Avropa Şurası separatizmin bütün təzahürlərini dövlət müstəqilliyinə qarşı ən ciddi təhlükə kimi rədd edir

AŞPA-nın payız sessiyasında ən böyük maraq doğuran və geniş diskussiyalara səbəb olan məruzələrdən biri "Milli müstəqillik və dövlətçilik beynəlxalq hüquqda - izahlar ehtiyacı" adlanırdı. Almaniyalı deputat Marina Şusterin təqdim etdiyi bu məruzənin aktuallığını şərtləndirən əsas amillərdən biri Avropa Şurasının üzvü olan bir çox ölkələrdə ərazi bütövlüyünə, sərhəd toxunulmazlığına qarşı ayrı-ayrı təmayüllərin, separatizm hallarının meydana çıxması, beynəlxalq hüquqda bu sahədə müəyyən boşluqların mövcudluğudur.
Deputat Rafael Hüseynov problemin mahiyyəti və mövzunun Azərbaycan gerçəkliyində əks olunması ilə əlaqədar bir çox həssas məqamlara diqqət yönəldərək demişdir: "Müasir dünyanın bu gün üz-üzə olduğu bir neçə çox ciddi təhlükə var ki, onlara qarşı mübarizədə bütün ölkələr həmrəy olmalıdır. Terrorizm, narkotiklərin yetişdirilməsi və dövriyyəsi bir dövlətə və bir xalqa qarşı deyil, bütövlükdə insanlıq əleyinə olan cinayətlərdir. Bu sırada separatizmin də ayrıca yeri vardır. Zahirən separatizm konkret bir, ya bir neçə dövlətlə bağlı baş verən hadisə olsa da, əslində onun zərbə dalğası daha geniş radiusu əhatə edir. Nüvə reaksiyası kimi onun zəncirvarı artıb-şiddətlənmək, qlobal faciələrə təməl olmaq xüsusiyyəti də vardır. Dövlət cəmiyyətin nizamını qoruyub saxlamaq və onu inkişaf etdirmək üçün yaradılmış bir mexanizmdirsə, separatizm dövlət anlayışını dağıtmağa yönəlmiş qəsddir. Separatistlərin saxta məntiqinə görə guya bu hərəkətdə də məqsəd layiq olduğu müstəqilliyi qazanmaq, öz dövlətini qurmaqdır. Lakin separatizm üzdən nəcib görünə biləcək bu niyyəti qəbul edilmiş qanunlara və hüquq normalarına zidd olaraq həyata keçirməyə, mövcud dövlətlərin tanınmış və qanunla təsbit edilmiş sərhədlərini və ərazi bütövlüyünü pozmaqla reallaşdırmaq istədiyindən istənilən təzahür formasında təhlükəlidir. Dünyanın hansı güşəsində baş verməsindən asılı olmayaraq, belə avantüralara qarşı beynəlxalq birliyin etirazı yekdil, mütəşəkkil və qəti olmalıdır. Çünki dağıdıcı qüvvələrin həmrəyliyi və səsləşməsi ani olaraq yaranır. Həyatda, cəmiyyətdə rast gəlinən yüzlərlə, minlərlə gözəl nümunədən fərqli olaraq, təəssüf ki, pis nümunələrin, arzuedilməz presedentlərin əks-sədası dərhal yaranır və ildırım sürəti ilə yayılır. Separatizm təhlükəsindən isə terrorizm, narkotiklər və nüvə təhlükəsindən olduğu kimi, heç bir ölkə yüzfaizli sığortalanmayıb və istənilən anda bu bəlalarla qarşılaşmaq qorxusu mövcuddur.
Məhz bu reallıq dövlət müstəqilliyi anlayışını əhatə edən bütün komponentləri hüquqi nöqteyi-nəzərdən sona qədər cilalamağı, qanundakı bütün boşluqları aradan qaldırmağı tələb edir ki, separatist cəhdlərə imkan verə biləcək ən kiçik əlyeri belə qalmasın.
20 il əvvəl dünyada ümid və arzu daha çox idi. Çünki 20 il əvvəl dünyanın iqtisadi və siyasi mənzərəsi başqa idi və tamam fərqli bir xəritə ortada idi. Dünyadakı müstəqil dövlətlərin sayı indikindən xeyli az idi və hansısa nəhəng sistem və dövlətlərin içərisində asılı, yaxud yarımmüstəmləkə şəklində yaşamağa məcbur qalmış xalqlar müstəqillik arzusunda idilər, illərlə həmin istiqlalın gəlib yetişəcəyinə ümidlər bəsləyirdilər. Mənim ölkəm Azərbaycan da onlardan biri idi. XX əsrdə Yaxın və Orta Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda qurulmuşdu. Lakin həmin müstəqil dövlət vur-tut 2 ilə yaxın ömür sürmüş və sonra Azərbaycan bir çox digər xalqlar və ölkələr kimi 70 il sovet imperiyası daxilində, qapalı bir sistemdə yaşamağa vadar olmuşdu. 1991-ci ildə Azərbaycan əsrin əvvəlində itirdiyi müstəqilliyi SSRİ-nin dağılması ilə yenidən bərpa etdi və bu ay biz həmin müstəqilliyin 20 yaşını bayram edəcəyik. Lakin bütün bu müddət ərzində Azərbaycan daim separatizmdən əziyyət çəkib. Bu da Sovet İttifaqının, totalitar rejimin daha bir kədərli mirasıdır. SSRİ elə bir iblis planı ilə qurulmuşdu ki, ona daxil olan respublikaların hər birində separatizm üçün bir bəhanə vardı.
Hazırkı Ermənistan dövlətinin böyük hissəsi, o cümlədən paytaxtı Yerevan şəhəri XX əsrin əvvəllərinə qədər tarixən Azərbaycana məxsus olmuş ərazilərdə yerləşir ki, bu torpaqları məhz sovet rəhbərliyi Azərbaycandan alaraq onlara verib. Bu azmış kimi mövcudluğunun son illərində, 1980-ci illərin axırlarında sovet rəhbərliyi Azərbaycana qarşı separatist bir təmayülün də başlanğıcını qoydu. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon məhz həmin siyasətin nəticəsi olaraq işğal edildi. Ermənistan dövləti, onu himayə edən qüvvələr və Dağlıq Qarabağdakı separatçılar muxtariyyət pərdəsi altında 20 ilə yaxındır ki, bu təcavüzü davam etdirirlər. Azərbaycanın dünya birliyi tərəfindən rəsmən təsdiq və qəbul edilmiş ərazi bütövlüyünə, Azərbaycanın dövlət müstəqilliyinə qarşı olan bu qəsdə səbir etmək, onu aradan qaldırmaq üçün qətiyyətli addımlar atmamaq Avropadan ötrü də, bütün başqa qitələr üçün də daimi barıt çəlləyidir. Mən hələ yaxın Avropanı demirəm, uzaq Amerikada, yaxud Avstraliyada oturub Azərbaycanın dövlət müstəqilliyinə qarşı bu qəsdləri sakitcə seyr edənlər unutmasın ki, bu nümunə, bu cür davam edən vəziyyət, separatizmin belə cəzasız qalması sabah onların özlərinə qarşı başqa separatçıların baş qaldırması üçün hazırlanan bünövrədir. Bizim haqqımızda düşünməyə, qayğımıza qalmaya bilərsiniz. Barı öz gələcək taleyinizdən narahat olun!".
Milli Məclisin deputatı Aydın Abbasov çıxışında bildirmişdir ki, Şərqdə ilk demokratik respublika 1918-ci ildə Azərbaycanda qurulmuşdur. Bu respublika cəmi 23 ay fəaliyyət göstərmişdir. Suverenliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan 1991-ci ildə öz suverenliyini yenidən bərpa etmiş və Avropaya inteqrasiya yolu seçmişdir. Ölkəmiz öz ərazi bütövlüyünü qorumaqda çox çətin məqamlarla üzləşmişdir. Dövlətin ərazi bütövlüyü milli suverenliyin əsas prinsipidir.
Ermənistanın himəyədarlığı ilə öz müqəddəratını təyin etmək prinsipindən çıxış edən Dağlıq Qarabağ erməniləri Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozurlar. Beynəlxalq hüquq dövlətin razılığı olmadan onun ərazi bütövlüyünün və suverenliyinin pozulmasını qanunsuz hesab edir. Öz müqəddəratını təyin etmək yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.
Avropa Şurası hər bir üzvünün milli suverenliyi məsələsində ciddi düşünməlidir. Biz gələcəyə qorxusuz və ümidlə baxmalıyıq. Azərbaycanın suverenliyinin təmin olunması bütün Qafqazın sabit inkişafının, təhlükəsizliyinin qarantı ola bilər.
Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva da çıxışında problemin ümumi mahiyyəti ilə bağlı bir sıra təfərrüatlara toxunsa da, digər azərbaycanlı həmkarları kimi Azərbaycanın suverenlik yolunda üzləşdiyi problemlər və nailiyyətlərdən ətraflı bəhs etmişdir.
Ermənistan nümayəndə heyəti məruzənin mətninə bir sıra əlavələr və dəyişikliklər etmək üçün təkliflər irəli sürmüşdü. Bu təkliflərin əksər hissəsi mahiyyəti etibarilə suverenlik əleyhinə yönəlmiş, separatist ruhlu olduğundan müzakirələr zamanı qəbul olunmamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında