Şriftin ölçüsü:
12.05.2010 06:44 | Oxunma sayı: 368
Mayın 11-də Milli Məclisin növbəti iclası keçirilmişdir. Əvvəlcə cari məsələlərə baxılmışdır. Deputatlar təbii fəlakət, Kür çayının daşması nəticəsində bəzi rayonlara dəyən ziyandan narahatlıqlarını ifadə etmişlər.
Milli Məclisin sədri Oqtay Əsədov bildirmişdir ki, bu məsələ dövlətin və ölkə başçısının tam nəzarəti altındadır. Bəzi deputatlar təbii fəlakətdən ziyan çəkmiş insanlara kömək göstərilməsi üçün yardım fondunun yaradılmasını təklif etmişlər. Bu təklif razılıqla qarşılanmışdır.
Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsi başlanmışdır.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov "Fərdi məlumatlar haqqında" qanun layihəsini üçüncü oxunuşda müzakirəyə təqdim etmişdir. O demişdir ki, layihənin ikinci oxunuşda müzakirəsi zamanı deputatların qaldırdıqları təkliflər diqqətlə araşdırılmış və müvafiq sayılanları sənəddə əksini tapmışdır. Qanun fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsi ilə bağlı münasibətləri, milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması, transsərhəd ötürülməsi ilə əlaqədar məsələləri tənzimləyəcəkdir. Bu sahədə fəaliyyət göstərən dövlət və yerli özünüidarə orqanlarının, hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyənləşdirəcəkdir.
Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun layihəsi barədə məlumat vermişdir. O bildirmişdir ki, qanun istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyəcəkdir.
İclasda "Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanun layihələri də müzakirə olunmuşdur. Sonda bu qanun layihələri üçüncü oxunuşda səs çoxluğu ilə qəbul olunmuşdur.
Parlament Avropa Şurasının "İnsan alverinə qarşı mübarizə haqqında" Konvensiyasına, Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - Ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 saylı Konvensiyasına, eləcə də "Analığın mühafizəsi haqqında" 1952-ci il Konvensiyasına yenidən baxılması haqqında" 183 nömrəli Konvensiyasına qoşulmaq barədə qanun layihələrini də qəbul etmişdir.
İclasda "Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında" qanun layihəsi də qəbul olunmuşdur.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə dedi ki, rayonda 12 ərazi vahidi var. Bütün ərazi vahidlərində bu məsələ ictimaiyyətin iştirakı ilə geniş müzakirə edildikdən sonra təklif "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna uyğun olaraq Milli Məclisə göndərilmişdir.
Milli Məclis "Pambıqçılıq haqqında" qanun layihəsini də iknci və üçüncü oxunuşlarda qəbul etmişdir.
Milli Məclisin aqrar siyasət komitəsi sədrinin müavini Eldar Quliyev demişdir ki, pambıqçılığın hüquqi, təşkilati, iqtisadi əsaslarını müəyyənləşdirən, xam pambıq və pambıq məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətləri tənzimləyəcək qanun layihəsi geniş və əhatəli hazırlanmışdır.
Müzakirələr zamanı millət vəkilləri ölkədə bu qanunun, eləcə də hüquqi sənədin əsas yaradacağı pambıqçılığın inkişafını iqtisadiyyatın inkişafı, maliyyə vəsaitlərinin artması, əhalinin məşğulluq probleminin aradan qaldırılması və digər baxımdan vacib saydılar.
Milli Məclis, həmçinin "Hərbi qulluqçuların statusu haqqında", "Rəsmi statistika haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunlara, "Miqrasiya orqanlarında qulluqkeçmə haqqında", "Dövlət vergi orqanlarında xidmət haqqında" əsasnamələrə də bəzi əlavələr və dəyişikliklər etmişdir.
Bununla da parlamentin iclası başa çatmışdır.
AzərTAc{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.