Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır. Vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcəkdir.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin Baş naziri
{nl}
Ermənistan XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində, xüsusilə SSRİ-nin süqutu ərəfəsində Azərbaycana qarşı işğalçılıq siyasətini daha da genişləndirdiyi dövrdə öz dövlət müstəqilliyinin ilk addımlarını Türkiyəyə və Azərbaycana düşmənçilik üzərində atmağa başladı. Belə ki, 1990-cı il avqustun 23-də qəbul etdiyi müstəqillik Bəyannaməsinin girişində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair özünün 1989-cu il 1 dekabr tarixli qərarına istinad etmiş, 11-ci maddədə isə Ermənistan Respublikasının 1915-ci ildə "Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda baş vermiş erməni soyqırımı"nın tanıdılması üçün səy göstərəcəyi öz əksini tapmışdır. Bundan əlavə, Ermənistan Respublikasının Konstitusiyasında Türkiyə Respublikasının 6 vilayətinə qarşı ərazi iddiası irəli sürülmüş, eləcə də 1915-ci ildə baş verən hadisələr soyqırımı kimi qiymətləndirilmişdir. Müstəqilliyin ilk illərində Ermənistan Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün bütün vasitələrdən istifadə edərək öz təcavüzkar siyasətini yeritməklə kifayətlənməmiş, eyni zamanda, Türkiyə torpaqlarını "Qərbi Ermənistan" adlandıraraq ərazi iddiaları irəli sürməklə yanaşı, uydurma və saxta "soyqırımın tanınması"nı öz dövlət siyasətinin başlıca prinsipi kimi qəbul etmişdir.
Bu faktlar onu göstərir ki, bütün dövrlərdə Ermənistan Türkiyə və Azərbaycana qarşı dövlət səviyyəsində ərazi iddiasından əl çəkməmiş və bu gün də eyni siyasəti həyata keçirir. Buna baxmayaraq, Türkiyə dövləti 1991-ci il dekabrın 16-da Ermənistanın dövlət müstəqilliyini tanımış, lakin bu tanınmanın müqabilində Ermənistan Türkiyəyə qarşı irəli sürdüyü iddialardan geri çəkilməmiş və iki dövlət arasında diplomatik münasibətlər qurulmamışdır.
Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri həmişə müdafiə etmişdir. Belə ki, hələ SSRİ-nin mövcud olduğu dövrdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzünün genişlənməsi zamanı Azərbaycan xalqının haqq səsi məhz Türkiyə vasitəsi ilə dünyaya çatdırılırdı. Bu işdə Türkiyənin rəsmi şəxslərinin mövqeyi, eləcə də mətbuat və kütləvi informasiya vasitələrinin əhəmiyyətli rolu xüsusilə qeyd edilməlidir.
1991-ci il aprelin əvvəllərində Türkiyə Respublikasının SSRİ-dəki səfiri Volkan Vural Yerevana səfəri zamanı çıxışlarında dönə-dönə qeyd etmişdi ki, nə vaxta qədər ki, Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyinin təminatı gözlənilmir, Dağlıq Qarabağ məsələsi əsas problem kimi qalır, Türkiyə ilə Ermənistan arasında münasibətlər yaxşılığa doğru irəliləyə bilməz.
Ermənistanın hərbi təcavüzünün genişləndiyi bir dövrdə Azərbaycan ərazilərinin işğalı və xalqımıza qarşı edilən təcavüz aktları Türkiyədə böyük həyəcanla qarşılanırdı. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının Xocalıya hücum etməsi və orada 1000-dək azərbaycanlının qətlə yetirilməsi ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin iclasında Qarabağdakı gərginliyin daha da artmasına səbəb olan bu hadisələrin dünya ictimaiyyətinə çatdırılması haqqında yekdilliklə qərar qəbul edildi. Bundan əlavə, sonrakı illərdə də Xocalı faciəsinin dünya ictimaiyyətinə çatırılmasında Türkiyə ictimaiyyətinin, mətbuat və kütləvi informasiya vasitələrinin mühüm rolu təqdirəlayiqdir.
1992-ci il mayın 8-də Şuşa şəhərinin işğalı ilə əlaqədar Baş nazir Süleyman Dəmirəl Türkiyə hökuməti adından təcili olaraq BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını xahiş etmiş və bu barədə Təhlükəsizlik Şurası sədrinin ünvanına müvafiq məktub göndərmişdir. Bununla yanaşı, Türkiyənin dövlət rəsmiləri dünya dövlətlərinə müraciət edərək onları Ermənistanın təcavüzkarlığını dayandırmağa, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmağa çağırmış, eyni zamanda, mayın 18-də Laçının işğalı ilə əlaqədar Türkiyə hökuməti Ermənistana daha sərt bir bəyanatla müraciət edərək, onun hərbi təcavüzünü pisləmişdir.
1993-cü il aprelin əvvəllərində Ermənistanın hərbi təcavüzünün daha da genişlənməsi və Kəlbəcər rayonunun işğalı ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyi bəyanatla çıxış etməklə yanaşı, Türkiyə hökuməti BMT Təhlükəsizlik Şurasından təcili iclasın çağırılmasını da xahiş etmişdir. 1993-cü il aprelin 6-da BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı Türkiyənin BMT-dəki daimi nümayəndəsi Mustafa Akşin bildirmişdi ki, "Türkiyə Azərbaycanın hər hansı bir güc tərəfindən işğalına heç vaxt biganə qalmayacaqdır". O zaman Türkiyə Respublikasının Prezidenti Turqut Özal Azərbaycanı dəstəkləyərək Ermənistanın işğalçılıq siyasətinə son qoymasını tələb etmiş və Türkiyə dövləti bu işğalın davam etməsi səbəbindən Ermənistanla sərhəddini bağlamışdır.
Bununla yanaşı, Türkiyə tərəfi münaqişəni nizama salmaq üçün, ilk növbədə atəşin dayandırılmasına nail olmağın vacibliyini bildirmiş, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını təkid etmiş və münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllinə tərəfdar olduğunu bəyan etmişdir.
Türkiyə 1992-ci ilin martında yaradılan ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin dinc vasitələrlə nizama salınmasına dair keçirilən danışıqlarda müntəzəm olaraq iştirak edir. 1995-ci ilin iyul ayında Türkiyə prezidenti münaqişənin sülh yolu ilə həllinə dair aparılan danışıqlarda iştirak etmək üçün özünün ATƏT-in Minsk qrupundakı nümayəndəsinə xüsusi səlahiyətli səfir statusu vermişdir.
Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu günədək "bir millət, iki dövlət" prinsipi əsasında inkişaf edən münasibətlərin səviyyəsindən razı olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, "Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri çox yüksək səviyyədədir".
Bütün dövrlərdə Türkiyə - Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynamışdır. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyətli rol oynamışdır. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və söz sahibi olan iştirakçılarıdır. Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, bölgədə Türkiyə - Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.
2007-ci ildən başlayaraq Türkiyə - Ermənistan münasibətlərinin bərpası və normallaşdırılması istiqamətində aparılan ikitərəfli danışıqlardan sonra Türkiyə - Ermənistan sərhəddinin açılması istiqamətində məlumatlar vaxtaşırı yayılmağa başladı.
Lakin ilk gözlənti, yəni, 2009-cu il aprelin 16-na proqnozlaşdırılan "açılış" gerçəkləşmədi və qeyri-müəyyən müddətə təxirə düşdü. Hər dəfə istər Azərbaycan, istərsə də Türkiyə ictimaiyyətinin təzyiqi ilə bu məsələdə Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi ilk şərt kimi irəli sürülərək heç bir nəticə əldə edilməmiş, sərhədlərin açılması istəyi reallaşmamışdır.
Bununla yanaşı, 2009-cu ilin aprel ayında iki dövlət arasında razılaşdırılmış və 5 maddədən ibarət "yol xəritəsi" və həmin il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistan xarici işlər nazirləri tərəfindən iki protokolun imzalanması ilə ikitərəfli münasibətlərin normallaşdırılması prosesində yeni səhifə açılmış oldu. Bu proses Azərbaycanda, eləcə də Türkiyədə ictimayyətin geniş etirazına səbəb olmuş və narazılıqla qarşılanmışdır.
2009-cu ilin əvvəllərində Türkiyə - Ermənistan münasibətlərinin normallaşdırılması haqqında məlumatlar yayıldıqdan sonra bu məsələ Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair aparılan danışıqlar prosesinə də öz təsirini göstərdi.Türkiyə - Ermənistan münasibətlərinin normallaşdırılması, xüsusilə sərhədlərin açılması məsələsi Dağlıq Qarabağ məsələsi ilə paralel nizama salınmalıdır. Türkiyənin Ermənistanla sərhədlərini bağlamasının əsas və tək səbəbi Kəlbəcər rayonunun işğal altına düşməsi olmuş və 1993-cü ilin aprel ayından sərhədlər bağlanmışdır. Lakin Türkiyə ilə Ermənistan arasında imzalanması nəzərdə tutulan sənəddə Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı heç bir maddənin olmadığı məlum oldu. Bundan əlavə, Ermənistanın Türkiyəyə qarşı dövlət səviyyəsində soyqırım və ərazi iddialarının qüvvədə qalması aradan qalxmadan Türkiyənin Ermənistanla sərhədlərini açması həm Azərbaycanın, həm də Türkiyənin milli maraqlarına uyğun gəlmir.
Bu səbəbdən Azərbaycan dövləti bu işğala son qoyulmadan, yəni Ermənistan silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxmayana qədər Türkiyənin Ermənistanla sərhədlərini açmasını məqbul hesab etmir. Ona görə ki, Türkiyə - Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar indiyə qədər danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi ilə nizamlanma prosesinə maneə törədən Ermənistan tərəfinin yenə də vaxt uzatmaq taktikasını tətbiq etməsinə imkan yaradır. Bununla əlaqədar dövlət başçısı İlham Əliyev açıq şəkildə bildirmişdir: "Türkiyə - Ermənistan münasibətləri Dağlıq Qarabağ məsələsinin həllindən əvvəl tənzimlənərsə, o zaman Ermənistanın mövqeyi danışıqlar prosesində daha da sərtləşə bilər. Ermənistan bunu bir növ öz siyasi və diplomatik uğuru kimi təqdim etməyə çalışacaq və çox güman ki,danışıqlarda daha da sərt və qəbulolunmaz mövqe tutacaqdır. Bunu deməyə kifayət qədər əsas vardır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Türkiyə - Ermənistan sərhədlərinin açılması proseslərinin paralel olaraq həll edilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev Azərbaycanın bölgədə və dünyada artan rolunun Ermənistanın təcrid vəziyyətindən çıxmasına heç vaxt imkan verməyəciyini vurğulamış və qeyd etmişdir ki, "Bu proseslər arasında rəsmi olmasa da, qeyri-rəsmi bağlantı vardır. Bu bağlantı saxlanılmalıdır və iki məsələ paralel şəkildə, eyni zamanda, həll olunmalıdır. Əks təqdirdə bölgədə status-kvo mənfi tərəfə dəyişə bilər".
Bundan əlavə, Türkiyə Ermənistan münasibətlərinin normallaşması və hər iki ölkə arasında sərhədlərin açılmasında daha çox Ermənistan maraqlıdır. Çünki son vaxtlar Ermənistanda dərinləşmiş iqtisadi böhran, işsizlik və bu səbəbdən ölkədən gedənlərin sayının sürətlə artması hakimiyyəti daha çox narahat edir. Digər tərəfdən Ermənistanın regionda həyata keçirilən iri infrastruktur layihələrindən kənarda qalması,eləcə də bu ölkənin digər dövlətlər və beynəlxalq qurumların yardımları hesabına yaşaması ölkədə böyük narazılıq doğurur.
(ardı növbəti sayımızda)
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.