Nikola SARKOZİ: Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanmasından daha təhlükəli heç nə yoxdur

Fransa və Almaniyanın tarixi nümayiş etdirir ki, ən dərin ağrını yumşaltmaq və ən dərin nifrətə qalib gəlmək, xalqların tarixində hətta ən ağır anlarda belə barış üçün özündə güc tapmaq mümkündür. Trend-in məlumatına görə, Fransa Prezidenti Nikola Sarkozi Ermənistanın "Mediamaks" agentliyinə müsahibəsində Dağlıq Qarabağ ətrafındakı danışıqlar prosesini şərh edərkən demişdir:
"Ölkələrimiz barışığı seçənədək bir-birilə bir neçə onillik ərzində üç dəfə münaqişə etmişdilər. Birinci Dünya müharibəsi illərində Fransa və Almaniya təsəvvürəgəlməz amansızlıqla döyüşmüşdülər. Dəhşət və əzablarla müşayiət olunan İkinci Dünya müharibəsinin dağıntıları üzərində xalqlarımız barışmaq üçün özlərində güc tapdılar və tayı-bərabəri olmayan dostluq qurdular. Həmin dostluq bu gün Avropa quruculuğunun təməl daşıdır".
Fransa Prezidenti qeyd etmişdir ki, ermənilər və azərbaycanlılar da məhz bu yolu tutmalıdırlar: "Sizin üçün də riskli sülh seçimi etmək məqamı çatıb. Çünki xəyallar doğuran, qisasa təhrik edən və hər gün sülhün əldə olunması perspektivlərindən daha da uzaqlaşan status-kvonun saxlanmasından daha təhlükəli heç nə yoxdur".
Nikola Sarkozinin sözlərinə görə, o qədər ölüm və əzablar gətirən müharibədən 17 il keçdikdən sonra münaqişəni həll etmək və barışığa doğru yolu tapmaq vaxtı çatmışdır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranmışdır. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Sarkozinin sözlərinə görə, son illərdə Avropa İttifaqı Cənubi Qafqazda öz rolunu gücləndirmişdir. Fransa istəyir ki, Avropa İttifaqı region ölkələri ilə daha sıx əlaqələr qursun. "Aİ üçün Cənubi Qafqaz strateji regiondur, Aİ ilə assosiativ və tərəfdaşlıq əlaqələri isə əmin-amanlığa, demokratiyanın möhkəmlənməsinə və üç Cənubi Qafqaz ölkəsində dialoqa kömək edəcək", - deyə Sarkozi əlavə etmişdir.
Beynəlxalq birliyin Dağlıq Qarabağ nizamlanması ilə bağlı səylərinə kömək üçün Minsk qrupu formatı mövcuddur. Prezident deyib ki, üç həmsədr ölkədən hər biri iki tərəfin etimadından faydalanır və münaqişənin həlli üçün şərtlərin müəyyən edilməsi prosesində onlarla birgə çalışır: "Lakin əvvəlcə siz özünüz - ermənilər və azərbaycanlılar bu yolu tapmalısınız. Biz kömək edə, müşayiət edə bilərik, lakin biz sizin yerinizə sülhü bərqərar edə bilmərik".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında