Ermənilər nə istəyirlər? Niyə onları susdurmaq mümkün deyil?! Niyə biz -Türkiyə və Azərbaycan yalnız ermənilərin hücum taktikasından sonra cavab taktikası ilə hərəkət edirik, Çünki ermənilərin istəkləri və planları imkanlarından qat-qat çoxdur. Məhdud imkan və böyük iddialar olan yerdə saysız-hesabsız cəhdlər, vurnuxmalar, əsassız problem törətmək təbiidir.
Konkret olaraq günün mövzusu olan "erməni soyqrımı"nın tarixinə nəzər salaq. XX əsrin ilk onilliyində əvvəllər dünyanın birmənalı olaraq hesablaşdığı Osmanlı imperiyası zəifləməyə başlamışdı. Dünya tarixində bütün imperiyaların son aqibəti artıq osmanlıları da yaxalamaqdaydı. Osmanlı dövlətinin rəhbərləri, sanki bunun fərqində deyildi. Amma Osmanlı dövlətinin tərkibində yaşamaq hüququ verilmiş, türklərin səxavətinə sığınaraq artıb- çoxalan ermənilər bunun fərqində idilər. Onlar daxildə təşkilatlanır, birləşir və lazım gələn anda hərəkət etməyə hazırlaşırdılar.
Artıq ötən əsrin ikinci onilliyində Rusiya - Osmanlı müharibəsində ermənilər gözlədikləri anın yetişdiyinə qərar verdilər. Xırda erməni birləşmələri xaricdən silahlanaraq vətəndaş itaətsizliyi göstərməyə, silahsız, dinc əhaliyə qarşı soyqırım aktı törətməyə başladılar. Əslində, ermənilər Rusiya - Osmanlı müharibəsində torpaqlarında yaşadıqları Türkiyə dövlətinə xəyanət edərək, daxildən Rusiya ordusuna kömək edirdilər. 1915-ci ildə Osmanlı dövlətinin böyük problemlərə başı qarışdığından istifadə edən ermənilər, Şərqi Anadoluda oyuncaq "erməni dövləti" yaratdılar. Çar Rusiyası bu qondarma quruma muxtariyat verilməsini dəstəkləyir və erməni hərəkatını daha da qızışdırırdı.
Ermənilərin vətəndaş itaətsizliyi, dövlət qanunlarına zidd hərəkətləri sükutla qarşılana bilməzdi. Təbii olaraq o vaxt Türkiyə dövləti qanunsuz birləşmələri dağıtmış, təşkilatın fəal üzvlərini həbs etmiş, birliklərin bağlanması haqqında qərar vermişdi. Sual olunur: Bu gün XX əsrin sivil dövlətlərindən hansı biri öz daxilində qiyam qaldıran hərbi dəstələri sükutla qarşılayar? Bu faktdır ki, bütün sivil dövlətlərin qanunlarında, Konstitusiyasında dövlətə, dövlətçiliyə qarşı çıxan qüvvələr üçün ən ağır cəza nəzərdə tuturlur. Belə olduğu halda nə üçün Osmanlı Türkiyəsi günahkar hesab olunur?
Türklər erməniləri 1915-ci ildə törətdikləri cinayətlərə görə əslində daha ağır cəzalandırmalı idilər. Amma bunu etməmişlər. Ermənilər Türkiyənin Şərqi Anadolu bölgəsindən, qiyam qaldırdıqları yerdən Türkiyənin təhlükəsiz bölgələrinə köçürülmüşlər. Ermənilərin "soyqırım aktı" kimi qəbul etdirməyə çalışdıqları hadisə onların Osmanlı dövlətinə qarşı qiyamından ibarətdir. Bu gün göstərilən 2-3 milyon erməninin qırılması faktı tarixi həqiqət qarşısında çox gülünc görünür. Tarixçilər sübut ediblər ki, 1914-cü ilin rəsmi sənədlərində Osmanlı dövləti daxilində ermənilərin sayı bir milyon iki yüz min nəfər civarında olmuşdur.
Türklər ermənilərə qarşı soyqırım aktı həyata keçirməyiblər. Bunu tarixi faktlardan başqa, məntiqə əsaslanaraq da söyləmək mümkündür. Nəyə görə? Birincisi, türk milli mentallığında sığınacaq istəyən insana, qəribə böyük bir aman var. Türkiyə torpaqlarına gəlmə olan ermənilərə türklər amansızlıq etməzdi. İkincisi, Osmanlı dövləti möhtəşəm bir imperiya idi və dünyada nüfuz sahibi idi. Onun öz böyük problemləri var idi. Üçüncüsü, türklər ermənilərə tarix boyu "bir ovuc erməni" kimi baxıblar. Onu heç vaxt təhlükə hesab etməyiblər.
Bugünkü dünya dövlətlərinin, xüsusilə, Avropanın bir sıra dövlətlərinin və Amerikanın məsələyə birtərəfli, səthi, bəzən də qərəzli yanaşması insanı düşündürməyə bilmir. Nəyə görə ermənilərə "soyqırım aktı"nı sübut et- deyilmir? Amma türklərə soyqırım aktını həyata keçirmədiyinizi sübut edin - deyilir. Görəsən, dünya düzənində güc mərkəzləri dəyişəndə Afrikada, Balkanlarda, Azərbaycanda, İraqda, Əfqanıstanda, Fələstində qırğınlar, fəlakətlər törədənlərdən bu işi görmədiklərini sübuta yetirmək tələb olunanda cavab necə olacaq?! Yeri gəlmişkən, tarixdən böyük suallar həmişə gözləniləndir! Söz yox ki, Afrika, Balkan, Xocalı, İraq, Əfqan və Fələstin qırğınlarının Osmanlı hadisələri ilə heç bir paraleli yoxdur. Amma maraqlıdır, tarix Afrika, Balkan, Azərbaycan, İraq, Əfqan və Fələstin xalqından soyqırım aktının sübutunu tələb edəcək, yoxsa onu törədənlərdən faktın olmadığını? Türkləri etmədikləri əməldə suçlu saymaq istəyənlər tarixi unutmasınlar. Tarix çox dəqiq və amansızdır...
Tarixin bütün çətinliklərini adlaya bilmiş, 80 milyondan çox əhalisi olan böyük türk dövləti, şübhəsiz, zamanın bu sınağından da uğurla çıxacaq. Sadəcə, çox böyük dirəniş göstərmək, gücünü səfərbər etmək lazım gəlir. Bu məsələlərlə məşğul olan siyasətçilər bəzən soyuqqanlılıqla qeyd edirlər ki, İsveçrə "erməni soyqırımını" tanıyan 19-cu dövlətdir. Bunun ardınca ABŞ "soyqırım"ı tanıyarsa, bu 20-ci dövlət olacaq. Dünya dövlətlərinin say tərkibində 20 rəqəmi çox deyil. Bu məsələdə iyirminci olan dövlətin, müasir dünya siyasətində birinci dövlət olduğunu necə unutmaq olar?! Məsələyə psixoloji aspektdən yanaşsaq, aydın deyilmi ki, dünyanın birinci dövlətinin "bəli" dediyi məsələ araşdırılmadan, təhlil edilmədən digər ölkələr tərəfindən maneəsiz qəbul edilə bilər. Əgər "yox" deyilsə, onda əsassız erməni iddiaları bu dəfə də xırda irəliləyişdən başqa bir nəticə verməz. Türkiyə və onu bu məsələdə dəstəkləyən dövlətlər, xalqlar nə edəcəklərsə, bu ABŞ-ın məsələyə rəsmi münasibətindən öncə baş verməlidir.
Türkiyə nə etməlidir? Əksər siyasətçilərin təklif etdiyi "siyasi iradə ortaya qoymalıdır" variantı keçərli görünmür. Ona görə ki, bugünkü siyasət, təəssüf ki, şanlı tarixi keçmişlə və böyük hərb ənənələri ilə idarə edilmir, potensial dəyər də burada hələlik heç nədir. Real imkanlar bu məsələdə əsas rol oynayır. Türkiyənin real təsir imkanları var. Bəzən böyük dövlətlər digərlərinin nəyə qadir olduğunu yoxlamaq, bilmək məqsədilə onlara süni problem yaradırlar. Bu problem kontekstində həmin dövlətin, xalqın potensial gücü aşkarlanır və bundan sonrakı siyasi xətt ona uyğun nizamlanır. Necə unutmaq olar ki, Amerikada dövlət siyasətini şəxsiyyətlər, fərdlər deyil, institutlar işləyib hazırlayır və yönləndirir. Türkiyə real imkanlara əsaslanaraq danışıqlar apara bilər. İmkanlar nədən ibarətdir?
Türkiyə dövlətinin dünya dövlətlərinə münasibətdə ABŞ ilə görünən və görünməyən fikir paylaşmaları var. Bu sadə məsələ deyil. İkinci, Türkiyə bölgənin əsas dövlətidir. Regionda bir sıra məsələlər Türkiyə ilə razılaşdırılır. Üçüncü, Türkiyənin iqtisadi tərəfdaşlığı qüvvətli amildir. Nəhayət, Türkiyə bir neçə beynəlxalq əhəmiyyətli neft-boru kəmərinin fəaliyyətinə nəzarət mexanizminə sahibdir. Bir sözlə, Türkiyə böyük dövlət kimi, böyük dövlətlər üçün ciddi siyasi, diplomatik, regional əhəmiyət daşıyır. Türkiyənin əhəmiyyəti Avropa və ABŞ üçün Ermənistandan ağlagəlməz dərəcədə çoxdur. Türkiyə baş verəcək qanunsuzluğu önləməkdə gecikə bilməz.
Bu məsələdə Azərbaycan Türkiyənin yanındadır. Bütün tarixi dönəmlərdə olduğu kimi, türkün türkdən böyük dostu yoxdur.
Türkiyənin indiki vəziyyəti siyasi təhlil və əsaslandırma tələb etdiyindən daha çox elmi əsaslandırma gərəkdir. Elmi mübarizədə ancaq akademizm uda bilir. Türk dünyası gecikmədən yenilməz iradə və məntiq ortaya qoymaq zorundadır.
{nl}
Natəvan DƏMİRÇİOĞLU, yazıçı
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.