Oktyabrın 29-da - Türkiyə Respublikasının Cümhuriyyət bayramı günündə Naxçıvan şəhərində Türkiyə dövlətinin qurucusu və memarı Mustafa Kamal Atatürkün abidəsinin açılışı olmuşdur. Tədbirdə Azərbaycan Respublikasının və Türkiyə Respublikasının dövlət himnləri səsləndirilmişdir.
Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Ayhan Enginar 1923-cü il oktyabrın 29-da müstəqilliyini bütün dünyaya bəyan edən Türkiyə Respublikasının böyük tarixi inkişaf yolu keçdiyini bildirərək demişdir ki, tarixdə yaşadıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan xalqları hər zaman bir-birinin yanında olmuşlar. Baş konsul demişdir ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikasının yaxın bölgələri arasında tarixən yaranmış münasibətlərdə də öz əksini tapır. Bu gün Naxçıvan şəhərində Türkiyə dövlətinin qurucusu və memarı Mustafa Kamal Atatürkün abidəsinin açılması da bu əlaqələrin uğurlu inkişafının məntiqi nəticəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək demişdir:
- Qardaş Türkiyədə oktyabrın 23-də baş vermiş zəlzələ böyük dağıntılara və insan tələfatına səbəb olmuşdur. Bu faciə barədə xəbər bütün Azərbaycanda, eləcə də onun ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasında da dərin sarsıntı ilə qarşılanmış, böyük kədər hissi doğurmuşdur. Çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə Cümhuriyyətinin hökumətinə və xalqına bir daha dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram.
Ali Məclisin sədri Naxçıvanda Atatürk abidəsinin açılışı və Türkiyə Respublikasının Cümhuriyyət bayramı münasibətilə tədbir iştirakçılarını, qardaş Türkiyə xalqını ürəkdən təbrik etmiş, abidənin ucaldılmasında əməyi olanlara təşəkkürünü bildirərək demişdir:
- Türkiyə Respublikasının Cümhuriyyət bayramı günündə Naxçıvan şəhərində Atatürk prospektində ucaldılan Atatürk abidəsi bu böyük şəxsiyyətin xatirəsinə dərin ehtiramın ifadəsi, Azərbaycan-Türkiyə dostluğuna layiqli töhfədir. Mustafa Kamal Atatürk təkcə Türkiyə Respublikasının yox, Azərbaycanın da siyasi tarixində özünəməxsus yeri olan dahi şəxsiyyətlərdəndir. Lider, şəxsiyyət tarixdə böyük rol oynayır. XIV əsrdə Osmanlı dövlətinin məşhur siyasi xadimlərindən olan Əbdürrəhman ibn-Haldun yazırdı ki, "birlik ruhuna əsaslanıb dövlət qurmaq üçün xalq bir araya toplanaraq qüvvət, qüdrət və üstünlük sahibi olmalı və bir ideal ətrafında birləşməlidir".
Ali Məclisin sədri demişdir:
- Bundan 6 əsr sonra, ötən əsrin 20-ci illərində xalqı bir ideal ətrafında birləşdirməyin, müstəqil və müasir dövlət qurmağın yolunu böyük Atatürk göstərdi. Onun siyasi səhnəyə gəlişi Türkiyə üçün olduqca ağır bir dövrə təsadüf edirdi. O dövrdə bağlanmış Mudros müqaviləsinə əsasən, Türkiyə imperatorluğu faktiki olaraq mövcudluğunu dayandırmış, xarici dövlətlər Türkiyə ərazilərini bölüşdürmüş, bir qismini isə işğal etmişdilər. Bir yandan da ermənilər öz dövlətlərini yaratmaq üçün Türkiyənin 6 vilayətinə qarşı ərazi iddiası irəli sürmüş və silahlı mübarizəyə başlamışdılar. Göründüyü kimi, çox gərgin vəziyyət yaranmış, işğal faktını qəbul etməkdən başqa yol qalmamışdı. Lakin yol vardı. O da türk xalqının siyasi iradəsi idi. O dövrün tarix və arxiv materialları Türkiyə torpağının hər qarışı uğrunda gedən azadlıq mübarizəsinin gərginliyi barədə aydın təsəvvür yaradır. Bəli, qardaş Türkiyə böyük itkilər vermiş, lakin məğlub olmamış, dövlətçiliyini və torpağını qoruyub saxlamışdır.
O ağır günlərdə Azərbaycan xalqının da Türkiyə xalqına hər cür qardaşlıq köməyi göstərdiyini, İstiqlal savaşına öz dəstəyini verdiyini bildirən Ali Məclisin sədri demişdir ki, istər Sakariya, Balkan və Birinci Dünya müharibəsi cəbhələrində, Çanaqqala döyüşlərində, istərsə də Atatürkün başçılıq etdiyi İstiqlal savaşında minlərlə Azərbaycan türkü yaxından iştirak etmiş, Türkiyənin istiqlaliyyəti uğrunda vuruşmuş, igidlik göstərmiş və şəhid olmuşdur. Atatürk milli qurtuluş mübarizəsinin başlandığı ilk aylarda Naxçıvanın nüfuzlu şəxsləri ilə əlaqə saxlamış, 1919-cu ilin iyul və avqust aylarında keçirilən tarixi Ərzurum Konqresində Naxçıvan nümayəndələrinin iştirakı üçün ciddi səylər göstərmişdir. "Ya Vətən, ya ölüm" şüarı ilə Ərzurumdan başlanan milli qurtuluş savaşında Atatürk xalqı vahid bir ideal müstəqil Türkiyə uğrunda birləşdirə bilmiş, son nəticədə bu mübarizə Türkiyə Respublikasının yaradılması ilə başa çatmışdır. Müstəqil, müasir Türkiyə Respublikasının yaradılması Mustafa Kamal Atatürkün türk xalqı qarşısında ən böyük xidmətidir.
Ali Məclisin sədri demişdir:
- Atatürkün tərcümeyi-halını, mübarizələrlə dolu həyatını göz önünə gətirsək, aydın görmək mümkündür ki, o, qardaş Türkiyənin inkişafı üçün nə mümkündürsə, hamısını etmişdir. Bunun nəticəsində olduqca qısa müddətdə ölkədə əsaslı dəyişikliklər baş vermiş, böyük islahatlar aparılmış, iqtisadiyyat yenidən qurulmuş, xarici dövlətlərdən asılılıq aradan qaldırılmış, müstəqilliyin qarantı olan qüdrətli türk ordusu yaradılmışdır.
Mustafa Kamal Atatürkün tarixdə ən böyük xidmətlərindən biri də Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin əsasını qoyması, bu münasibətləri ilk dəfə olaraq Türkiyə xarici siyasətinin əsas elementlərindən birinə çevirməsidir. Müstəqil Türkiyənin qüvvətlənməsi üçün Azərbaycanın da müstəqilliyinin və qüvvətlənməsinin vacib olduğunu əsas götürən Atatürk deyirdi ki, bir zaman parçalanacaq imperiyanın idarəçiliyində olan "dili bir, dini bir, mahiyyəti bir qardaşlarımızla" əlaqələrimizi möhkəmlətməliyik.
Qeyd olunmuşdur ki, ötən əsrin əvvəllərində milli lider Mustafa Kamal Atatürk tərəfindən əsası qoyulmuş Azərbaycan-Türkiyə birliyi və strateji tərəfdaşlığı həmin əsrin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən davam etdirilmişdir. Əgər müstəqil Türkiyənin qurucusu Mustafa Kamal Atatürk Türkiyə-Azərbaycan dövlətlərarası münasibətlərinin əsasını qoymuşdursa, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərini "bir millətin iki dövləti" səviyyəsinə qaldırmışdır.
Böyük Atatürkün siyasi və dövlətçilik xəttinə yüksək qiymət verən ulu öndərimiz vaxtilə Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsi üçün Atatürk tərəfindən alınmış 11 kilometrlik ərazidə Sədərək-Dilucu körpüsünü tikdirərək hər iki xalqın istifadəsinə vermiş, ali hakimiyyətə ikinci qayıdışından sonra isə Azərbaycanda Atatürk Mərkəzini yaratmışdır.
Ali Məclisin sədri çıxışını ümummilli liderimizin siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin bu fikirləri ilə tamamlamışdır: "Heydər Əliyev Atatürkün mədəni, tarixi irsinə həmişə sadiq olan bir şəxsiyyət idi və bugünkü Azərbaycan məhz bu yolla gedir".
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Türkiyənin Naxçıvandakı baş konsulu Ayhan Enginar abidənin üstündən örtüyü götürmüş, abidə önünə gül düzmüşlər.
Tədbir iştirakçıları da Atatürk abidəsinin önünə gül qoymuşlar.
Sonra Naxçıvan qarnizonunun hərbi orkestrinin çıxışı olmuşdur.
Mustafa Kamal Atatürkün büstünün müəllifi türkiyəli heykəltəraş Mətin Yurdanurdur.
Abidənin ətrafında abadlıq işləri aparılmış, gül kolları əkilmiş, işıqlandırma sistemi quraşdırılmışdır.
* * *
Elə həmin gün Türkiyə Respublikasının Cümhuriyyət bayramı münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğu tərəfindən "Duzdağ" hotelində rəsmi qəbul təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.