Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşmüşdür

İyulun 5-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşmüşdür. 
Komitədə keçirilən görüşdə Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə danışmış, M.Qorbaçovun Sovetlər İttifaqının rəhbəri seçildikdən sonra onun rəğbətindən istifadə edən ermənilərin "Böyük Ermənistan" yaratmaq iddialarının daha da fəallaşdığını, 1988-1992-ci illərdə Ermənistanda etnik təmizləmə həyata keçirildiyini, bu ölkənin ərazisindən azərbaycanlıların misilsiz qəddarlıq və vəhşiliklə köçürüldüyünü, 250 min soydaşımızın oradakı ata-baba yurdlarından qovularaq qaçqına çevrildiyini xatırlatmışdır. Məlumat verilmişdir ki, 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 822, 853, 874, 884 nömrəli qətnamələr qəbul etmişdir. Lakin Ermənistan bu qətnamələrin heç birinə əməl etmir.
Əli Həsənov Azərbaycan dövlətinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri qeyd etmiş və vurğulamışdır ki, ölkəmizdə son 20 ildə qaçqın və məcburi köçkünlərə 4,5 milyard dollar vəsait sərf olunmuşdur. Bunun 2,6 milyard dolları büdcə vəsaiti, 1 milyard dolları Dövlət Neft Fondunun vəsaiti, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir. Hazırda Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün vardır. Onlardan 250 mini 1988-1992-ci illərdə Ermənistandan qovulmuş azərbaycanlılar, 50 mini 1992-ci ildə Özbəkistandan Fərqanə hadisələri zamanı qovulmuş Axıska türkləri, 600 minə qədəri isə Azərbaycanın işğal olunmuş rayonlarından zorla çıxarılmış məcburi köçkünlərdir.
Humanitar təşkilatlara Azərbaycan hökuməti adından minnətdarlığını bildirən Əli Həsənov demişdir ki, hökumət bu gün qaçqın və məcburi köçkünlərin sosial problemlərini tam həll etmək iqtidarındadır. Buna baxmayaraq, qaçqın və məcburi köçkünlərin beynəlxalq qurumlarla ünsiyyət qurması, xarici mütəxəssislərin ölkəmizlə tanışlıq imkanı və çoxtərəfli inteqrasiya prosesləri baxımından Azərbaycan hökuməti beynəlxalq donorların fəaliyyətini əlverişli hesab edir. Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərən Azərbaycan hökuməti bu sahədə beynəlxalq və yerli qurumlarla yaxından əməkdaşlıq edir.
Əli Həsənov qaçqın və məcburi köçkünlərin yaşayış yerləri, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə də məlumat vermişdir.
Baş nazirin müavini qaçqın və məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirmişdir.
O, Azərbaycan ilə Belçika arasında əlaqələrin inkişafına da toxunmuşdur. Qeyd etmişdir ki, Belçika Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. İki ölkə arasında əlaqələr uğurla inkişaf edir. Nümayəndə heyətinə təşəkkürünü bildirən Baş nazirin müavini nəzərə çarpdırmışdır ki, qarşılıqlı səfərlər çox vacibdir. Bu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
Ətraflı məlumata görə təşəkkürünü bildirən Belçika parlamentinin üzvü, nümayəndə heyətinin rəhbəri Filip Blanşart bildirmişdir ki, Azərbaycanın zəngin tarixi vardır. Azərbaycan əraziləri zaman-zaman işğallara məruz qalmışdır. Belçika tarixində də bu özünü göstərir. İki ölkə parlamentləri arasında yaxşı əlaqələrimiz vardır. Belçika Azərbaycan ilə təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıqda maraqlıdır. Azərbaycan tolerant ölkədir. Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edildiyi barədə məlumatları olduğunu söyləyən qonaq erməni diasporunun uzun illərdir ki, Avropada fəaliyyət göstərdiyini, erməni diasporunun öz haqsız, ədalətsiz mövqeyində dindən də istifadə etdiyini demişdir. Azərbaycan öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün xaricdəki fəaliyyətini daha da gücləndirməlidir.
Görüşdə qaçqın və məcburi köçkünlərlə bağlı dövlət siyasətinin icra vəziyyəti və digər maraq doğuran məsələlər müzakirə edilmişdir.
Sonda qonaqlara Dağlıq Qarabağ münaqişəsindən bəhs edən disk və kitab təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında