İnformasiya-kommunikasiya texnologiyalarından xaos və qarşıdurma yaratmaq üçün istifadə olunması yolverilməzdir

Akademik Ramiz Mehdiyev Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan dövlətinin həmin məsələyə münasibətini ortaya qoydu
Azərbaycan oxucusunun sentyabrın 21-də və 22-də Rusiyanın Yekaterinburq şəhərində ölkələrin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşü barədə əhatəli məlumatı vardır. Görüşdə respublikamızı təmsil edən Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi akademik Ramiz Mehdiyevin məruzələri həm ölkəmizdə, həm də beynəlxalq aləmdə böyük maraqla qarşılanmışdır.
Qeyd edək ki, akademik Ramiz Mehdiyev əvvəlcə görüşün gündəliyində duran birinci məsələ ilə bağlı "Millətlərarası düşmənçilik və dini dözümsüzlüklə əlaqədar böhranlı vəziyyətlərdə ekstremizmin təzahürlərinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın formalaşdırılması problemləri" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzənin adından da göründüyü kimi, bu məsələ postsovet məkanında xüsusilə aktualdır və həmin bəlaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın formalaşdırılması nəinki zəruridir, hətta, bir çox hallarda dünya ictimaiyyəti gecikir. Çünki müxtəlif regionlarda, xüsusən, Qafqazda bu kimi fəsadlı məsələlərə qarşı nəinki birgə mübarizə aparılmır, hətta, bəzi siyasətçilər ikili standartlardan əl çəkə bilmirlər. Akademik haqlı olaraq qeyd edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasını ekstremizm və separatizm təşkil edir və bu münaqişə bütün Cənubi Qafqaz regionunda təhlükəsizliyə və sabitliyə təhdid mənbəyidir.
Görüşün gündəliyində duran üçüncü məsələ üzrə də məruzə ilə çıxış edən Azərbaycan rəsmisinin "Beynəlxalq informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə ümumi yanaşmalar" mövzusundakı məruzəsi isə bütövlükdə dünya dövlətləri, bəşəriyyət üçün təhlükəli olan bir tendensiyanın aradan qaldırılmasına çağırış kimi səslənir. Ekspert və politoloqların fikrincə, Ramiz Mehdiyevin bu məruzəsi beynəlxalq müstəvidə günün reallıqlarının kifayət qədər yüksək qiymətləndirildiyinə görə alqışlanmalıdır. İnformasiya texnologiyalarının ölkələrin sosial-iqtisadi inkişafında, ümumiyyətlə, hər bir dövlətin həyatında mühüm əhəmiyyət kəsb etdiyi danılmazdır: "Ölkənin firavanlığı və dünya sivilizasiyasında yeri informasiya texnologiyaları sahəsində siyasətin praqmatikliyindən və çevikliyindən asılıdır". Məruzədəki bu tezisin Azərbaycan reallıqlarındakı nümunəsi göz qabağındadır. Prezident İlham Əliyevin xüsusi tapşırıqları ilə ölkəmizdə "Elekton hökumət" formalaşdırılır, iqtisadiyyatın müxtəlif sahələrində elektron idarəetmə geniş tətbiq edilir, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təkmilləşdirmək üçün xüsusi dövlət proqramları icra olunur, şəhər nəqliyyatının elektron idarəetmə sisteminə keçməsi ilə bağlı əhatəli hazırlıq işləri görülür və sairə. Bütün bunlar dövlət siyasətinin praqmatikliyi və çevikliyi nəticəsində reallaşdırılır. Bütün dünyada olduğu kimi, bizdə də bu proses müsbət məcrada gedir və xoşməramlı tendensiya kimi təqdir olunur. Amma çox təəssüf ki, bir çox ölkələrdə bu imkanlardan xoşməramlı məqsədlər üçün deyil, tamamilə əksinə istifadə olunması halları da qeydə alınır. Ona görə də Ramiz Mehdiyev yazır: "İnformasiya məkanının qloballaşması və kütləvi kommunikasiya vasitələri şəbəkəsinin təsiri altında cəmiyyətdə baş verən dəyişikliklər təkcə müəyyən üstünlüklər və mənfəətlərlə məhdudlaşmayıb, həm də sosial-siyasi sahədə informasiya mübarizəsi aparmaq üçün geniş imkanlar açır, bu da öz növbəsində milli və beynəlxalq təhlükəsizliyə təhdid doğurur".
Tamamilə əsaslı narahatlıqdır. Çünki biz bu təhdidlərin konkret nəticələrinin şahidləriyik. Əlbəttə, müxtəlif ekstremist, separatçı, terrorçu və qarətçi qrupların informasiya-kommunikasiya texnologiyalarından xoş niyyətlər üçün istifadə etməsi qətiyyən gözlənilən deyil. Ancaq son zamanlar bu vasitələrdən siyasi məqsədlərlə də geniş şəkildə istifadə edilir. Fikrimizi konkret misalla əsaslandırmaq üçün şahidi olduğumuz bir faktı yada salaq. Bu ilin aprelində ölkənin ali məktəblərinin birində tələbələrin erudisiyasını inkişaf etdirmək və onların dialoq qabiliyyətini artırmaq məqsədiylə keçirilən "Tələbə debatı"nın şahidi olduq. Mövzu "İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyət həyatındakı rolunun mənfi və müsbət tərəfləri" adlanırdı. Müəllimlərin bəziləri israrla bildirirdilər ki, orada mənfi heç nə yoxdur. Ancaq debata çıxan tələbələrin öz arqumentləri var idi. İnternetin müsbət tərəfini qeyd edənlər çoxsaylı arqumentlər gətirdilər və sonda soruşdular - Biz Bakıda oturub Oksford və ya Kembric Universitetinin kitabxanasından bəhrələnə biliriksə, bunun nəyi pisdir? Mövzunun mənfi tərəflərinin də olduğunu sübut etməyə çalışan tələbə daha kəsərli arqumentlə çıxış etdi: - "Üç gün öncə internetdə qonşu ölkələrdən birinin Azərbaycana coğrafi baxımdan daha yaxın olan subyektində yaşayan "alimin" respublikamız haqqında yazdığı cəfəngiyyatın şahidi olduq. Açıq düşmənçilik idi. Azərbaycanın dövlət müstəqilliyinin əldən getməsini istəyən qüvvələrin həmin fitnə-fəsadını hələ ağlı tam formalaşmayan gənclərin və yeniyetmələrin oxuması nə dərəcədə düzgündür? Narkotik vasitələrdən də təhlükəli olan həmin fikirlərin həm bizim ölkəmizdəki, həm də "alim"in yaşadığı ölkədəki gənclərin oxuması birmənalı şəkildə ziyanlıdır".
Məhz bu qəbildən olan faktlar və bədniyyətli əməllər dövlətə daha çox məlumdur və onları əsas götürən akademik Ramiz Mehdiyev yazır: "...Təəssüf ki, informasiyanın təhrif edilməsi, yanlış informasiya verilməsi, müasir informasiya texnologiyalarından müxtəlif cinayətlər, məqsədyönlü qanunsuz əməllər törədilməsi üçün, o cümlədən terror məqsədi ilə istifadə edilməsi bu gün adi hala çevrilib". Bu, beynəlxalq aləmdəki reallığı özündə əks etdirən konkret fikirlərdir. Yəni, həqiqət belədir. Bəs çıxış yolu nədədir? Ramiz Mehdiyev öz məruzəsində yaranmış vəziyyətdən çıxış yollarını da göstərir: "Bizim fikrimizcə, universal səviyyədə informasiya məkanında fərdin təhlükəsizliyinin və azadlığının mənafeləri əsasında tarazlığa, habelə qlobal informasiya mübadiləsinin iştirakçılarının hüquq və vəzifələrinin tarazlığına əsaslanan informasiya təhlükəsizliyinin vahid standartlarının və meyarlarının müəyyən edilməsi zəruridir". Təbii ki, beynəlxalq məkanda bu standart və meyarlar vahid şəkildə müəyyənləşərsə, informasiya-kommunikasiya texnologiyalarından hərə öz istədiyi məqsədlə və öz istədiyi kimi istifadə edə bilməz. İndiyədək demək olar ki, hərənin öz meyarı, öz standartı var.
Əlbəttə, müasir dünya düzəni elədir ki, heç kəs təkbaşına öz informasiya təhlükəsizliyini təmin edə bilməz. Ona görə də Azərbaycan bu sahədə Avropa Şurası, Avropa Komissiyası, NATO, Beynəlxalq Elektrik Rabitəsi İttifaqı və başqa beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Bu sahədə olan beynəlxalq konvensiyalara da qoşulmuşuq. Ancaq bütün bunlara baxmayaraq yenə də müəyyən təhdidlərlə üzləşirik. Məruzədə həmin məqam bu şəkildə ifadə edilir: "Təəssüf ki, Azərbaycan aşkar informasiya təhrikçiliyi nümunələri ilə çox tez-tez üzləşir. Bu hallarda kibernetik məkanda separatçı fəaliyyətə açıq çağırışlar müşahidə olunur, dövlətin ərazi bütövlüyü şübhə altına qoyulur. Vurğulamağa dəyər ki, bu cür hərəkətlər çox vaxt qonşu Ermənistanın informasiya strukturları tərəfindən törədilir".
Akademik Ramiz Mehdiyev Azərbaycan adından qeyd etdiyimiz və məruzədə yer tutan digər çağırışları səsləndirir və gündəlikdəki məsələyə Azərbaycan dövlətinin münasibətini ortaya qoyur. Sonda isə dünya ictimaiyyətinə mövcud vəziyyətlə barışmağın mümkün olmadığı xəbərdarlığını edir: "Mövcud təhlükələr müasir dövrün bu cür çağırışlarına ən yaxın müddətdə münasibət bildirməyin zəruriliyini şərtləndirir".

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında