Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əlaqələr yeni mərhələyə qədəm qoyur

Azərbaycanın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sentyabrın 6-7-də İranın Qərbi Azərbaycan Vilayətində işgüzar səfərdə olmuşdur.
Beynəlxalq Şahtaxtı-Poldəşt sərhəd buraxılış məntəqəsində Ali Məclisin sədrini Qərbi Azərbaycan ostandarının ictimai və siyasi məsələlər üzrə müavini İbirahim Fətullahi və digər rəsmi şəxslər qarşılamışlar.
Ali Məclisin sədri Qərbi Azərbaycana səfəri çərçivəsində "İranpaş" zavodunun fəaliyyəti ilə tanış olmuşdur. Zavod plastik sənayesi üzrə İran İslam Respublikasının ixtisaslaşmış müəssisələrindən biridir.
Sentyabrın 6-da Ali Məclisin sədri Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində yerləşən Ostandarlığına gəlmişdir. Ali Məclisin sədrini Qərbi Azərbaycan Vilayətinin ostandarı Vəhid Cəlalzadə qarşılamışdır.
Ostandarlığın binasında keçirilən təkbətək görüşdə V.Cəlalzadə Naxçıvan Muxtar Respublikasının uğurlu sosial-iqtisadi inkişafının məmnunluq doğurduğunu bildirmiş, bütün bunları Azərbaycanın bu bölgəsində yaşayanların doğma toprağa hədsiz məhəbbətinin ifadəsi kimi dəyərləndirmişdir. Ostandar dəvəti qəbul edib Qərbi Azərbaycan Vilayətinə gəldiyinə görə Ali Məclisin sədrinə təşəkkür etmiş, bu səfərin qarşılıqlı əlaqələrin inkişafına böyük töhfə verəcəyini vurğulamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dəvətə görə təşəkkür edərək demişdir: Azərbaycan və İran qonşu dövlətlərdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasında əlaqələr genişlənir, yeni əməkdaşlıq imkanları yaranır. Bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərinin bəhrəsidir. Onun Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi əsasını qoyduğu əlaqələr hazırda inkişaf edərək genişlənməkdədir. Azərbaycan Prezidentinin İrana, İran Prezidentinin Azərbaycana, o cümlədən prezidentlərimizin 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına səfərləri dostluq və qardaşlığımızın möhkəmlənməsinə öz töhfələrini verməkdədir.
Azərbaycan-İran əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında əlaqələrin özünəməxsus rolunu qeyd edən Ali Məclisin sədri bildirmişdir ki, Qərbi Azərbaycan Vilayəti ilə faydalı əməkdaşlıq qurulmuşdur. Kənd təsərrüfatı, elm, təhsil, idman və turizm sahələrində əlaqələr yüksək səviyyədədir. İranlı fermerlər Naxçıvanda fəaliyyət göstərirlər, naxçıvanlı fermerlər Xoy şəkər fabrikinin imkanlarından istifadə edirlər. 2006-cı ildə Qərbi Azərbaycan Vilayətinə səfərini xatırladan Ali Məclisin sədri, ötən müddətdə qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində beynəlxalq statusa malik Culfa və Şahtaxtı sərhəd buraxılış məntəqələrinin fəaliyyət göstərməsi, yeni körpülərin tikilib istifadəyə verilməsi, qarşılıqlı ticarət dövriyyəsinin getdikcə artması bunun bariz nümunəsidir.
Görüşdə iqtisadi-mədəni sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Ali Məclisin sədri Qərbi Azərbaycan Vilayətinin ostandarını münasib vaxtda Azərbaycanın Naxçıvan Muxtar Respublikasına səfərə dəvət etmişdir.
Səfərin birinci günü Qərbi Azərbaycan Ostandarlığında "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti arasında iqtisadi və mədəni sahələrdə əməkdaşlıq haqqında Memorandum" imzalanmışdır.
Bu münasibətlə keçirilən mərasimdə Qərbi Azərbaycan Vilayətinin ostandarı Vəhid Cəlalzadə dost və qonşu ölkələrimiz arasında əlaqələrin gündən-günə genişləndiyini bildirmiş, Ali Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyətinin Qərbi Azərbaycana səfərinin bu əlaqələrin inkişafında yeni mərhələ olacağını qeyd etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qərbi Azərbaycan Vilayətinə dəvətə, nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə, hörmət və ehtirama görə təşəkkürünü bildirərək demişdir: Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi Azərbaycan Vilayəti arasında iqtisadi və mədəni əlaqələrin əsası 1992-ci ilin may ayında ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. O zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan ulu öndərimiz bildirirdi ki, İran bizə dost, qardaş ölkədir. Bu gün bu dostluq, qardaşlıq münasibətləri daha da möhkəmlənir.
İndiyədək İranın Qərbi Azərbaycan Vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında iki memorandumun imzalandığını vurğulayan Ali Məclisin sədri demişdir ki, bu memorandumlar qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfələr vermişdir. Bu gün isə üçüncü memorandum imzalanır. Bu, İran-Azərbaycan əlaqələrinin uğurlu inkişafının daha bir göstəricisi, hər iki ölkə prezidentlərinin bir-birinə yaxın, dost münasibətinin nəticəsidir.
Qeyd olunmuşdur ki, bu günədək Naxçıvan Muxtar Respublikasının İranın Qərbi Azərbaycan Vilayəti ilə 7 sahə üzrə əməkdaşlığı olmuşdur. İqtisadi, gömrük, kənd təsərrüfatı, elm və təhsil, idman, mədəniyyət və turizm, ekologiya sahələri üzrə yaxşı əlaqələr qurulmuşdur. Bu gün imzalanacaq memorandumdan sonra əlaqələr daha da genişlənəcək, digər sahələr üzrə də əməkdaşlıq imkanları yaranacaqdır.
Ali Məclisin sədri mövcud əlaqələrdən məmnunluğunu ifadə etmiş, bundan sonra münasibətlərin daha da inkişafı istiqamətində qarşılıqlı səylərin göstəriləcəyini bildirmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Vəhid Cəlalzadə "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti arasında iqtisadi və mədəni sahələrdə əməkdaşlıq haqqında Memorandum"u imzalamışlar.
Həmin gün Urmiyada "Ölkənin kooperasiya müəssisələrinin imkanları" Beynəlxalq sərgisinin açılış mərasimi keçirilmişdir. Mərasimdən əvvəl Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə çıxış edən İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Vəhid Cəlalzadə sərginin açılışının Naxçıvan Muxtar Respublikası nümayəndə heyətinin iştirakı ilə keçirilməsinin ikiqat əhəmiyyəti olduğunu bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbir iştirakçılarını Qərbi Azərbaycan Beynəlxalq Sərgi Təşkilatının yeni sərgi salonunun istifadəyə verilməsi münasibətilə səmimi qəlbdən təbrik edərək demişdir: Sərgi salonunun açılışının Azərbaycanın Naxçıvan Muxtar Respublikası nümayəndə heyətinin iştirakı ilə keçirilməsi ölkələrimiz arasında olan mehriban qonşuluq münasibətlərinin, möhkəm və dərin qardaşlıq əlaqələrinin göstəricisidir. Bu əlaqələrin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə qoyulmuşdur.
Azərbaycan ilə İran arasında əlaqələrin səciyyəvi cəhəti ondan ibarətdir ki, bizi təkcə coğrafi ərazi yaxınlığı birləşdirmir, ölkələrimiz və xalqlarımız arasında olan əlaqələrin kökündə müştərək mədəni və mənəvi dəyərlər dayanır. Bu mənada Azərbaycan-İran əlaqələri, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "həm Azərbaycan üçün, həm də İran üçün hər hansı bir başqa ölkə ilə olan münasibətlərlə müqayisə edilə bilməz".
Azərbaycan-İran əlaqələrinin inkişafında Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi Azərbaycan Vilayəti arasında yaranmış qarşılıqlı faydalı əməkdaşlıq mühüm əhəmiyyətə malikdir.
Ali Məclisin sədri Urmiya şəhərində təşkil olunan sərginin təşkilatçılarına təşəkkürünü bildirərək demişdir ki, İranın Qərbi Azərbaycan Vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında mövcud əlaqələr bizim qarşımızda bir vəzifə qoyur. O da əlaqələrimizi daha da inkişaf etdirməkdən, insanlarımızı bir-birinə daha da yaxınlaşdırmaqdan ibarətdir.
Açılış mərasimində Naxçıvan və Urmiya aşıqlarının çıxışları olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Vəhid Cəlalzadə beynəlxalq sərginin açılışını bildirən rəmzi lenti kəsmiş, sərgiyə baxış keçirilmişdir.
Məlumat verilmişdir ki, sərgidə 45 şirkət iştirak edir. Onlar üçün 77 güşə ayrılmışdır. Beynəlxalq sərgidə Naxçıvan Muxtar Respublikasının sahibkarlıq subyektləri də iştirak edirlər.
Sərginin açılış mərasimindən sonra Ali Məclisin sədri İran İslam Respublikasının Ali rəhbərinin Qərbi Azərbaycan üzrə nümayəndəsi Qulamrza Həsəni ilə görüşmüşdür.
Səfərin ikinci günü - sentyabrın 7-də Naxçıvan nümayəndə heyəti Urmiyanın "Maral Sənət" maşınqayırma zavodunun fəaliyyəti ilə tanış olmuşdur.
Baxış zamanı Naxçıvan Muxtar Respublikasının müvafiq müəssisələri ilə "Maral Sənət" maşınqayırma zavodu arasında gələcəkdə işbirliyinin qurulması imkanları nəzərdən keçirilmişdir.
Səfər sentyabrın 7-də başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında