Dennis SAMMUT: Avropa İttifaqı Ermənistana qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaq üçün təzyiqi artırmalıdır

Böyük Britaniya Leyborist Partiyasının Liverpulda keçirilən konfransı çərçivəsində "Rusiya, Azərbaycan və Qərb: yeni böyük oyun Avropanın enerji təhlükəsizliyi üçün hansı mənanı daşıyır?" mövzusunda debat təşkil edilmişdir. 
Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən təşkil olunmuş debatlarda Britaniya parlamentinin üzvü Ueyn Devid, Avropa Parlamentinin üzvü Riçard Hauitt, Avropa İslahatları Mərkəzinin direktoru Çarlz Qrant, Münaqişələr və Dövlət Quruculuğu ilə bağlı London İnformasiya Şəbəkəsinin (LİNKS) icraçı direktoru Dennis Sammut iştirak etmişlər.
Britaniya parlamentinin üzvü Mayk Qeypsin sədrliyi ilə aparılmış debatlarda U.Devid bildirmişdir ki, Böyük Britaniya Azərbaycanda ən böyük xarici investordur. 1994-cü ildən etibarən bp şirkəti Azərbaycana 23 milyard ABŞ dolları məbləğində sərmayə qoymuşdur. O qeyd etmişdir ki, ölkə hökuməti dəfələrlə Azərbaycanın Britaniya iqtisadiyyatı üçün əhəmiyyətini vurğulamışdır. U.Devid Xəzərin karbohidrogen ehtiyatlarını Qərbi Avropa ölkələrinə daşıyan "Cənub" qaz dəhlizinin Britaniyada dəstək qazanacağına ümidvar olduğunu demişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Britaniya parlamentinin üzvü məsələnin həllində ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini vurğulamışdır.
M.Qeyps isə bildirmişdir ki, 1994-cü ildən - ikinci neft bumundan sonra Bakı sürətli inkişaf etmişdir. Azərbaycanın neft və qaz gəlirləri iqtisadi şaxələndirmə üçün sərmayə qoyuluşuna sərf edilir. Ölkə neft və qazçıxarma sənayesindən gələn gəliri davamlı şəkildə investisiyaya çevirir.
R.Hauitt demişdir ki, Ermənistanın enerji strukturunun 80 faizi Rusiyaya məxsus olduğu halda, Azərbaycan Avropa İttifaqı ilə güclü və sabit əlaqələr yaratmış ölkə imici qazanmışdır.
D.Sammut isə vurğulamışdır ki, Azərbaycan Qərblə təbii ehtiyatların işlənməsi sahəsində əməkdaşlığa dair qərar qəbul etmişdir. Azərbaycanın əldə etdiyi uğurlardan danışan D.Sammut xatırlatmışdır ki, Avropa İttifaqı Transxəzər kəmərinin inşası ilə bağlı Azərbaycan və Türkmənistan ilə razılaşmanı ratifikasiya etməyi planlaşdırır.
Azərbaycan enerji sektorundan əldə edilən gəliri kifayət qədər şəffaf idarə edən ölkədir, - deyən LİNKS-in icraçı direktoru vurğulamışdır ki, Aİ-nin Azərbaycan ilə əlaqələri növbəti mərhələyə qaldırmaq üçün nadir imkanı vardır. O, "Total" şirkətinin Xəzərdə böyük qaz ehtiyatları aşkar etdiyini xatırladaraq, bu amilin Aİ-nin Azərbaycan ilə gələcək əməkdaşlığını vacib etdiyini demişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan D.Sammut vurğulamışdır ki, məsələ beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində, sülh yolu ilə həll olunmalıdır. Avropa İttifaqı isə Ermənistana qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaq üçün təzyiqi artırmalıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında