Milli Məclisin sədri Oqtay Əsədov: Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar status-kvo dəyişməlidir

Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 27-də Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Milli Məclisin sədri demişdir ki, bu cür görüşlər münasibətlərimizin dərinləşməsinə xidmət edir və Avropa İttifaqının bölgəyə xüsusi diqqəti regiondakı münaqişələrin ədalətli həllinə inamı artırır.
O.Əsədov bildirmişdir ki, Azərbaycan Avropaya inteqrasiya prosesinin fəal iştirakçılarındandır. Avropa İttifaqı ilə əməkdaşlıq ölkənin xarici siyasətinin prioritet istiqamətlərindəndir. Biz Avropa Parlamenti ilə də əlaqələrin genişlənməsində maraqlıyıq. Bu baxımdan, Avropa Qonşuluq Siyasəti proqramının Cənubi Qafqazda təhlükəsizliyin qorunmasına töhfə verəcəyinə inanırıq. Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində də əlaqələrimiz yüksək səviyyədədir. Bununla yanaşı, istərdik ki, Avropa İttifaqının qonşu ölkələrlə siyasəti daha tarazlı olsun. Qarşılıqlı şəkildə tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi vacib məsələlərdəndir. Bu baxımdan qarşı tərəfin Azərbaycanın ərazi bütövlüyünün qorunmasına dəstək verməsi bizim üçün çox önəmlidir.
Sədr vurğulamışdır ki, sürətlə inkişaf edən, demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycan regionda lider və etibarlı tərəfdaş imici qazanmışdır. Azərbaycan bütöv bir bölgənin iqtisadi tərəqqisinə xidmət edə biləcək qlobal layihələrin fəal iştirakçısıdır. Regiondakı strateji əhəmiyyətli heç bir layihə bu gün Azərbaycansız gerçəkləşə bilməz. Ölkəmiz Avropanın enerji təhlükəsizliyi sisteminə öz layiqli töhfəsini verməkdədir.
Bütün bunlarla yanaşı, Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına və Avropaya inteqrasiya proseslərinə ciddi əngəl törədir. Münaqişənin uzun müddət həll olunmaması Avropanın da təhlükəsizliyini təhdid edir. Biz problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq. İyirmi ilə yaxındır ki, problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Təəssüflər olsun ki, məsələnin həllində hələ ki, real bir nəticə yoxdur. Bu qeyri-müəyyənlik doğma yurd-yuvalarından didərgin düşmüş insanları, bütün ölkə vətəndaşlarını çox narahat edir. Bəzən bizə deyirlər ki, münaqişəyə cəlb olunmuş tərəflər öz aralarında razılığa gəlsinlər, biz də bunu dəstəkləyərik. Onda sual olunur, belə halda vasitəçilik missiyasına nə ehtiyac var?
BMT-nin, Avropa Şurasının, digər nüfuzlu qurumların qətnamə və qərarlarına məhəl qoymayan Ermənistan bu gün də işğalçılıq siyasətini yeritməkdə davam edir. Bəzən BMT-nin müəyyən məsələ ilə bağlı qəbul etdiyi qərar çox tez bir zamanda dünya dövlətləri tərəfindən həyata keçirilir. Nədənsə, Dağlıq Qarabağ problemi ilə bağlı biz bu qətiyyəti hiss etmirik. Ancaq bir həqiqət var ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar status-kvo dəyişməlidir. Problem uzun müddət öz həllini gözləyə bilməz. Təəccüblü deyil ki, nüfuzlu beynəlxalq qurumların məsələyə bu cür münasibəti işğalçı Ermənistanı daha da ruhlandırır. İqtisadiyyatı bərbad olan Ermənistan indi də işğal olunmuş Azərbaycan torpaqlarından keçməklə Ermənistana yol çəkmək istəyir. Onlar anlamalıdırlar ki, Azərbaycana sərmayə yatırırlar, çünki gec-tez bu ərazilər bizə qaytarılacaq. Bu, beynəlxalq hüququn tələbidir. Göründüyü kimi, danışıqlar prosesini pozmaq üçün rəsmi Yerevan təxribat xarakterli hərəkətlərindən əl çəkmir.
Biz 2010-cu ildə Avropa İttifaqının Cənubi Qafqaz üzrə strategiyasına dair qəbul etdiyi qətnaməni yüksək qiymətləndirir, bunu müsbət addım hesab edirik. Sənədə səs vermiş siyasətçilər, əslində, Azərbaycanın haqq səsinə, beynəlxalq hüquqa və ədalətə səs vermişlər. İnanırıq ki, beynəlxalq birliyin səyi nəticəsində Dağlıq Qarabağ münaqişəsi tezliklə öz məntiqi həllini tapacaqdır.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə xalqımızı və Milli Məclisin sədrini təbrik etmişdir. Bildirmişdir ki, bu, Azərbaycan diplomatiyasının qələbəsidir, aparılan düzgün xarici siyasətin nəticəsidir.
Qeyd edilmişdir ki, Avropa İttifaqı Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük önəm verir. Regionda baş verən proseslər diqqətlə izlənilir. Filip Lefort demişdir ki, biz Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirir və onun bölgədə oynadığı rolu yaxşı başa düşürük. Bu baxımdan, Avropa İttifaqı regiondakı münaqişələrin sülh yolu ilə ədalətli həllində maraqlıdır.
Söhbətdə ikitərəfli əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı Roland Kobia və digər rəsmi şəxslər iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında