Səfir Aqşin MEHDİYEV: Ermənistan rəsmiləri həqiqəti etiraf etmək əvəzinə cinayətlərinə bəraət qazandırmağa cəhd göstərirlər

Azərbaycanın BMT-də daimi nümayəndəliyinin rəhbəri BMT baş katibinə məktub ünvanlamışdır
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev Ermənistanın daimi nümayəndəliyinin Nyu-Yorkda apardığı təbliğata cavab vermişdir. APA-nın Vaşinqton bürosunun verdiyi məlumata görə, Ermənistan nümayəndəliyi Azərbaycana qarşı təcavüz və digər ciddi beynəlxalq cinayətlərə görə İrəvanın məsuliyyət daşıdığını inkar edir.
Ermənistanın daimi nümayəndəliyi məktublarını, Azərbaycan ərazilərinin işğalını pisləyən və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən prinsipial bir təşkilatın Baş Katibinə ünvanlamışdır. Səfir Aqşin Mehdiyevin BMT Baş Katibinə məktubunda deyilir: "Ermənistan rəsmiləri həqiqəti etiraf etmək və canlarını reallıqları davamlı olaraq təhrif etməkdən birdəfəlik qurtarmaq əvəzinə cinayətlərinə bəraət qazandırmağa cəhd göstərir və Azərbaycanın üzərinə kölgə salmağa çalışırlar...
Bu cür kobud yalanlar onlara tamamilə zidd olan faktların qarşısında davam gətirmir və kağız evciklər kimi tez dağılır. Ermənistanın millətçi dairələri dəfələrlə təhlükəli provokasiyalara, zorakılıqlara və qüvvə tətbiqinə əl atıblar, dağıdıcı müharibələrə və insanların əzabına yol açan işğalçı siyasəti yürüdüblər. Ermənistan sübut edib ki, onun Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və apardığı hərbi əməliyyatlar lap əvvəldən güc yolu ilə ərazi tutmaq və həmin ərazilərin demoqrafik tərkibini dəyişmək məqsədi daşıyıb".
Səfir bildirir ki, iki ölkə arasında tam miqyaslı müharibə başlamazdan əvvəl Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün bir sıra qanunsuz bəyanatlar verilib və qərarlar qəbul edilib. Ermənilər 1987-ci ilin sonlarında və 1988-ci ilin əvvəllərində azərbaycanlılara qarşı bir sıra hücumlar həyata keçiriblər. Həm Dağlıq Qarabağda, həm də Ermənistan ərazisində hücumlar nəticəsində azərbaycanlı qaçqınlar və məcburi köçkünlərin axını başlayıb və Ermənistanın nizami silahlı qüvvələri, muzdlu qoşunları və terrorçu birləşmələri Azərbaycan ərazisinə müdaxilə edib.
Sənədli dəlillər, BMT və digər təşkilatlar təsdiqləyir ki, Ermənistan qəsbkar niyyətlərini həyata keçirmək üçün müharibə törədib, Azərbaycana hücum edib. Nəticədə Dağlıq Qarabağ və yeddi ətraf rayon işğal olunub, kütləvi etnik təmizləmə siyasəti həyata keçirilib, dəhşətli cinayətlər törədilib və işğal olunmuş Azərbaycan ərazilərində separatçı rejim yaradılmışdır.
"İşğaldan əziyyət çəkən bir ölkə kimi, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində və onun nəticələrinin aradan qaldırılmasında ən maraqlı tərəfdir. Hərbi əməliyyatların nəticəsindən bəhrələnən Ermənistan isə mövcud status kvonu saxlamağa çalışır və münaqişənin həlli kimi yalnız Azərbaycan ərazilərinin ilhaqını görür...
Son aylarda cəbhə bölgəsində azərbaycanlı mülki şəxslərə və mülki obyektlərə hücumların artması, Yerevan rəsmilərinin tarixi yalanlar və təhriflərlə dolu düşmən bəyanatları göstərir ki, Ermənistanın siyasəti regionda sülhə və sabitliyə birbaşa təhlükə yaradır. Ermənistan prezidenti Serj Sərkisyanın bəyanatları sübut edir ki, bu ölkənin rəhbərliyi xalqlarımızın dinc gələcəyi üçün vacib olan sivil davranış normalarından və prinsiplərindən uzaqdır".
Səfir Mehdiyev BMT Təhlükəsizlik Şurasının diqqətinə çatdırır ki, Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir. Avqust ayında atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun leytenantı ağır yaralanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında