Şriftin ölçüsü:
15.05.2010 03:03 | Oxunma sayı: 407
Prezident İlham ƏLİYEV: Əminəm ki, Azərbaycan və Serbiya ümumi tərəfdaşlıq və dostluq işinə öz uğurlu töhfəsini verəcəkdir
Bu gün müstəqil Azərbaycanın xarici siyasətdə atdığı bütün addımlar xalqımızın maraqları və dövlətimizin mənafeləri baxımından böyük əhəmiyyət kəsb edir. Ancaq ən mötəbər səviyyəli beynəlxalq icmalçılar və dünya siyasətçiləri belə bir fikir söyləyirlər ki, Azərbaycan öz xarici siyasətini dünya miqyasında davam edən siyasi proseslərin tələbləri səviyyəsində qurur. Diplomatlar bu amili beynəlxalq münasibətlərdə siyasi çağırışlara cavab verilməsi kimi qiymətləndirirlər.
Siyasətçilər isə xarici siyasətin məhz Azərbaycan nümunəsində yeridilməsini "siyasətin yedəyində deyil, hadisələrin önündə getmək" şəklində dəyərləndirirlər. Rəsmi Bakının Avropa ölkələri ilə, xüsusən, postsovet məkanında yaranmış yeni müstəqil dövlətlərlə əməkdaşlıq zəminində atdığı addımlar da məhz Azərbaycan diplomatiyasının hadisələrin önündə getməsinin təzahürüdür. Bu baxımdan Azərbaycan-Serbiya əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir.
Dost ölkənin Prezidenti cənab Boris Tadiçin Bakıya ilk rəsmi səfəri ölkələrarası münasibətlərin yeni mərhələsinin təməlinin qoyulması baxımından hər iki tərəf üçün yüksək dərəcədə səmərəli idi. Səfər çərçivəsində prezidentlərin imzaladığı Birgə Bəyannamə də daxil olmaqla 6 mühüm sənəd imzalanmış, tərəfləri maraqlandıran bütün sahələr üzrə əhatəli müzakirələr aparılmış, Azərbaycan-Serbiya biznes forumu keçirilmişdir. Tərəfləri maraqlandıran məsələlər dedikdə nələr nəzərdə tutulur? Bunu dövlət başçılarının mətbuat üçün verdiyi bəyanatlarda daha aydın şəkildə görürük. Prezident İlham Əliyevin bəyanatında həmin məqam daha geniş şəkildə ifadə edilirdi:
"-Bu gün biz ikitərəfli münasibətlərlə bağlı geniş əhatə dairəsi olan məsələləri, beynəlxalq münasibətlərlə və beynəlxalq vəziyyətlə bağlı məsələləri müzakirə etdik. Bir daha xatırlatmaq istərdim ki, bizim ölkələr beynəlxalq miqyasda bir-birini dəstəkləyir. Bu dəstək çox güclüdür və əminəm ki, bu, gələcəkdə də davam etdiriləcəkdir. Biz Serbiyanın ərazi bütövlüyünü tam dəstəkləyirik. Biz bir ölkənin razılığı olmadan onun sərhədlərinin dəyişdirilməsini tam yolverilməz hesab edirik... Bu gün biz həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlar prosesini də müzakirə etdik... Bu münaqişə yalnız beynəlxalq səviyyədə qəbul edilən normalar, ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir".
Boris Tadiçin bəyanatında da bu qəbildən olan məqamlar, xüsusən, Serbiya rəhbərliyinin Azərbaycanın haqq işini dəstəklədiyini ifadə edən fikirlər istənilən qədər idi və maraqla qarşılanırdı. Məsələn, dost ölkə Prezidentinin söylədiyi "Biz Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkələrdə separatçılıq etmək məqsədiylə etnik bəhanələrdən istifadə edən separatçıların tamamilə əleyhinəyik" - ifadəsi həm Azərbaycanın, həm də Serbiyanın mövqelərini ifadə edirdi. Həmin məqam Prezident İlham Əliyevin bəyanatında məhz beynəlxalq hüquq normalarının tələb etdiyi şəkildə verilmişdi:
"-Dağlıq Qarabağda hazırda yaşayan ermənilər və Dağlıq Qarabağa qayıdacaq azərbaycanlı əhali üçün suveren Azərbaycan dövləti çərçivəsində özünüidarəetmə uğurla təşkil edilə bilər. Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu çoxkonfessiyalı və çoxmillətli bir ölkədir. Müxtəlif etnik qrupların nümayəndələri, müxtəlif dini köklərə malik olan insanların hamısı ölkəmizdə eyni hüquq və azadlıqlara malikdirlər".
Təbii ki, Avropa ölkələrinin Azərbaycanla əməkdaşlıq zamanı xüsusi önəm verdiyi məsələlərdən biri də enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsidir. Bu amil cənab Tadiçin Bakıda keçirdiyi bütün görüşlərdə və aparılan danışıqların hamısında xüsusilə qeyd edilmişdir. Dövlət başçımız öz bəyanatında dedi: "Əsas diqqət yönəltdiyimiz məsələlər sırasında enerji sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Düşünürəm ki, bu sahədə uzunmüddətli və geniş əməkdaşlığımız üçün çox yaxşı imkanlar vardır. Azərbaycanın enerji ehtiyatları, neft və qaz dünya bazarlarına şaxələndirilmiş marşrutlar üzrə nəql olunur. Biz şaxələndirmənin yeni istiqamətləri üzərində işləyirik. Azərbaycan artıq regionumuzda enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayır. Ümidvaram ki, yaxın gələcəkdə Avropanın da enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayacaqdır. Düşünürəm ki, bu baxımdan ölkələrimiz arasında əməkdaşlıq qarşılıqlı, faydalı və çox səmərəli ola bilər".
Boris Tadiç də digər Avropa siyasətçiləri və ekspertləri kimi qeyd edilən məsələdə Azərbaycanın rolunu yüksək qiymətləndirdiyini söylədi: "Qlobal enerji siyasətində Azərbaycan enerji sektorunun əsas iştirakçılarından biridir. Enerji təhlükəsizliyi baxımından Azərbaycanın rolu çox əhəmiyyətlidir. Biz Azərbaycanın enerji planlarına qoşulmaqda çox maraqlıyıq. Azərbaycan, Gürcüstan və Rumıniya marşrutu ilə sıxılmış qazın nəqlinə dair layihə və Azərbaycanın digər planları da Serbiya üçün olduqca maraqlıdır. Serbiyanın neft şirkətləri ölkənizin işgüzar dairələri ilə enerji sektorunda daha yaxşı mühitin yaradılması imkanlarını müzakirə edəcəklər". Qeyd edək ki, prezidentlərin görüşündən, sənədlərin imzalanmasından və mətbuat üçün bəyanatların verilməsindən sonra Bakıda Azərbaycan-Serbiya biznes forumu keçirilmiş və cənab Tadiçin qeyd etdiyi həmin məsələ forumda əhatəli şəkildə müzakirə edilmişdir.
Yeri gəlmişkən, yuxarıda qeyd etdiyimiz kimi, dost ölkə Prezidentinin respublikamıza ilk rəsmi səfəri çərçivəsində prezidentlərin imzaladığı Birgə Bəyannamədən sonra xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında protokol, diplomatik və xidməti rəsmi pasportlara malik şəxslər üçün vizanın ləğv edilməsi haqqında saziş, ikiqat vergitutmanın aradan qaldırılması haqqında konvensiya, cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında və nəhayət, ticarət və iqtisadi əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Dost ölkə Prezidentinin səfər çərçivəsində Azərbaycanın Baş naziri Artur Rasizadə və Milli Məclis rəhbərliyi ilə görüşləri də ölkələrarası münasibətlərin inkişafına xüsusi təkan verən məqamlardan idi. Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət, şəhidlərin xatirəsinə ehtiram və Heydər Əliyev Fondu ilə tanışlıq isə əməkdaşlığımızın mənəvi zəmində də inkişaf etdirilməsi üçün əhəmiyyətli məqamlar kimi qiymətləndirilirdi.
Serbiya Prezidenti Boris Tadiçin Azərbaycan səfəri müstəqil respublikamızın beynəlxalq aləmə inteqrasiya prosesində uğurlu xarici siyasətinin daha bir nümunəsi kimi qiymətləndirildi.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.