Avropa Şurası tribunasından Ermənistan yenə ittiham edildi

AŞPA-nın yay sessiyasının üçüncü iş gününüdə iki dəfə geniş müzakirə edilən və müzakirəsinə 30-dan artıq deputatın qatıldığı məruzə son dərəcə mühüm bir problemə - XXI əsrdə xalqların və dövlətlərin birgəyaşayış məsələlərinə həsr edilmişdi. Azərbaycan nümayəndə heyətindən 3 nəfər - Sahibə Qafarova, Sevinc Fətəliyeva və Rafael Hüseynov fikir mübadilələri zamanı ölkəmizdə bu istiqamətdə görülən işlərdən bəhs etmişlər. S. Qafarova Azərbaycanda birgəyaşayış üçün ən vacib cəhət olan tolerant bir mühitin yaradıldığını bildirmişdir. S. Qafarova və S. Fətəliyeva Ermənistanın apardığı qeyri-konstruktiv siyasətin birgəyaşayışa cidd maneə olduğunu xüsusi vurğulamışlar.
Azərbaycan nümayəndə heyətinin üzvü R. Hüseynov müzakirələr zamanı problemin müxtəlif aspektlərini əhatə edərək demişdir: "Artıq 70 ilə yaxındır ki, bəşəriyyət Yer kürəsindən uzaqlara uçmaq, nəhayətsiz kosmosda mümkün ola biləcək yaşayış məkanlarını aramaqla məşğuldur. Ola bilsin gün gələcək indi xəyal olanlar reallaşacaq, başqa planetlərə uçuşlar və oralarda davam edən həyatımız da elə bu gün təyyarələrlə bir ölkədən digərinə baş verən uçuşlarımız kimi adiləşəcək. Lakin hələlik hamımızın bir ortaq evimiz olan Yer kürəsi var ki, biz onun sakini olmağa məhkumuq. Bu səbəbdən də hər bir kəsin vəzifəsi bu müştərək evimizi daim qorumaq, onun heç kimə dar olmaması, hamının daha rahat yaşaması üçün mümkün səylərimizi əsirgəməməkdir.
Bunun üçün gərək unutmayaq ki, üstündə yaşadığımız torpaq hər halda hamımızdan çox yaşayacaq və əslində o hamınındır, insanındır. Ona görə də onu dağıtmağa yox, dirçəltməyə, əkib-becərməyə, üzərində qurub-yaratmağa çalışmalıyıq.
Bunun üçün gərək unutmayaq ki, hamımız mahiyyətcə eyninyik, bir-birimizdən üstünlüyümüz yoxdur. Yeganə üstünlüyümüz elə insan olmağımızdır və insan olaraq da ən ali vəzifəmiz bir-birimizə əl uzatmaqdır, bir-birimizə qəsd etmək yox! Mən böyük evimizin - Yer kürəmizin balaca bir parçası olan, içərisində mənim də anadan olduğumdan bəri yaşadığım və problemlərinə, qayğılarına, tarixinə yaxşı bələd olduğum kiçik evimizdən Cənubi Qafqazdan bir örnək olaraq bəhs etmək, bu bölgədə baş verənlərin hansı dərsləri aşıladığını çatdırmaq istəyirəm. Cənubi Qafqazda yeni müstəqillik əldə etmiş 3 dövlət var və vaxtilə XX əsrin ilk onillərində hətta onlar bir fedarasiya tərkibində mövcud olublar. Lakin o zaman bu üç dövlət müstəqil deyildi, sovet imperiyasının tərkibində idi və ayrıca bir evə çevrilmək imkanları yox idi. Lakin artıq 20 ildir ki, 3 Cənubi Qafqaz respublikası - Azərbaycan, Gürcüstan, Ermənistan müstəqil dövlətlərdir və tarix onlara qarşılıqlı zənginləşməyə, rifaha, inkişafa, eləcə də bir çox yaxın-uzaq qonşularla faydalı əməkdaşlıq etməyə səbəb olacaq ortaq Qafqaz evini qurmaq imkanı yaratmışdır. Bu ortaq Qafqaz evi 20 il əvvəl yarana bilərdi, lakin indiyədək yaranmamışdır. Bu ortaq Qafqaz evinin indiyədək yaranmamasından Azərbaycan da itirib, Gürcüstan da. Amma daha çox itirən Ermənistandır. Çünki arxada qalan illərdə bu 3 dövlətdən ən çox inkişaf edən, zənginləşən Azərbaycan, ondan sonra Gürcüstan olsa da, Ermənistan inkişaf etməyib, əksinə tənəzzülə uğrayıb, bütün başqa imkanlarından əlavə ölkədəki yaşayış şərtlərinin dözülməzliyi ucbatından əhalisinin sürətlə emiqrasiya etməsi səbəbi ilə insan potensialının da üçdə ikisini əldən verib. Qafqaz evinin yaranmamasının səbəbkarı da nə qədər qəribə olsa da, elə məhz Ermənistandır. Ermənistan 20 ildir ki, Azərbaycana qarşı işğal siyasəti aparır, Azərbaycan torpaqlarının 20 faizini müxtəlif xarici qüvvələrin dəstəyi ilə işğal edib, həm Azərbaycana, həm Gürcüstana qarşı daim əsassız ərazi iddiaları irəli sürür. Nəticə də bu olub ki, Ermənistan özünü təcrid edib, bütün çox faydalı beynəlxalq iqtisadi layihələrdən kənarda qalıb. Yalnız bircə sübut yetər. Bu gün Azərbaycana da, Gürcüstana da, Türkiyəyə də, bir çox başqa ölkələrə də getdikcə artan iqtisadi mənfəət gətirən Bakı-Tbilisi-Ceyhan neft kəməri vaxtında Ermənistan ərazisindən keçə bilərdi və bu həmin kəməri inşa edənlər üçün də iqtisadi baxımdan daha sərfəli variant olardı. Lakin Ermənistanın təcavüzkar siyasəti bu variantdan imtinaya gətirib çıxardı. Kəmər Ermənistandan keçsəydi, onsuz da hansısa təbii sərvətləri ilə öyünə bilməyən Ermənistan çəkilişinə heç bir xərc qoymadığı həmin kəmərin hesabına əbədi bir gəlir mənbəyi qazanacaqdı. Gələcəkdə isə hələ nə qədər birgə əməkdaşlıq layihələri mümkün idi. Ermənistan dövləti öz xalqını bu faydaların hamısından məhrum qoydu. Ermənistan Azərbaycan torpaqlarına təzavüz etdi, lakin o torpaqların sahibi ola bilmədi və heç vaxt da ola bilməyəcək. Qonşularla dinc şəraitdə, əməkdaşlıq edərək yaşamaq istəməyən, birgə olmaqdan imtina edən Ermənistan ilk növbədə öz xalqının illər ötdükcə dərinləşən tənəzzülünə bais oldu. Həmişə bunda başqalarını ittiham etsə də erməni xalqını məhz Ermənistan hakimiyyəti "çox əzab görmüş xalq"a çevirdi. Yaxın tariximizin bircə bu ibrətli dərsi aşkarca təsdiq edir ki, başladığımız və yavaş-yavaş yaşa dolan yeni, XXI əsrimizin içərisində yeganə düzgün yol birgəyaşayışdır. Bir-birinə yardım edərək, arxa duraraq səmimi əməkdaşlıq şəraitində yaşayış. Buna əks olan yolu tutanları Ermənistanın acı taleyi gözləyir. Buyurun, seçin!" .
Müzakirəyə çıxarılmış məruzənin əhəmiyyətini nəzərə alaraq Avropa Şurasının baş katibi Trobyan Yaqland da bu mövzuda Assambleya qarşısında nitq söyləmişdir.
Digər azərbaycanlı deputat Sahibə Qafarova məsələyə münasibətində bildirmişdir ki, XXI əsrdə xüsusilə, milli sərhədlərin assimlyasiyaya uğradığı, xalqların bir-birinə qaynayıb qarışdığı, sivilizasiyaların yaxınlaşdığı qloballaşan dünyada birgə yaşamaq mədəniyyətinin formalaşması olduqca böyük əhəmiyyətə malikdir.Təbii ki, birgə yaşamaq diskriminasiyanı, qeyri-tolerantlığı, irqçiliyi qətiyyətlə rədd edir və bu istiqamətdə mövcud olan problemləri aradan qaldırmağı bizdən tələb edir. Qlobal təhdidlərin, terrorizm, dini qarşıdurma meyillərinin xüsusilə həssas yanaşmaq tələb etdiyi bir məqamda birgə yaşamaq arzusu, bu yöndə atdığımız və gələcəkdə atacağımız addımlar bizim milli mədəni, mənəvi dəyərlərimizdən imtinaya gətirib çıxartmamalı, fərqli dinlərin, xalqların nümayəndələri olmağımız aramıza nifaq salmamalıdır, əksinə, inanclarımızı, düşüncələrimizi bir-birimizə zorla qəbul etdirmək yolunu seçmədən bərabərlik, səmimiyyət, dürüstlük, sevgi, hörmət və xoş niyyətlə birlikdə çalışmalı, ortaq bəşəri dəyərlərimizi birgə qorumalıyıq. Hesab edirəm ki, bunu hamımızın ortaq məkanımız olan Avropada gerçəkləşdirə bilərik. Çox qürur hissi ilə qeyd etməliyəm ki, Azərbaycan dövləti olaraq, biz ölkəmizi fərqli dinlərin, fərqli xalqların nümayəndələrinin mehriban, dostluq şəraitdə yaşadığı bir məkana çevirə bilmişik. Bu gün Azərbaycanın xristian icması da, ölkəmizdə əsas çoxluq təşkil edən müsəlman cəmiyyəti ilə eyni hüquqlara, eyni haqqlara sahibdir. Bizim dövlətimizin vətəndaşlarına münasibəti heç bir dini, milli, irqi əsaslara söykənmir. Məhz buna görə də, azərbaycanlı, rus, yəhudi, gürcü və s. olmasından asılı olmayaraq, bütün vətəndaşlarımız ortaq dəyərlərimizlə və ortaq maraqlarımız naminə yaşamağı özü üçün şərəf bilir. Heç də təsadüfi deyil ki, bu gün dünya liderləri, ölkəmizdə səfərdə olan müxtəlif xalqların nümayəndələri Azərbaycanı tolerantlıq, dini dözümlülük baxımından örnək ölkə hesab edir, ölkəmizdə tətbiq olunan modeli mütərəqqi qiymətləndirirlər. Əgər biz bu gün birgə yaşamaqdan danışırıqsa, buna təhdid yaradan, mane olan problemləri də etiraf etməkdən çəkinməməliyik.
Deputat Sevinc Fətəliyeva çıxışında qeyd etmişdir ki, dünyada baş verən proseslərə görə müəyyən millətlər və dinlərə qarşı münasibət də dəyişilir. Hamımız gözəl anlayırıq ki, bunlar dini məsələlər deyil, sırf siyasi məsələlərdir. Məruzədə əksini tapmış bir məsələyə münasibət bildirmək istərdim. Əgər hər hansı insan yeni bir ölkəyə yaşamağa gəlirsə, o öz inamını, mədəniyyətini, dilini və kimliyini unutmamalı və sonrakı nəsilə çatdırmalıdır. Amma bununla yanaşı o, yaşadığı ölkənin qanunlarını, dilini və mədəniyyətinin qəbul etməlidir. Biz mədəniyyətlərarası dialoqdan danışırıqsa, bu, dialoq təşkil edilməsinin ən yaxşı yoludur.
Burada çox gözəl fikir söylənildi: Birlik müxtəliflik və rəngarənglik əsasında qurulur. Mən isə əlavə etmək istəyirəm ki, birlik və inkişaf müxtəliflik və rəngarənglik əsasında qurulur. Nümunə kimi öz vətənim Azərbaycanı qətirə bilərəm. Müxtəlif millətlərin nümayəndələri Azərbaycanda əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşamış və bu gün də həmin vəziyyətdə yaşayır. Məsələn digər MDB ölkələri ilə müqayisədə Azərbaycanda rus dilli məktəblərin sayı azalmayıb. Rus dilli əhali üçün hər bir şərait yaradılır və biz bununla fəxr edirik!
Əfsuslar olsun ki, müasir dünya müxtəlif problemlər ilə üzləşir, həm dini, həm milli, həm siyasi, həm maliyyə, həm psixoloji və s.
Əminəm ki, müxtəlif müzakirələrin aparılması, konfrans və forumların təşkili, xüsusi televiziya proqramlarının yaradılması mövcud vəziyyəti yaxşılaşdırar.

{nl}

Əsgər ƏLİYEV, AzərTAcın xüsusi müxbiri
Strasburq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında