hər yerində nüfuzu gündən-günə artan Türkiyə Cümhuriyyətinin rəhbərliyi bir daha sübut etdi ki, Ankara-Bakı dostluğu və qardaşlığı bütün türk dünyasının gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Cənab Ərdoğanın Bakıda söylədiyi "Əlaqələrimiz bundan sonra da eyni şəkildə, eyni qətiyyətlə davam edəcəkdir" - ifadəsi Ankara-Bakı münasibətlərində soyuqluq yaratmaq istəyənlərə verilmiş konkret cavab idi. Həmin qüvvələrə ünvanlanmış daha bir qəti mövqeni isə bədxahlarımız Prezident İlham Əliyevin dilindən eşitdilər: "Bir daha gördük ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, xalqlarımız bir-biri ilə sıx əməkdaşlıq edir, bütün birgə təşəbbüslərimiz, layihələrimiz uğurla icra edilir". Yəni Türkiyə ilə Azərbaycan daim birlikdədirlər, eyni mövqedən çıxış edirlər, bir-birini dəstəkləyirlər.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.