Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Polşanın Azərbaycandakı səfiri Mixal Labenda ilə görüşmüşdür. 
Səfir demişdir ki, Polşa əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşməsinə ciddi maraq göstərir.
Müstəqillik illərində Azərbaycanın, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirən Mixal Labenda vurğulamışdır ki, belə sürətli inkişaf düşünülmüş iqtisadi siyasətin məntiqi nəticəsidir.
Səfir Naxçıvanda Şərq-Qərb memarlıq ənənələrini özündə ehtiva edən şəhərsalma mədəniyyətinin formalaşmasının, müasir infrastrukturun yaradılmasının əhəmiyyətini qeyd etmişdir. Qazanılan uğurları Azərbaycanın bu qədim diyarında yaşayan insanların öz doğma el-obalarına sonsuz məhəbbətinin, onun tərəqqisi naminə fədakarlıq göstərməsinin əyani ifadəsi kimi dəyərləndirən səfir ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələrin inkişafı istiqamətində də səyini əsirgəməyəcəyini bildirmişdir.
Qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirən Ali Məclisin sədri Vasif Talıbov demişdir ki, Azərbaycan və Polşa arasında əməkdaşlıq müstəqillik illərində yüksələn xətlə inkişaf etmiş, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əlaqələr genişlənmiş, ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimad güclənmişdir. Dövlət başçılarının səfərləri zamanı bir çox sahələrdə razılaşmaların əldə olunması, müqavilələrin imzalanması qarşılıqlı əlaqələrin inkişafına öz töhfəsini vermişdir.
Naxçıvan Muxtar Respublikasının ərazisi, əhalisi, coğrafi mövqeyi, sosial-iqtisadi inkişafı barədə məlumat verən Ali Məclisin sədri demişdir ki, Naxçıvan 20 il bundan əvvəl Ermənistan tərəfindən blokadaya alınmış, bu işğalçılıq siyasəti nəticəsində muxtar respublikaya ağır maddi və mənəvi zərbələr vurulmuşdur. Bütün bunlara baxmayaraq, müstəqillik dövründə Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolu keçmiş, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət sahələrində mühüm uğurlar qazanılmışdır. Muxtar respublikanın bütün bölgələrində müasir məktəblər tikilmiş, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, internet resurslarından istifadəyə xüsusi diqqət yetirilmiş, təhsil ocaqları Avropada da geniş istifadə olunan elektron lövhələrlə təmin edilmişdir. Hazırda Naxçıvanda 3 ali təhsil ocağı və 3 kollec fəaliyyət göstərir.
Ali Məclisin sədri demişdir ki, sənayenin sürətli inkişafının nəticəsidir ki, muxtar respublikada keyfiyyətli minik avtomobilləri istehsal olunur, yeni sənaye müəssisələri fəaliyyətə başlayır. Bölgə həm də zəngin yeraltı və yerüstü təbii sərvətlərə, əlverişli turizm potensialına malikdir.
Görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Səfir dördgünlük səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələri, qədim tarixi abidələri, görməli yerləri ilə tanış olacaq, bir sıra görüşlər keçirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında