Qədim yunan filosofu Aristotel yazırdı ki, ictimai inam siyasətdə uğuru təmin edən ən mühüm amildir. Həqiqətən də fərqli ictimai-iqtisadi formasiyalarda cəmiyyətin dəstəyinə iddia edən hər bir siyasi qüvvənin cidd-cəhdlə can atdığı yeganə meyar məhz ictimai inam olmuşdur. Yaşadığı zaman və məkanın xarakterindən asılı olmayaraq, əsrlər boyu milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan xalqı gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə, şəxsiyyətə etibar etmək istəmişdir.
Milli dövlətçilik idealı taleyin sərt hökmü ilə neçə əsrlər gerçəkləşməyən xalqımızın müstəqil dövlət qurmaq arzusu dərin nisgilə, qubara çevrilsə də, məhz daxili inama söykənən azərbaycanlılar qərinələr boyu milli kimliklərini qoruya, millət kimi mövcudluqlarını təsdiq edə bilmişlər. Məhz bu inamın, milli özünüdərk və özünütəsdiq istəyinin təcəssümü olaraq XX əsrin sonlarına doğru milli dövlətçiliyini bərpa edən xalqımız müstəqilliyinin ilk illərində yenidən mənəvi sarsıntılara məruz qalmış, üzləşdiyi böhran və faciələr fonunda gələcək barədə nikbin düşünə bilməmişdir.
Bu gün 1991-1993-cü illərin o böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində Vətən sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Hakimiyyəti ələ keçirərək inanılmaz bir hərisliklə ölkənin sərvətlərini çapıb-talayan, iqtisadi-siyasi və mənəvi böhranın qarşısını almaqda aciz olan məlum qüvvələr xalqın inamından sui-istifadə etməklə, əslində, özlərini uçuruma yuvarladılar. Bir daha təsdiqləndi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Belə acınacaqlı şəraitdə xalqın üzdə olan ziyalıları, sadə və zəhmətkeş insanları öz daxili inamlarına söykənərək respublikanı xaos və anarxiya mühitindən, parçalanma təhlükəsindən, sosial-iqtisadi tənəzzüldən, bir sözlə, böyük fəlakətlərdən qurtaracaq, onu möhkəm sabitlik, davamlı sosial-iqtisadi tərəqqi və yüksəliş yoluna çıxaracaq yeganə düzgün ünvanı göstərdilər. Əksəriyyət yaxşı başa düşürdü ki, məhz ulu öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər.
Xalqın Heydər Əliyev fenomeninə olan inamı və bu inama olan yüksək ehtiram sarsılmaz vəhdət yaradaraq bütövlükdə Azərbaycan dövlətçiliyini məhv olmaq, ölkəni parçalanmaq, qardaş qırğını təhlükəsindən hifz etmişdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi və istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqın təhtəl-şüurunda bütöv və milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında, milli qurtuluşa nail olması da onun xalqla mənəvi birliyinin nəticəsi sayılmalıdır. Dövlətçiliyin taleyi baxımından ən ağrılı, çətin günlərdə xalq öz gələcəyini məhz inandığı, müdrikliyinə, idarəçilik səriştəsinə, siyasi fəhminə qəlbən güvəndiyi liderə - Heydər Əliyevə etibar etmiş, onun rəhbərliyi altında üzləşdiyi fəlakətdən xilas olacağına böyük ümid bəsləmişdir. Ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır bir yükün altına vermiş, məsuliyyətindən çəkinməmiş, əsl liderlərə xas bir şəkildə dövlətinin üzləşdiyi faciələrə biganə qalmamışdır.
Hər bir siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Ulu öndər Heydər Əliyev də təcrübəli dövlət xadimi kimi Azərbaycan xalqının milli mentaliteti və dünyagörüşü ilə uzlaşan, reallığa adekvat olan milli inkişaf strategiyası seçmiş, iqtisadi modernləşməyə və siyasi liberallaşmaya xidmət edən çoxşaxəli islahatlar həyata keçirmişdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin nəhəng siyasətçisi - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin idarəçiliyinin ikinci mərhələsində də qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından qaynaqlanmışdır.
1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələblərilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyanın keçid müddəalarında Azərbaycan dövlətinin demokratik cəmiyyətə inteqrasiyası ilə əlaqədar olaraq, bir sıra demokratik hüquqi islahatların həyata keçirilməsi yönündə mühüm addımlar atılmışdır.
Avropa ölkələrində hamılıqla qəbul edilmiş standart və normalara uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət - Prosessual, Mülki və Mülki - Prosessual məcəllələrinin, habelə məhkəmə-hüquq sistemi ilə bağı yeni qanunların hazırlanmasının əsası qoyulmuşdur. Ulu öndərin 21 fevral 1996-cı il tarixli fərmanı ilə yaradılmış Hüquq İslahat Komissiyası bu və digər qanunların təkmil beynəlxalq təcrübə əsasında, demokratik ideallara uyğun formada hazırlanmasını təmin etmişdir. Komissiya tərəfindən hazırlanmış "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında" 10 iyun 1997-ci il tarixli, "Konstitusiya Məhkəməsi haqqında" 21 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikası qanunları, həmçinin, Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında" və 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərmanları insan hüquq və azadlıqlarının təminatına xidmət, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində yeni səhifə açmışdır.
İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, hər bir ölkədə aparılan hüquqi islahatların səmərəli nəticələr verməsi məhkəmələrlə yanaşı, məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsindən və təkmil mexanizmlər üzərində qurulmasından bilavasitə asılıdır. Ümummilli lider hələ 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra məhkəmə sistemində aparılan islahatları hüquqi dövlət quruculuğunun mühüm şərti saymışdır. Azərbaycan Konstitusiyasında məhkəmə hakimiyyəti ilə bağlı geniş əksini tapmış prinsiplər beynəlxalq standartlara tam cavab verməklə yanaşı, respublikamızda tamamilə azad, şəffaf və müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına hüquqi zəmin yaratmışdır. Əsas Qanunda təsbit olunmuş məsələlər bir daha təsdiqləyir ki, respublikada məhkəmə hakimiyyəti insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edən, hüquq qaydasını cinayət və digər hüquqpozmalardan müdafiə edən, dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədən kənara çıxmamasına nəzarət edən müstəqil dövlət hakimiyyəti qoludur.
İnsan Haqlarına dair Deklarasiyanın 8-11-ci maddələrində, habelə BMT-nin 1985-ci il 29 noyabr tarixli qətnaməsi ilə bəyənilmiş "Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsipləri"ndə və başqa beynəlxalq sənədlərdə təsbit olunmuş normaları hüquqi baxımdan özündə əks etdirən "Məhkəmələr və hakimlər haqqında" Qanunda hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi xüsusi təsbiq olunmuşdur. Məhkəmə - Hüquq Şurası qanuna uyğun olaraq hakimliyə namizədlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi məqsədilə ilk dəfə 2000-ci ildə test üsulu ilə imtahan və müsabiqənin keçirilməsini təmin etmişdir. Bu məqsədlə bir sıra zəruri tədbirlər görülmüş, müstəqil və demokratik məhkəmə hakimiyyətinin formalaşması sahəsində zəngin ənənələri olan dövlətlərin qabaqcıl təcrübəsi öyrənilmiş, Azərbaycan Respublikasında hakimliyə namizədlərin seçilməsi qaydaları təsdiq edilmişdir.
2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsində (referendumda) Azərbaycan Respublikası Konstitusiyasına edilmiş mütərəqqi ruhlu dəyişikliklərin mühüm bir qismi də məhkəmə hakimiyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Belə ki, Konstitusiyanın Apellyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddəsi yeni redaksiyada verilmiş, prokurorluğun məhkəmə prosesində iştirakı əsasən cinayət məhkəmə icraatı ilə məhdudlaşdırılmış, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarət funksiyası ləğv edilərək, onun yalnız kassasiya instansiyası olması təsbit edilmişdir.
Həmin referendumla təsbit edilmiş digər yeniliklə bütün məhkəmələrə, vətəndaşlara və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ verilmişdir. Dəyişikliyin məzmununa görə, hər kəs, onun hüquq və azadlıqlarını pozan qanunvericilk və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada pozulmuş insan hüquq və azadlıqlarını bərpa etmək məqsədi ilə Konstitusiya Məhkəməsinə şikayət verə bilər. Bu şikayətlər məhkəmə qərarlarından verilən apellyasiya və kassasiya şikayətlərindən fərqli olaraq, konkret işlər üzrə qərarların ləğv edilməsi və ya dəyişdirilməsi məqsədi ilə deyil, yalnız insan hüquq və azadlıqlarını pozan aktların Konstitusiya və qanunlara zidd hesab olunması məqsədi ilə verilir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları son illərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək əzmlə, yeni dövrün gerçəkliklərinə uyğun davam etdirilmiş, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi məsələləri ön plana çəkilmişdir. Həyata keçirilən məhkəmə-hüquq islahatı nəticəsində insan hüquqlarının müdafiəsi ilə bağlı məsələlərin müstəsna olaraq məhkəmələrin səlahiyyətinə aid edilməsi, cəmiyyətin sürətli inkişafı və ölkənin beynəlxalq qurumlara daha sıx inteqrasiya etməsi Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi zərurətini doğurmuşdur. Bu baxımdan son illərdə ədalət mühakiməsini həyata keçirən məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının təminatında bu müstəqil hakimiyyət institutunun rolunun artırılmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, hazırda respublikada ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara uyğun həyata keçirilir.
"Konstitusiya Məhkəməsi haqqında Qanuna əlavə və dəyişikliklər haqqında" 23 dekabr 2003-cü il tarixli qanuna görə vətəndaşların pozulmuş hüquq və azadlıqlarının bərpası ilə bağlı birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququnun həyata keçirilməsi mexanizmi müəyyən edilmişdir. Onların arasında insanların mühüm hüquqlarından olan mənzil toxunulmazlığı, yaxın qohumlara qarşı ifadə verməməyə görə məsuliyyətə cəlb edilməmə, məhkumun xüsusi mülkiyyətdə olan əmlakının hamısının məcburi qaydada əvəzsiz olaraq müsadirə edilə bilməməsi haqqında olan qərarlar mühüm əhəmiyyət kəsb edir.
Məhkəmələrin işinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması baxımından 2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq Şurası haqqında" yeni Qanunun qəbulu, habelə "Məhkəmələr və hakimlər haqqında" Qanuna dəyişikliklərin edilməsi xüsusi vurğulanmalıdır. Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanunlara əsasən, Məhkəmə - Hüquq Şurasının tərkibi əsasən hakimlərdən, habelə Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin, Respublika Prokurorluğunun, Vəkillər Kollegiyasının nümayəndələrindən və digər şəxslərdən formalaşdırılmışdır.
Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Qanunun tətbiq edilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərman isə məhkəmə hakimiyyətinin cəmiyyətdə nüfuzlu təsisat kimi təşəkkül tapmasında maraqlı olduğunu bir daha nümayiş etdirmişdir. Bu fərman məhkəmələrin fəaliyyəti ilə bağlı narahatlıq doğuran bəzi məqamların aradan qaldırılması baxımından əlahiddə əhəmiyyətli sənəd olmaqla, həm də regionların hazırkı sosial-iqtisadi inkişaf tempi ilə şərtlənmişdir. Son 4 il yarımda Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və Şirvanda apellyasiya məhkəmələri, Naxçıvanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə, Bakıda 2 saylı Yerli İqtisad Məhkəməsi, Sumqayıt və Şəkidə yerli iqtisad məhkəmələri yaradılmışdır. Dövlət başçısının 17 avqust 2006-cı il tarixli sərəncamı əsasında hakimlərin sayı 153 ştat vahidi artırılmış, bu addım ədalət mühakiməsinin səmərəliliyini artırmaq məqsədinə xidmət etmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, 2009-cu ilin 18 mart referendumunun nəticəsi kimi Konstitusiyaya edilən əlavə və dəyişikliklərin bir qismi məhkəmələrin fəaliyyəti ilə bağlı olmaqla, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə, vətəndaşların qanuni mənafeyinin məhkəmələrdə daha etibarlı müdafiəsinə xidmət edir.
Prezident İlham Əliyev dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kursu üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında toplayır, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərimizin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, bu ideyalar yaşayır və bizi xəyallarımızda yaşatdığımız tam demokratik, qüdrətli Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında mühüm vəzifələr gözləyir. Mütləq əksəriyyət bu fikirdədir ki, bir çox dövlətlərin onilliklər ərzində keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu bu məqsədlərə qısa zamanda qovuşacaqdır.{nl}
Adil ƏLİYEV, Milli Məclisin deputatı
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.