Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Biz əsl dost və tərəfdaşıq. Bu tərəfdaşlığın artıq yaxşı tarixi və çox perspektivli gələcəyi vardır. Çox şadam ki, biznes dairələrinin iqtisadi əlaqələrin gücləndirilməsinə istiqamətlənmiş birgə səyləri ölkələrimizin - Sloveniya ilə Azərbaycan arasında tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş siyasi kursuna uyğundur. Siyasi münasibətlərimiz çox yaxşıdır. Biz ölkələrimiz arasında yüksək səviyyədə və nazirliklər səviyyəsində mütəmadi qaydada məsləhətləşmələr prosesini davam etdiririk.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
Tarixən dostluğumuz və qarşılıqlı anlaşmamız ölkələrimizin oxşar addımlarına əsaslanırdı. İyirmi il öncə bir-birindən asılı olmayan qaydada sloveniyalılar və azərbaycanlılar müstəqillik qərarını verdilər. Qətiyyətli və fəal iş sayəsində biz yeni mərhələyə qədəm qoyduq. Bu gün keçmişimizə nəzər salmaq fürsətimiz var və fərəh hissi ilə bildiririk ki, biz son iyirmi il ərzində bir çox nailiyyətləri əldə etmişik. Tarix boyu sloveniyalılar və azərbaycanlılar arasında əlaqələr formalaşmışdır.
{nl}
Danilo TÜRK Sloveniya Prezidenti
{nl}
Azərbaycan dövlətinin düşünülmüş xarici siyasət kursu ölkəmizin dünya birliyindəki əlaqələrini getdikcə genişləndirir. Artıq müstəqil dövlətimiz beynəlxalq aləmdə sürətlə inkişaf edən, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verən demokratik dövlət kimi tanınıb. Azərbaycan Prezidentinin xarici ölkələrə rəsmi səfərləri böyük maraqla izlənilir və belə səfərlər zamanı imzalanan sənədlər qarşılıqlı əməkdaşlığı daha da möhkəmləndirir.
Azərbaycan Prezidentinin bu günlərdə Sloveniyaya rəsmi səfəri də böyük maraq doğurmuşdur. Onu da qeyd edək ki, Sloveniyada Azərbaycanı çox yaxşı tanıyırlar. Azərbaycanlılar bu ölkədə mərd, qorxmaz, igid və qəhrəman kimi ad qazanıblar. İkinci Dünya müharibəsi zamanı Sloveniya ərazisində milli azadlıq mübarizəsində Azərbaycan döyüşçülərinin cəsarəti, qəhrəmanlığı bu gün də sloveniyalılar tərəfindən ehtiramla xatırlanır. Hətta Azərbaycanın mərd və qəhrəman oğlu Mehdi Hüseynzadə Sloveniyanın Milli Qəhrəmanı kimi şərəfli ada layiq görülüb. "Mixaylo" ləqəbi ilə ad qazanmış Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Sloveniyanın Novo Qoritsa şəhərində memorial muzeyinin açılması hər bir azərbaycanlı üçün qürur və fəxrdir. Yerli sakinlər də Mixayloya - Mehdi Hüseynzadəyə hər zaman böyük hörmət və ehtiram bəsləyiblər.
Sloveniya ilə Azərbaycanın müstəqillik tarixində müəyyən oxşarlıq var. İyirmi il əvvəl hər iki ölkənin xalqları müstəqillik qərarını veriblər. İllər keçdikcə bu iki ölkə arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf etmiş, ikitərəfli əlaqələr artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Dövlət başçılarının qarşılıqlı səfərləri dostluq münasibətlərini daha da möhkəmləndirmişdir.
Bu gün Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması, münaqişələrin nizamlanmasında sülh variantına üstünlük verilməsi, iri infrastruktur layihələrinin reallaşdırılmasında böyük rol oynaması və ən nəhayət, enerji təhlükəsizliyinin təminatında Avropada lider dövlətlərdən birinə çevrilməsi ölkəmizi inkişaf etmiş ölkələrin maraq dairəsinə gətirmişdir. Bu baxımdan Avropa İttifaqının Azərbaycanı mühüm tərəfdaş hesab etməsi yüksək qiymətləndirilir. Sloveniya Prezidenti Danilo Türk də öz çıxışında bu məsələni yüksək dəyərləndirərək dedi: "Avropa İttifaqı Azərbaycanı mühüm tərəfdaş hesab edir və Azərbaycan ilə daha fəal münasibətlər qurmaq arzusundadır. Buna görə Avropa İttifaqı Azərbaycanı özünə daha da yaxınlaşdırmaq məqsədi ilə yeni siyasət və proqramlar formalaşdırır. Bu baxımdan mən "Şərq tərəfdaşlığı" layihəsini qeyd etmək istərdim. Sloveniya bu proqramın həyata keçirilməsində fəal iştirak edir".
2009-cu ildə Sloveniya Prezidentinin Azərbaycana səfəri və bu səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasındakı əməkdaşlığı daha da möhkəmləndirmişdir. Bu gün bu əlaqələr Sloveniya ilə Azərbaycan arasında sənaye, energetika, nəqliyyat, informasiya texnologiyaları, turizm, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə özünü büruzə verir. Qarşılıqlı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün geniş perspektivlər mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin bu rəsmi səfəri zamanı keçirdiyi görüşlər, aparılan fikir mübadiləsi və müzakirələr ölkələr arasında ticarət dövriyyəsini, sərmayə qoyuluşunun həcmini arzuolunan səviyyəyə qaldıracaq və ölkələrimiz arasında münasibətlərin yeni müstəviyə yüksəlməsinə təkan verəcək.
Sloveniya Azərbaycan ilə əlaqələrini daha da genişləndirmək, möhkəmləndirmək arzusundadır. Enerji təhlükəsizliyi məsələləri bu əlaqələrdə mühüm sahəni təşkil edir. Azərbaycan Prezidenti də öz çıxışında bu məsələni xüsusi vurğulayaraq dedi: "Avropa İttifaqı ilə gündəliyimiz çox genişdir. Əlbəttə, enerji təhlükəsizliyi məsələləri gündəliyin, demək olar ki, birinci sırasındadır və bu istiqamətdə əməkdaşlıq dərinləşir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün töhfəsini verməyə hazırdır. Bizim zəngin qaz ehtiyatlarımız artıq müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarılır. Biz qaz infrastrukturumuzun yaradılması nəticəsində çoxşaxəli ixrac imkanlarına malikik! Bu gün Azərbaycan qazını dünya bazarlarına çıxaran 4 kəmər vardır. Bu kəmərlər işlək vəziyyətdədir. Əlbəttə ki, zəngin qaz ehtiyatlarımızı dünya bazarlarına əhəmiyyətli yolla çıxarmaq üçün yeni kontaktlar lazımdır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrə bərabərdir. Bu da Azərbaycanı qaz ixrac edən çox önəmli ölkə kimi artıq dünyaya təqdim edir".
Dövlət başçımızın rəsmi səfərlərində regional təhlükəsizlik məsələləri prioritet təşkil edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin son reallıqları müzakirə edilir, yaranmış problemin aradan qaldırılmasında Azərbaycanın və Ermənistanın mövqeləri müzakirə olunur. Bir daha bəlli olur ki, münaqişənin bu vaxta qədər nizamlanmamasında əsas günahkar işğalçı Ermənistan dövlətidir. Azərbaycanın ərazisinin 20 faizini işğal etmiş və bir milyondan artıq soydaşımızı öz ata-baba yurdundan didərgin salmış Ermənistan tərəfi hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirməklə işğalçılıq siyasətindən əl çəkmir, beynəlxalq hüququn normalarına hörmətsizlik edir, işğal altında saxladığı ərazilərdə tarixi-mədəni abidələri talan edir.
Münaqişənin nizamlanmasında Azərbaycan Prezidentinin mövqeyi artıq dünyanın demək olar ki, bütün dövlətləri və beynəlxalq təşkilatları tərəfindən dəstəklənir. Həmçinin Sloveniya Prezidenti də münaqişənin nizamlanmasında Azərbaycanın dövlət başçısının mövqeyini birmənalı şəkildə dəstəklədiyini bildirdi.
Azərbaycan və Sloveniya prezidentlərinin birgə keçirdikləri mətbuat konfransında sloveniyalı jurnalistin dövlətimizin başçısına ünvanladığı "Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə gəldikdə gücdən istifadə etmək təhlükəsi nə qədər böyükdür? Siz Ermənistan prezidenti ilə görüşə nə dərəcədə nikbin baxırsınız"- sualına dövlətimizin başçısı belə cavab verdi: "Bildiyiniz kimi, hər bir ölkənin özünü müdafiə etmə hüququ vardır. Hər bir ölkənin bu hüququ Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində də tanınıbdır. Sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsinin nəticələri məhz sülh yolu ilə yox, zor, güc tətbiq etməklə formalaşmışdır. Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və işğalçı siyasəti nəticəsində yüz minlərlə dinc sakin öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Dağlıq Qarabağın ətrafında yerləşən yeddi rayon - haradakı heç bir vaxt ermənilər yaşamamışdır, - azərbaycanlılardan tamamilə boşaldılıb. Orada bütün binalar yerlə-yeksan edilib. Bir neçə ay bundan əvvəl ATƏT-in qiymətləndirmə missiyası işğal altındakı torpaqlara səfər etmişdir. Onların hazırladığı məruzəyə baxmaq kifayətdir ki, hər kəs öz gözləri ilə görsün ki, orada bir dənə də olsun salamat bina qalmamışdır. Bütün binalar dağıdılıb. Bütün sərvətlər talan edilib. Yəni, bir tərəf güc tətbiq etməklə artıq bu vəziyyətin yaranmasına gətirib çıxarıbdır".
Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, biz sülh tərəfdarıyıq. Münaqişənin sülh yolu ilə həll olunmasını istədiyimizdən 19 ildir ki, sülh danışıqları aparılır. Ermənistan tərəfi faktiki olaraq danışıqları pozur və buna görə də münaqişənin sülh yolu ilə həllinə istər-istəməz ictimaiyyətdə ümidlər azalır. Lakin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının son bəyanatları problemin sülh yolu ilə aradan qaldırılmasına ümidləri artırıb. Azərbaycan Prezidenti qətiyyətlə bildirdi ki, Azərbaycanın başqa ölkələrin ərazi bütövlüyünə heç bir iddiası yoxdur. Biz heç kimin torpağını işğal etməmişik. Ancaq öz ərazi bütövlüyümüzü bərpa etmək üçün bizim həm imkanımız, həm də gücümüz var. Eyni zamanda, beynəlxalq hüquq normaları da bizə bu imkanları yaradır.
Azərbaycan Prezidentinin Sloveniyaya səfəri zamanı yadda qalan məqamlardan biri də Novo Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi partizan Mehdi Hüzeynzadənin - Mixaylonun memorial muzeyinin açılışı olmuşdur. Hər iki ölkənin dövlət başçılarının iştirak etdiyi bu tədbir dostluq münasibətlərinin yüksələn xətt üzrə inkişafını bir daha təsdiqlədi. Bu, həm də xarici ölkələrdə Azərbaycana və azərbaycanlılara verilən yüksək qiymətin təcəssümü idi.
Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İvan Başin də Mehdi Hüseynzadənin xatirəsini anaraq Mixaylonun əfsanəvi qəhrəmanlığından danışdı. Qeyd edildi ki, Mehdi Hüseynzadə bizi birləşdirən şəxs idi və onun qəhrəmanlığı bütün ətraf kəndlərin əhalisi tərəfindən ehtiramla yad olunur, o, hər birimizin qəlbində yaşayır. Mehdi Hüseynzadənin xatirəsinə göstərdikləri böyük hörmətə görə Azərbaycan xalqı adından ilk növbədə Prezident Danilo Türkə, Sloveniya dövlətinə və xalqına dərin təşəkkürünü bildirən dövlətimizin başçısı İlham Əliyev dedi ki, qəhrəmanlarımıza, onların xatirəsinə olan hörmət və xoş münasibət əlaqələrimizi daha da gücləndirir.
Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk muzeyin xatirə kitabına ürək sözlərini yazdılar.
Azərbaycan Prezidentinin Sloveniyaya rəsmi səfəri çərçivəsində Sloveniya Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlığa dair saziş, iki ölkə arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya imzalandı.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.