Azərbaycanla Macarıstan arasındakı qarşılıqlı sıx əməkdaşlıq əlaqələrin yüksək səviyyədə olmasının təzahürüdür

Mən Macarıstan ilə Azərbaycan arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm. Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}


Biz Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar Sizi təbrik edirik. Siz bu müddət ərzində çox yüksək nəticələr əldə etmisiniz. Avropada bu nəticələr haqqında danışarkən deyirlər ki, Avropadakı ölkələrə bu nəticələri əldə etmək üçün bəlkə də 100 il lazım olardı.
Pal ŞMİTT Macarıstan Respublikasının Prezidenti

{nl}


Azərbaycan müstəqillik qazandıqdan sonra qarşıda duran əsas vəzifələrdən biri dünyanın inkişaf etmiş dövlətləri və nüfuzlu beynəlxalq qurumları ilə əlaqələr yaratmaq idi. Dövlət müstəqilliyinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsində, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və dünyaya inteqrasiya prosesinə sıx cəlb olunmasında beynəlxalq təşkilatların, habelə qüdrətli dövlətlərin rolundan, təcrübəsindən istifadə etmək böyük əhəmiyyət kəsb edirdi. Azərbaycanın həyata keçirdiyi xarici siyasət müstəqil dövlətimizin mövqelərini getdikcə möhkəmləndirir, əlaqələrini genişləndirirdi.
Dövlətimizin başçısı Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığa xüsusi önəm verirdi. Çünki bu dövlətlər regional, dövlətlərarası və beynəlxalq münasibətlər sahəsində özlərinin xarici siyasət prioritetlərini müəyyən edərək, planetin sivilizasiyalı qaydaları arasında dünyada özünəməxsus yerlərini tuturlar. Azərbaycan Respublikasının ardıcıl siyasətinin doğurduğu inam və rəğbət Mərkəzi və Şərqi Avropa dövlətlərinin Azərbaycana artan marağını və ölkələrimiz arasında xoş münasibətlər yaranmasını şərtləndirmişdir. Ölkəmizə olan inam və rəğbətin təzahürləri bu gün özünü artıq açıq şəkildə göstərir. Artıq Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə artır. Onu da qeyd edək ki, hazırda Azərbaycan dünya birliyində sayılıb-seçilən dövlətlər sırasına qoşulmaqdadır. Bir qədər əvvəl ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də bunu təsdiqləyir. Nəzərə alsaq ki, bu seçim zamanı dünyanın 155 dövləti Azərbaycana etimad göstərərək dəstəklədi, bu, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun sürətlə artmasından xəbər verir.
Azərbaycanın dünya birliyinə inteqrasiyası, inkişaf etmiş dövlətlərlə əlaqələrinin yeni mərhələyə qədəm qoyması göz önündədir. Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olmuş Macarıstan Respublikasının Prezidenti Pal Şmitt də bu inkişafı yüksək qiymətləndirdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçkilərində Azərbaycanın rəqiblərindən biri də Macarıstan Respublikası idi. Ölkəmizin bu sahədə qazandığı parlaq qələbəni yüksək qiymətləndirən Prezident Pal Şmitt mətbuata bəyanatında demişdir: "Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, biz Birləşmiş Millətlər Təşkilatı çərçivəsində çox dostcasına, mehribancasına bir mübarizə apardıq. Biz də istərdik ki, qeyri-daimi üzvlüyə seçilək. Lakin Azərbaycanın qələbəsi, həmçinin bizim də ürəyimizcə oldu. Biz Azərbaycana sıx, yaxın tərəfdaş kimi yanaşırıq. Bizim mədəni köklərimiz vardır".
İkitərəfli münasibətlər çərçivəsində Macarıstan ilə Azərbaycan arasındakı əlaqələrdən məmnunluq ifadə edən Prezident Pal Şmitt Avropa İttifaqı ilə münasibətlər sahəsində də bir çox addımlar atıldığını diqqətə çatdırdı: "Biz bundan sonra da əlimizdən gələni edəcəyik ki, Azərbaycan xalqı mümkün qədər qısa müddət ərzində asanlıqla vizalar ala bilsin və səfərlər etsin".
Azərbaycan və macar xalqları arasında münasibətlərin tarixi uzaq keçmişə təsadüf edir. Bu xalqları bir-birinə bağlayan əsas amillərdən biri mədəniyyət və dil sahələrində oxşarlıqdır. Azərbaycan Prezidenti İlham Əliyev macar və Azərbaycan xalqları arasındakı münasibətlərin qədim tarixə malik olduğunu vurğulayaraq dedi ki, hələ XV-XVII əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətləri ilə macar krallıqları arasında diplomatik əlaqələr və ticarət münasibətləri mövcud olmuşdur. Müxtəlif dövrlərdə Azərbaycan ədəbiyyatının görkəmli simalarının əsərləri macar dilinə, macar ədiblərinin əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. Dövlətimizin başçısı vurğulamışdır ki, Azərbaycan muğamı və Azərbaycan simfonik musiqisi Azərbaycanda maraqla dinlənilir. Bu da ölkəmizin adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə Macarıstanda hörmətlə yanaşılmasının nəticəsidir. Ümumilikdə, Macarıstan Azərbaycanı regionda ən inkişaf etmiş dövlət hesab edir. Bununla yanaşı Azərbaycan Macarıstan üçün regionda yaxın dost və mühüm tərəfdaşdır.
Macarıstan Prezidentinin ölkəmizə səfəri zamanı mədəniyyət, təhsil, elm və digər sahələrdə mövcud münasibətləri daha da dərinləşdirmək üçün əlverişli məqam yarandığı xüsusi vurğulandı. Biznes sahəsində də əlaqələrin genişləndiyi diqqətə çatdırıldı. Məlum olduğu kimi, Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdəndir və iqtisadiyyatın inkişaf tempini qoruyub saxlayır. İri infrastruktur layihələrin həyata keçirilməsində də artıq böyük təcrübəyə malikdir. Bununla yanaşı, Azərbaycan zəngin təbii ehtiyatlara malik dövlətdir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri nəinki bizim, eyni zamanda, region ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Azərbaycanın Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirilir. Xüsusi olaraq qeyd olunmalıdır ki, Azərbaycanın nefti artıq bir neçə ildir ki, Avropa bazarlarına çıxarılır. Bu baxımdan ölkəmizlə əməkdaşlığı daha da genişləndirmək dünya dövlətlərinin maraq dairəsindədir.
Macarıstanın Prezidenti Pal Şmitt də ölkəmizin yüksələn xətt üzrə inkişaf etdiyini bildirdi və Azərbaycanı regionun mühüm ölkəsi hesab edərək dedi: "Azərbaycan bizim üçün strateji tərəfdaşdır, münasibətlərimizdə heç bir problem yoxdur. Münasibətlərimizdə, əlaqələrimizdə onları əngəlləyən hər hansı bir meyar mövcud deyildir. Biz hesab edirik ki, məqsədimiz məhz müxtəlif sahələrdə əməkdaşlıq etməkdir. Biz olduqca maraqlıyıq ki, iki tərəf arasında birbaşa əməkdaşlıq aparılsın, ticarət palatalarımız əməkdaşlıq etsin və hər iki tərəfin birbaşa imkanları olsun. Biz mütləq bunun üçün şərait yaratmalıyıq".
Macarıstan Prezidentinin ölkəmizə səfəri zamanı xalqımızı çox ciddi narahat edən Dağlıq Qarabağ probleminin nizamlanması əsas mövzulardan oldu. Münaqişənin nizamlanmasında Azərbaycanın mövqeyini açıqlayan Prezident İlham Əliyev bildirdi ki, bizim mövqeyimiz beynəlxalq hüququn normalarına əsaslanır. Dövlətimizin başçısı dedi: "Bizim mövqeyimiz beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar əsasında formalaşmışdır. Bu münaqişənin həlli əlbəttə ki, yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında olmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilməlidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın torpaqlarından çıxarılmalıdır. Azərbaycan vətəndaşları öz doğma torpağına qayıtmalıdırlar. Məsələ ilə bağlı kifayət qədər böyük sayda qərarlar verilmişdir. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli mövqeyini bildirmişdir. Biz ümid edirik ki, tezliklə bu məsələ beynəlxalq normalar əsasında Azərbaycanın ərazi bütövlüyü şərti ilə həllini tapacaqdır".
Macarıstanın Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti və davamlı şəkildə sadiq olduğunu vurğulayan Prezident Pal Şmitt regiondakı dondurulmuş münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirməklə bu istiqamətdə Prezident İlham Əliyevin mövqeyini dəstəklədiyini bəyan etdi.
Prezident Pal Şmitt ölkəmizə səfəri zamanı Heydər Əliyev Fondunu da ziyarət etmişdir. Fondun məqsədi və fəaliyyəti barədə qonağa ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirir və bununla da Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Macarıstan Prezidenti böyük tarixi şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxşiş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu. Həmçinin xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı. Fondla tanışlıqdan sonra Prezident Pal Şmitt xatirə kitabına ürək sözlərini yazdı.
Macarıstan Prezidentinin ölkəmizə səfəri çox zəngin olmuşdur. İki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə və qarşılıqlı əlaqələrin daha da sıx tellərlə bağlanmasına zəmin yaradan sənədlərin imzalanması da bunu təsdiqləyir. Azərbaycanla Macarıstan arasında vergi inzibatçılığı sahəsində əməkdaşlığa dair Memorandum, hərbi sahədə əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Macarıstan Respublikasının Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu, hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında və fövqəladə hallar zamanı əməkdaşlıq və qarşılıqlı yardım sahəsində sənədlər imzalanmışdır.
Azərbaycana ilk səfərindən böyük məmnunluq ifadə edən Macarıstan Prezidenti ölkəmizin sürətli inkişaf yoluna qədəm qoymasını yüksək qiymətləndirərək "Avropadakı ölkələrə bu nəticələri əldə etmək üçün bəlkə də 100 il lazım olardı" fikrini vurğuladı.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında