Azərbaycanın xarici siyasəti ölkəmizin və regionun maraqlarını müdafiə edir

Prezident İlham ƏLİYEV: Ölkəmizin davamlı inkişafı diplomatiyamızın uğurlu nəticələrinə zəmin yaradır
Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv olarkən beynəlxalq aləmdə öz sözünü demək üçün ölkənin xarici siyasət istiqamətində kəsərli addımlar atılmalı, düşünülmüş diplomatiya kursu müəyyənləşdirilməli, konkret proqramlar icra edilməli idi. Çox təəssüf ki, həmin illər ölkəyə rəhbərlik edən şəxslər nəinki bu mühüm, taleyüklü məsələləri həll edə bilmədilər, əksinə, siyasət diletantı, diplomatiyadan tamamilə xəbərsiz olduqlarına görə gənc müstəqil dövlətin dostlarını deyil, düşmənlərini çoxaltmış oldular. Əslində, "sərhədləri bağlayıb ölkəni inkişaf etdirmək" barədə cəfəng bəyanat verən, "türkün türkdən başqa dostu yoxdur" - deyə çürük düşüncə tərzi ilə çıxış edən "siyasətçilərin" hansısa diplomatik addım atacağını, xarici siyasət yeridə biləcəyini gözləmək də absurd idi.
Bütün bunlara baxmayaraq gənc müstəqil Azərbaycan Respublikası beynəlxalq aləmdə öz sözünü demək, zamanın tələbləri səviyyəsində xarici siyasət kursu yaratmaq, hətta postsovet məkanında yeni yaranmış müstəqil dövlətlərin əksəriyyəti üçün əlçatmaz olan "balanslaşdırıcı xarici siyasət kursu" nümunəsi formalaşdırmaq imkanı qazandı. Bu imkanı dövlətimizə xalqın böyük oğlu, siyasət dahisi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı vermiş oldu. Dövlətimizin müstəqillik əldə etməsindən keçən cəmi 21 ayda az qala dünyanın yarısını Azərbaycanın düşməni elan edənlərin səhvləri çox qısa bir müddətdə aradan qaldırılmalı idi. Yoxsa dövlətçilik əldən gedər, Azərbaycan yenidən parçalana bilərdi. Heydər Əliyev siyasi dühası xalqımızı və dövlətimizi bu fəlakətlərdən böyük ustalıqla qorudu. Sanki onu Tanrı xilaskar kimi yaratmışdı.
Ulu öndərin siyasi hakimiyyətə qayıdışından dərhal sonra regionun bütün ölkələri (əlbəttə, işğalçı qonşumuz istisna olmaqla) ilə dostluq və mehribanlıq prinsiplərinə əsaslanan xarici siyasət kursu elan edildi. Sonra "Azərbaycan dünyanın bütün ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq və tərəfdaşlıq üçün açıq ölkədir" - bəyanatı verildi. Bununla da gənc müstəqil dövlətimizin əksər problemlərinin həlli istiqamətində mühüm addımlar atılmış oldu. Ölkədə daxili sabitlik əldə edildi (sabitliyin pozulması əksər hallarda xarici qüvvələrin diqtəsi ilə reallaşdırılırdı), cəbhədə atəşkəsə nail olundu (separatçı və işğalçı Ermənistanın bəzi xarici qüvvələr tərəfindən şirnikləşdirildiyi və ruhlandırıldığı konkret faktlarla əsaslandırılırdı), ordunun vahid komandanlıq tərəfindən idarə olunması təmin edildi (silahlı birləşmələrin əksəriyyəti ayrı-ayrı şəxslərin tabeçiliyində idi və həmin şəxslərin bəzilərinin xaricdən idarə edilməsi danılmaz idi) və nəhayət, xarici ölkələrin Azərbaycana marağının artırılması üçün "Əsrin müqaviləsi" adlı nəhəng neft sazişi imzalandı.
Həmin sazişin imzalanmasından sonra Qərb ekspertləri uzun müddət yazırdılar ki, Heydər Əliyevin neft diplomatiyası indiyədək mövcud olan analoji dəyərlərin zirvəsini yaratmış oldu. Çünki Heydər Əliyev Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənməsi üçün imzalanmış hasilatın pay bölgüsü sazişində ("Əsrin müqaviləsi") Azərbaycanda marağı olan bütün xarici qüvvələrin marağının təmin edilməsinə nail olmuşdu. Beləliklə də, Azərbaycanın dostları birə beş artmış, müstəqilliyimizə diş qıcayan bədxahlar güclü dövlətlərin yanında heçə enmişdilər.
Ulu öndər "Əsrin müqaviləsi" çərçivəsində hasil ediləcək neft və qazın dünya bazarına nəqli üçün marşrutların seçilməsi zamanı da çox mükəmməl bir neft diplomatiyası nümayiş etdirdi. Ümumiyyətlə, Heydər Əliyevin ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi 1993-2003-cü illərdə Azərbaycanın daxili siyasəti xarici siyasətin, xarici siyasəti isə daxili siyasətin tamamlanmasını təmin etmişdir. Diqqət yetirin: ölkə xaos və anarxiya içərisindədir. Belə bir zamanda heç bir xarici ölkə Azərbaycana investisiya gətirməzdi. Belə bir zamanda Heydər Əliyev ölkədə daxili sabitlik yaradaraq - təbii ki, uğurlu daxili siyasətlə - xarici ölkələrin ölkəmizə marağının artırılmasına nail oldu. Yəni daxili siyasət xarici siyasətin uğuruna zəmin yaratdı. Yaxud, həm sovet dönəmindən qalan ağır miras, həm də müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edənlərin bəd əməlləri nəticəsində yaranmış problemlər üzündən Azərbaycan iqtisadiyyatı dağılıb getmiş, ölkə əhalisi aclıq və səfalətlə üz-üzə qalmışdı. Heydər Əliyev xarici sərmayədarların ölkəyə gəlməsini təmin etməklə iqtisadi böhranın aradan qaldırılmasına zəmin yaratdı. Yəni indi xarici siyasət daxili siyasətin uğurlarına zəmin yaratmış oldu. Bu qəbildən olan konkret faktları cəmiyyət həyatının bütün sahələri haqqında istənilən qədər çəkmək olar.
Azərbaycan xalqının şansı və milli dövlətçiliyimizin bəxtidir ki, ulu öndərin yaratdığı balanslaşdırıcı xarici siyasət kursu 2003-cü ilin oktyabrından sonra da ölkəmizdə böyük uğurla davam etdirilir. Yeri gəlmişkən, biz "Azərbaycan dövlətinin balanslaşdırıcı xarici siyasəti" - ifadəsini işlədərkən sırf diplomatiya məsələlərini nəzərdə tuturuq. Yəni, biz "X" adlı ölkə ilə dostluq ediriksə, həmin ölkənin düşmənlərini məhz düşmən kimi qəbul etmirik. Biz öz milli və dövlətçilik mənafeyimiz baxımından bütün qütblərdən olan ölkələrlə bərabərhüquqlu və qarşılıqlı, səmərəli şəkildə əməkdaşlıq edirik. Ermənistan istisna olmaqla hamı bizim dostumuzdur. Türkiyəli ekspert Aslan Qoyunçuoğlu Azərbaycanın balanslaşdırıcı xarici siyasəti ifadəsini işlədərkən məhz bizim yuxarıda qeyd etdiyimiz məsələləri yada saldı - xarici siyasət daxili siyasətin yarımçıq sahələrini tamamlamaqla, daxili siyasət isə bunun əksini reallaşdırmaqla siyasi tarazlaşdırma, balanslaşdırma yaradır.
Maraqlı və sevindiricidir ki, ixtisasca diplomat olan və Heydər Əliyev diplomatiya akademiyasının ən layiqli məzunu kimi qəbul edilən Prezident İlham Əliyev müasir dünyanın diplomatiya incəliklərini ən xırda detallarına qədər dərindən bilən siyasətçidir. Məhz ona görə də bu gün region mətbuatında "Ermənistan diplomatiyası dalana dirənib", "Ermənilər 200 ilə qazandıqlarını 2003-cü ildən bəri itirə-itirə gedirlər" və başqa ifadələrə tez-tez yer verilir.
Prezident İlham Əliyev Ermənistanın işğalçı dövlət kimi tanınması barədə AŞPA qərarının qəbul edilməsi zamanı, bütün beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə rəsmi qərar qəbul etməsi prosesində, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilməsi üçün mühüm addımlar atanda və ümumiyyətlə, beynəlxalq siyasi proseslərin önündə getməklə peşəkar diplomat keyfiyyətləri nümayiş etdirmişdir. İngiltərəli ekspert Stiv Tomasın fikrincə isə, Azərbaycan dövlətinin ən böyük diplomatik uğuru ölkədə cəmiyyətin daha da demokratikləşdirilməsi üçün kifayət qədər addımların atılmasıdır. Maraqlıdır, deyəsən, türkiyəli ekspertlə britaniyalı ekspertin Azərbaycan həqiqətləri barədə söylədikləri üst-üstə düşür. Hər halda Azərbaycan diplomatiyası bu gün dünyanın hər yerində öz sözünü deyir və yüksək qiymətləndirilir.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında