Dünən Milli Məclisdə parlamentin yaz və növbədənkənar sessiyaları dövründəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Tədbiri parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov açaraq Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründəki fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırmaq üçün sözü Milli Məclis sədrinin müavini Bahar Muradovaya verdi.
B.Mudarova mətbuat konfransının xalqımız üçün çox əlamətdar bir gündə keçirildiyini diqqətə çatdırdı. O dedi ki, 42 il əvvəl - 1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbər seçilib. Həmin gündən Azərbaycan özünün inkişaf və tərəqqi yoluna qədəm qoyub. O, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkəmizin qazandığı uğurlar barədə verilən məlumatdan söz açaraq dedi ki, bu müvəffəqiyyətlərin bünövrəsi məhz 42 il əvvəl ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli liderin siyasi xəttinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirildiyini xüsusi vurğulayan B.Muradova dedi ki, bu siyasi kurs Azərbaycanı dünya birliyində inkişaf etmiş dövlətə çevirəcək.
Milli Məclis sədrinin müavini qeyd etdi ki, 2011-ci il dünyada gedən mürəkkəb proseslər fonunda və qlobal iqtisadiyyatdakı böhran əlamətlərinin davam etməsinə baxmayaraq, ölkəmiz üçün düşərli olmuşdur. Belə ki, əsası ulu öndər tərəfindən qoyulmuş ölkənin milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurlu davamı Azərbaycan iqtisadiyyatındakı dinamik inkişafı qoruyub saxlamağa imkan vermişdir. Bu günlərdə Dünya Azərbaycanlılarının Bakıda keçirilmiş III Qurultayında ölkə başçısı bu sahədə əldə etdiyimiz nailiyyətlər barəsində demişdir: "İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq məsələlərlə bağlı fikrimizi açıq-aydın ifadə edək. Bölgədə gedən proseslərə Azərbaycanın təsir imkanları artır. Bu da təbiidir. Çünki Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir... O da öz növbəsində göstərir ki, Azərbaycanda islahatlar uğurla aparılır."
Qeyd olundu ki, Milli Məclisin 2011-ci il yaz və növbədənkənar sessiyaları dövründə parlamentin 13 iclası keçirilmiş, 139 qanun və qərar qəbul olunmuşdur. Bu hüquqi sənədlər ölkə həyatının ən müxtəlif sahələrini əhatə edən islahatların hüquqi bazasının daha da möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edir. Milli Məclisin yaz sessiyasında (1 fevral - 31 may 2011-ci il) 11 iclas keçirilmiş, 94 qanun və qərar qəbul olunmuşdur. Onlardan 2-si Konstitusiya qanununa dəyişikliklər və əlavələr, 2-si qanun, 57-si mövcud qanunlara dəyişikliklər və əlavələr, 12-si isə qərardır. Bu dövrdə parlamentdə 21 beynəlxalq müqavilə və konvensiya ratifikasiya edilmiş, bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirilmişdir. Növbədənkənar sessiya dövründə (1 iyun - 24 iyun 2011-ci il) Milli Məclisin iki iclası keçirilmiş, 45 qanun və qərar qəbul olunmuşdur.
Yaz və növbədənkənar sessiyalar ərzində Milli Məclis komitələrinin 68 iclası keçirilmiş, bu iclaslarda 189 məsələ, o cümlədən 162 qanun və 1 qərar layihəsi müzakirə olunmuşdur. Ümumiyyətlə, IV çağırış Milli Məclis fəaliyyətə başladığı dövrdən bugünədək yeni tərkibli parlamentin 17 iclası keçirilmiş, Milli Məclisin qəbul etdiyi qanun və qərarların ümumi sayı isə 183 olmuşdur.
Ötən dövrdə Milli Məclis ölkənin əsas sənədi - Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətini tam həcmdə yerinə yetirmişdir. Çoxpartiyalılıq əsasında fəaliyyət göstərən parlament öz fəaliyyətində demokratiya, plüralizm, qanunun aliliyi prinsiplərinə əsaslanmışdır. Bu zaman parlament fəaliyyətinin əsas istiqamətləri hüquqi, demokratik və dünyəvi dövlətin yaradılması prosesinin davam etdirilməsi, ölkə Prezidenti tərəfindən aparılan islahatların qanunvericilik bazasının təkmilləşdirilməsi olmuşdur.
B.Muradova dedi ki, insan hüquqlarının qorunması və demokratiyanın inkişafı sahəsində parlamentdə məqsədyönlü iş davam etdirilmişdir. Belə ki, Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi haqqında, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında qərarlar, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu, "Dini etiqad azadlığı haqqında", "İnformasiya əldə etmək haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə sənədlər qəbul olunmuşdur.
Növbədənkənar sessiyada qəbul edilmiş "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununda dəyişikliklər edilməsi barədə" Konstitusiya qanunu ilə insan hüquqlarının müdafiəsi sahəsində mühüm addım atılmışdır. Dəyişikliyə əsasən, insan hüquqlarının pozulmasına dair milli preventiv mexanizm funksiyasını həyata keçirmək səlahiyyəti və informasiya müvəkkilinin səlahiyyətləri İnsan haqları üzrə müvəkkilə - ombudsmana verilmişdir.
Hüquqi sahəyə aid parlamentdə bir sıra qanunlar qəbul edilmişdir. Bunlardan İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, Cəzaların İcrası Məcəlləsində, "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə sənədləri göstərmək olar. Cinayət Məcəlləsində edilmiş dəyişikliyə görə, ölkə vətəndaşları Azərbaycanın hüdudlarından kənarda törətdikləri əmələ görə, əgər xarici dövlətin qanunvericiliyinə əsasən bu əməl cinayət sayılarsa, həmin şəxslər bu məcəllə əsasında Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilirlər. Sənədə edilən dəyişikliyə əsasən, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə görə də məsuliyyət nəzərdə tutulmuşdur.
Sessiyalar dövründə iqtisadi sahədə çox vacib olan qanunlar qəbul olunmuşdur. Bunlardan ilk növbədə yeni Gömrük Məcəlləsinin qəbul olunması qeyd edilməlidir. Belə ki, qüvvədə olan məcəllə 14 il bundan öncə qəbul olunmuşdur. Ötən dövr ərzində Azərbaycan bu sahə ilə bağlı bir neçə beynəlxalq konvensiyalara qoşulduğundan, məcəllə onların tələblərinə uyğunlaşdırılmalı, əslində yeniləşdirilməli idi. Buna görə müasir tələblərə cavab verən yeni Gömrük Məcəlləsi qəbul olundu və növbəti ilin yanvarından qüvvəyə minəcək. Yeni məcəllədə ölkənin milli maraqlarına, iqtisadi təhlükəsizliyinə, aparılan uğurlu beynəlxalq siyasətin daha da təkmilləşdirilməsinə yönəlmiş məsələlər öz əksini tapmışdır. Bu sənəd ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olması istiqamətində atılan mühüm addımdır.
Ötən dövrdə iqtisadi sahədə qəbul olunmuş mühüm qanunlardan biri də "İcbari sığortalar haqqında" Qanundur. Bu sənədi ölkədə aparılan iqtisadi islahatların davamı kimi də dəyərləndirmək olar. Qanun ölkədə sığorta bazarının genişlənməsinə, onun müasir tələblər səviyyəsində təşkilinə, sığorta münasibətləri iştirakçılarının hüquq və mənafelərinin daha effektiv qorumasına, sığorta mədəniyyətinin yüksəlməsinə xidmət edəcək. Göstərilənlərlə yanaşı, iqtisadi qanunvericilik sahəsində qüvvədə olan bir sıra qanunlara əlavə və dəyişikliklər edilmişdir. Buna misal olaraq 2011-ci ilin dövlət büdcəsinin dürüstləşdirilməsinə, Vergi Məcəlləsinə, Mülki Məcəlləyə, "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Su təchizatı və tullantı suları haqqında" qanunlara edilən dəyişiklikləri göstərmək olar.
İqtisadi sahəyə aid olan qanunlardan söhbət açan B.Muradova dedi ki, "Dövlət rüsumu haqqında", "Auditor xidməti haqqında", "Gömrük tarifi haqqında", "Yeyinti məhsulları haqqında", "Banklar haqqında", "İpoteka haqqında", "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə sənədlər qəbul edilib. Qeyd olundu ki, son illərdə ölkəmizdə sosial siyasətin ən müxtəlif istiqamətlərində nəzərəçarpan dəyişikliklər baş vermiş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır.
Yaz və növbədənkənar sessiyalar ərzində parlamentdə bu sahəyə aid bir sıra qanunlar qəbul edilmişdir. Onlardan "Əmək pensiyaları haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Dərman vasitələri haqqında", "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanunlara, Əmək Məcəlləsinə, Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunları göstərmək olar.
Növbəti sessiyada baxılmaq üçün parlamentdə "Sosial xidmət haqqında", "Pasiyentin hüquqları haqqında", "Psixiatriya yardımı haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanun layihələri işlənib hazırlanmışdır.
Yaz və növbədənkənar sessiya dövründə bir sıra sazişlər, konvensiyalar, müqavilələr, bəyannamələr parlamentdə müzakirə olunaraq qəbul edilmişdir. Onlardan "Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında", "TRASEKA multimodal daşımalarının inkişafı haqqında" sazişləri, Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsini və digər sənədləri göstərmək olar.
"Avropa Landşaft Konvensiyasının təsdiq edilməsi haqqında" qanun ölkəmiz üçün mühüm əhəmiyyətli sənəddir. Belə ki, Konvensiya landşaftın mühafizəsi, idarə olunması, planlaşdırılması və bu məsələlər üzrə Avropada əməkdaşlığı təmin etmək məqsədi daşıyır. Bu sənəd işğal altında olan torpaqlarımızda landşaftın, təbii və mədəni irsin qorunması baxımından hüquqi baza yaradır.
Parlamentin beynəlxalq əlaqələrinin inkişafı Milli Məclis rəhbərliyinin daim diqqət mərkəzindədir. Ötən dövrdə Milli Məclisin nümayəndə heyətləri bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq təşkilatların işində yaxından iştirak etmişlər. Belə ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti Qazaxıstanda (TürkPA-nın ikinci plenar iclası, 26-28 aprel), Sankt-Peterburqda (MDB PA-nın Şurası, 36-cı Plenar, Nyurnberq prosesinin 65 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfrans, 14-16 may) səfərdə olmuşdur.
B.Muradova parlamentin beynəlxalq təşkilatlarla əlaqələrini yüksək qiymətləndirdi. O dedi ki, bu ilin yaz və növbədənkənar sessiyaları dövründə yüksək səviyyəli parlament nümayəndə heyəti üzv olduğumuz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişdir. Belə ki, nümayəndə heyətimiz ATƏT PA-nın qış (Avstriya, 22-26 fevral) və yay (Serbiya, 4-11 iyul) sessiyalarında, NATO PA-nın 76-cı Rous-Rout seminarında (Gürcüstan, 21-26 mart), AVRONEST PA-nın toplantısında (Belçika, 2-3 may), NATO PA-nın yaz sessiyasında (Bolqarıstan, 26-31 may), AŞ PA-nın sessiyalarında, MDB PA-nın, TürkPA-nın, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin və digər nüfuzlu qurumların tədbirlərində iştirak etmişdir.
ATƏT-in yay sessiyası da (Serbiya, 4-11 iyul) Azərbaycan nümayəndə heyəti üçün uğurlu olmuşdur. Belə ki, iyulun 7-də təşkilatın Təhlükəsizlik və Siyasi Məsələlər üzrə Ümumi Komitəsinin iclası keçirilmişdir. İclasda Xorvatiyalı deputat Tonino Pikulanın hazırladığı "ATƏT-in səmərəliliyinin və effektivliyinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni başlanğıc" mövzusunda hesabat müzakirə edilmişdir. Azərbaycan nümayəndə heyətinin rəhbəri məruzə ilə əlaqədar çıxış edərək ATƏT-də ciddi islahatların aparılmasının vacibliyini vurğulamış, qəbul olunan qərarların icrasının təmin edilməsinin zəruriliyini qeyd etmişdir. Nümayəndə heyətimiz məruzədə Dağlıq Qarabağ münaqişəsinin Moldova və Gürcüstandakı münaqişələrlə eyniləşdirilməsinin yanlış təsəvvür yarada biləcəyini bildirmiş, onun Azərbaycanın bir bölgəsi kimi göstərilməsinin vacibliyini söyləmişdir. Ertəsi gün qətnamə layihəsinin müzakirəsi zamanı məruzəçi xüsusi olaraq vurğulamışdır ki, qətnamədə Dağlıq Qarabağ qətiyyən müstəqil tərəf kimi göstərilə və suveren dövlətlərlə eyni statusda təqdim edilə bilməz. Ona görə də biz Dağlıq Qarabağ münaqişəsinin adını çəkən zaman onu bir bölgə kimi nəzərdə tutmuşuq və onu münaqişənin mövcud olduğu digər dövlətlərdən ayırmışıq.
Ötən dövrdə deputatlarımız ABŞ-da, Rusiyada, Türkiyədə, Böyük Britaniyada, Fransada, Almaniyada, Qazaxıstanda, Gürcüstanda, Çexiyada, Avstriyada və digər ölkələrdə səfərlərdə olmuşlar. Bu səfərlərdə və keçirilən görüşlərdə deputatlarımız parlament diplomatiyasının incəliklərindən məharətlə istifadə edərək Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırırlar.
Parlamentlərarası əlaqələrin inkişafında xarici ölkələrin ali qanunvericilik orqanları ilə dostluq qrupları xüsusi yer tutur. Milli Məclisdə dünyanın 70-dən çox ölkəsinin qanunvericilik orqanı ilə işçi qrupları yaradılmışdır. Bu qruplar təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli rol oynayırlar. Yaz və növbədənkənar sessiyalar dövründə bir sıra xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri Milli Məclisdə olmuşlar. Belə ki, İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey, Yunanıstan Respublikasının Prezidenti Karolos Papulias, Rumıniya Prezidenti Trayan Basesku, Çex Respublikasının Prezidenti Vatslav Klaus, Litva Respublikası Seyminin sədri xanım İrena Dyaqutene, İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani, Qırğızıstan Respublikası Coqorku Keneşinin (Parlamentinin) sədri Axmatbek Keldibekov, Avropa Parlamentinin Prezidenti Yerci Buzek, ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiu, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri, Baltik Assambleyasının nümayəndə heyəti və digər rəsmi şəxslər Milli Məclisdə görüşlər keçirmiş, faydalı fikir mübadiləsi aparmışlar.
Ötən dövrdə Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 11-ci iclası (20-21 iyun 2011-ci il) keçirilmişdir. Tədbirdə qurumla ölkəmiz arasında iqtisadi, siyasi, sosial sahələrdə islahatlar, Dağlıq Qarabağ münaqişəsinin həlli, mütəşəkkil cinayətkarlığa, insan alverinə qarşı mübarizə və digər sahələrə dair konstruktiv müzakirələr aparılmışdır.
2011-ci il yaz sessiyası dövründə internet saytından və elektron poçt vasitəsilə Milli Məclisə 767 müraciət və sorğu daxil olmuşdur. 178 nəfər vətəndaş qəbula yazılmaq üçün Milli Məclisə elektron poçt vasitəsi ilə müraciət etmişdir. Ümumiyyətlə, 2011-ci ilin birinci yarısında vətəndaşlardan Milli Məclisə 3007 təklif, ərizə və şikayət daxil olmuş, 3054 nəfər parlamentdə qəbul edilmişdir. Milli Məclisin kütləvi informasiya vasitələri ilə əlaqələri barədə də məlumat verildi. Məlum oldu ki, yaz və növbədənkənar sessiyalar dövründə parlamentdə 64 kütləvi informasiya vasitəsi akkreditə olunmuşdur. Milli Məclisin fəaliyyətini 11 televiziya kanalı, 2 radio, 33 qəzet və 18 agentlik işıqlandırmışdır.
Mətbuat konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, komitə sədrləri və müavinləri iştirak etmişlər.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.