Azərbaycanın AŞPA ilə səmərəli əməkdaşlıq niyyətləri təqdir edilmişdir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) builki payız sessiyası oktyabrın birinci həftəsində keçiriləcəkdir.Hazırda qurumun ayrı-ayrı komitələrində intensiv iş gedir, növbəti sessiyanın gündəliyinə daxil ediləcək məsələlər ətrafında müzakirələr aparılır. Bu çərçivədə sentyabrın 7-də Parisdə AŞPA-nın hüquqi işlər və insan hüquqları komitəsinin iclası keçirilmişdir. İclasda Avropada insan haqlarının aktual problemləri ilə bağlı bir neçə mühüm mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Komitənin sədri Kristos Purqorides Azərbaycan Respublikasına bu yaxınlarda baş tutmuş səfəri haqqında məlumat verərək bir sıra yüksək səviyyəli hakimiyyət yetkililəri ilə səmərəli görüşlər və müzakirələr apardığını bildirmişdir.
Komitə sədri K.Purqorides Bakıya səfəri zamanı Prezident İlham Əliyev tərəfindən də qəbul edildiyini diqqətə çatdırmışdır. Xüsusi olaraq vurğulamışdır ki, Prezident İlham Əliyev ölkəsinin əməkdaşlığa açıq və hazır, AŞPA ilə əlaqələrin inkişafına dair bütün məsələlər ətrafında müzakirələr aparmaqda maraqlı olduğunu bildirmişdir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov komitənin iclasında çıxış edərək demişdir: "Bir neçə həftədən sonra Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm hadisə baş verəcəkdir. Azərbaycan öz dövlət müstəqilliyinin 20 illiyini qeyd edəcəkdir. Bu müddətin tən yarısından da bir az çoxunu Azərbaycan Avropa Şurası ailəsində keçirmişdir və ölkədə demokratiya sahəsində əldə edilmiş bütün uğurlarda, şübhəsiz, bu təşkilatın müstəsna rolu vardır.
70 il totalitar sistem içərisində yaşamış Azərbaycanın qısa müddətdə əldə etdiyi nailiyyətlər mütləq mənada yüksək qiymətləndirilməlidir. Tələbkarlıq daim yüksək səviyyədə olsun, lakin ölkənin səyləri də hər zaman layiqincə dəyərləndirilməlidir. Bu komitədə son 10-11 ildə biz dəfələrlə siyasi məhbus probleminin müzakirəsini aparmışıq. Şəxsən mən bu mövzuda bir neçə sənədin, o cümlədən "Avropada siyasi məhbuslar", "Ermənistanda siyasi məhbuslar", "Siyasi məhbus anlayışının meyarları" sənədlərinin və digər təkliflərin müəllifiyəm. Bu 10-11 ildə gedən müzakirələrdə hələ ki, "siyasi məhbus" anlayışının meyarları müəyyən edilməmişdir və təbii ki, elmi və hüquqi baxımdan belə meyarların müəyyənləşdirilməsi də çox çətindir. Lakin elə bu son 10-11 il ərzində Azərbaycanda siyasi məhbuslar məsələsi dəfələrlə müzakirə edilmişdir. Müəyyən edilməmiş, təsdiqlənməmiş, hamı tərəfindən qəbul edilməmiş şərti, yayğın meyarlar əsasında yalnız Azərbaycanla əlaqədar belə müzakirələrin aparılması ədalətli yanaşma deyildir. Digər tərəfdən, Azərbaycan monitorinq altında olan ölkədir, Parlament Assambleyasının təyin etdiyi 2 deputat hazırda bu monitorinqi davam etdirir. Qəribədir, mən Ermənistanda siyasi motivlərlə həbs edilmiş onlarla siyasi məhbusun olması ilə bağlı sənəd hazırlayanda, bu məsələ ilə bağlı məruzəçi təyin edilməsi məsələsini qaldıranda həmin təklif monitorinq komitəsinə göndərilir. Belə izah edilir ki, bu məsələnin araşdırılması ölkə üzrə aparılan ümumi monitorinq çərçivəsində nəzərə alınmalıdır. Bəs elə isə niyə Azərbaycana qarşı belə ayrı-seçkilik edilir?
Onda sabah eyni tərzdə məsələ qaldırıla bilər ki, Azərbaycanda mətbuatın, yaxud milli azlıqların vəziyyəti və ya mədəni irs problemləri ilə bağlı da ayrıca məruzəçilər təyin edilsin. Bəs elə isə monitorinq aparmaq üçün müəyyənləşdirilmiş məruzəçilər nədən ötrüdür? Bu onlara etinasızlıqdan irəli gəlir, yoxsa inamsızlıqdan, yaxud başqa səbəb var? Belə yanaşmalar doğru olmamaqdan əlavə, etik baxımdan da qəbuledilməzdir.
Bizim iki əsas təklifimiz var. Birincisi, "siyasi məhbus" məsələsi ilə bağlı universal meyarlar müəyyənləşdirilsin, onu Assambleyada müzakirə edib təsdiqləyək, sonra hansı ölkədə istəsək həmin meyarların çərşivəsində tədqiqatımızı aparaq.
İkincisi, əgər vaxtilə Avropa Şurasının ekspertləri tərəfindən təqdim edilmiş və kifayət qədər yayğın şəkildə olan meyarlar əsasında hələlik işləyəcəyiksə, onda məsələni bir qədər geniş əhatədə araşdıraq. Məruzəçi bu problemi bütövlükdə Cənubi Qafqaz respublikalarında tədqiq etsin, elə məruzə də bu cür adlansın.
Biz Avropa Şurasında eyni bir ailənin üzvləriyik. Ailəni ailə edən ilk şərt isə bərabərlik, qarşılıqlı hörmətdir. Biz bundan artıq heç nə istəmirik".
Qərara alınmışdır ki, problem AŞPA-nın oktyabrda keçiriləcək sessiyasında müzakirə edilsin və format dəqiq müəyyənləşdirilərək qərar qəbul edilsin.
Komitə sədri çıxış edərək bir daha Azərbaycan dövlətinin başçısının komitə və bütövlükdə AŞPA ilə səmərəli əməkdaşlıq niyyətlərini təqdir etmişdir.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında