Prezident İlham Əliyevin Belqrad səfəri bu əlaqələri daha yüksək müstəviyə qaldıracaq
{nl}
Mənim bugünkü səfərim onu göstərir ki, aramızda güclənən siyasi dialoq doğrudan da strateji xarakter daşıyır və biz ikitərəfli münasibətlərə məhz bu nöqteyi-nəzərdən yanaşırıq.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Belqrad, 8 iyun 2011-ci il
{nl}
Serbiya Respublikası Azərbaycanın hər hansı bir hissəyə bölünməsinin tərəfdarı deyil, qətiyyən bu fikirdə deyil və Azərbaycanı BMT-nin üzvü kimi öz ərazi bütövlüyü çərçivəsində tanıyır.
Boris TADİÇ Serbiya Prezidenti
Belqrad, 8 iyun 2011-ci il
{nl}
Azərbaycan dövləti gücləndikcə və müstəqil respublikamızın beynəlxalq aləmdəki nüfuzu artdıqca ölkəmizin dostları və strateji tərəfdaşları da çoxalır. Bir zamanlar regionun üç-dörd ölkəsi ilə dostluq və əməkdaşlıq edən rəsmi Bakı bu gün Avrasiyanın demək olar ki, əksər ölkələri ilə hərtərəfli əməkdaşlıq və tərəfdaşlıq edir.
Bu sırada Serbiya dövlətinin də özünəməxsus çəkisi vardır. Ötən il Serbiya Prezidenti Boris Tadiçin Bakıda rəsmi səfərdə olması, bu günlərdə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dost ölkəyə rəsmi səfərə getməsi Bakı - Belqrad münasibətlərinin adi siyasi-iqtisadi tərəfdaşlıq əməkdaşlıq səviyyəsindən strateji tərəfdaşlıq müstəvisinə qədər inkişaf etməsindən xəbər verir. Səfər çərçivəsində həyata keçirilən tədbirlərin sıxlığı və imzalanan sənədlərin siyahısı da məhz bu arqumentin təsdiqi kimi qiymətləndirilir.
Azərbaycan - Serbiya əməkdaşlığını xarakterizə edən ekspertlərin fikrincə, bu əlaqələri intensivləşdirən cəhətlərdə yanaşı stimullaşdıran amillər də mövcuddur. Bakı - Belqrad əlaqələrini intensivləşdirən əsas amillər bu ölkələrin götürdüyü siyasi kurs, dövlət başçılarının öz ölkəsini zamanın tələbləri səviyyəsində idarə etmək istəyi və məharəti, eləcə də bu ölkələrin dünənə ehtiramı ilə sabaha inamının üst-üstə düşməsidir. Fikrimizi bir qədər konkretləşdirək. SSRİ-nin çökməsindən sonra öz dövlət müstəqilliyinə qovuşmuş Azərbaycan və Serbiya tarixin amansız sınaqlarından çıxmalı olmuş, parçalanmaq və vətəndaş müharibəsinə sürüklənmək təhlükəsi ilə üz-üzə qalmışlar. Hər iki ölkə dövlət müstəqilliyinin ilk illərinin qanlı-qadalı günlərini hələ uzun illər unuda bilməyəcək. Hər iki ölkənin rəhbərliyinə müstəqilliyin üçüncü-dördüncü illərində gələn siyasi qüvvələr məhz bugünkü inkişaf etmiş ölkələrin formalaşmasını təmin edəcək siyasi kursu müəyyən etmişlər. Beynəlxalq aləmə inteqrasiyada və bəşəri dəyərlərin daha yüksək qiymətləndirilməsində mövqeləri üst-üstə düşən Bakı ilə Belqrad qarşılıqlı təmasları günü-gündən intensivləşdirirlər. Bu təmasları stimullaşdıran cəhətlər isə daha çoxdur.
Prezident İlham Əliyevin Belqrad səfəri çərçivəsində dəfələrlə qeyd edildiyi kimi Azərbaycanla Serbiya arasındakı siyasi əməkdaşlığın genişlənməsi fonunda möştəşəm bir iqtisadi əməkdaşlığın konturları da cızılır və əlaqələrin yeni sahələri yaranır. Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin olması, xüsusən, Avropa mütəxəssislərinin Abşeronda gələcək 100 ildə tükənməyəcək qədər qaz olması barədə proqnoz verməsi enerji təhlükəsizliyinin təmin edilməsinə ehtiyac hiss edən ölkələrin respublikamıza marağını artırır. Bu tendensiyanı stimullaşdıran başqa bir amil isə respublikamızın geosiyasi və geostrateji baxımdan xüsusi əhəmiyyət kəsb etməsidir. Fikrimizi əsaslandırmaq üçün Prezident İlham Əliyevin Serbiya səfəri çərçivəsində dost ölkənin dövlət başçısı cənab Boris Tadiçdən eşitdiyimiz bəzi məqamlara diqqət yetirək.
Region ölkələri üçün xüsusi əhəmiyyət kəsb edən AGRİ layihəsinin tezliklə reallaşdırılması arzusunu dilə gətirən cənab Boris Tadiç hökumətlərarası sənədlərin imzalanamasından sonra keçirilən mətbuat konfransında dedi: "Ümid edirəm ki, bir neçə il sonra bu, artıq reallığa çevriləcəkdir. Serbiyanın bu məsələdə strateji maraqları vardır. Serbiya bu layihəyə qoşulmaq istəyir və cənab Prezidentlə mən bu məsələni müzakirə etdik... Serbiya qaz təchizatını şaxələndirmək fikrindədir və Azərbaycan əslində bizim çox gözəl, perspektivli tərəfdaşlarımızdan biridir". Yaxud, Prezident Tadiç öz ölkəsinin rəsmi Bakı ilə əməkdaşlığa böyük önəm verdiyini növbəti dəfə bu şəkildə dilə gətirir: "Hesab edirik ki, Azərbaycanla xüsusi əməkdaşlığımız olmalıdır. Çünki biz görürük ki, bütün dünyada enerji prrblemləri üzə çıxır. Nüvə enerjisi ilə bağlı bəzi qəzalar baş verir. Buna görə də, ümumiyyətlə, Avropa üçün daha çox qaz vacibdir, nəinki nüvə enerjisi. Biz belə hesab edirik". Cənab Tadiçin mətbuat konfransında söylədiyi bu fikirlər öz ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsi üçün qətiyyət və əzm nümayiş etdirən dövlət başçısının Azərbaycanın təbii sərvətlərinə verdiyi qiymətin təzahürüdür. İndi isə Serbiya Prezidentinin Azərbaycanın geostrateji mövqeyinə verdiyi əhəmiyyəti göstərən sitat seçək. Cənab Tadiç deyir: "Biz bilirik ki, Balkan regionu olduqca böyük strateji əhəmiyyətə malikdir. Azərbaycan isə Qafqaz regionunda strateji əhəmiyyətə malikdir. Hesab edirik ki, Çin və Avropa ilə birbaşa əlaqələr yaradılsa, bu, daha qlobal əhəmiyyətə malik ola bilər". Xatırladaq ki, cənab Tadiçin bu ifadəsi yazının əvvəlində qeyd etdiyimiz "dövlət başçıları əməkdaşlığın gələcəyi üçün qlobal əhəmiyyətli addımlar atmağa çalışırlar" - ifadəsi ilə üst-üstə düşür.
Azərbaycan - Serbiya əməkdaşlığına Prezident İlham Əliyevin verdiyi önəm isə bir başqa istiqamətdən əhəmiyyətlidir. Dövlət başçısı iyunun 8-də Belqradda keçirilən mətbuat konfransında Bakı - Belqrad əməkdaşlığını xarakterizə edərək dedi: "Balkan regionunu, Xəzər və Qafqaz regionları ilə birləşdirə biləcək kifayət qədər layihələr vardır. Biz bu gün bu layihələr haqqında geniş fikir mübadiləsi aparmışıq və bizdə heç bir fikir ayrılığı yoxdur". Maraqlıdır ki, Serbiya Prezidenti öz ölkəsinin qaz təchizatını şaxələndirdiyini qeyd edir, Azərbaycan Prezidenti isə öz ölkəsinin qaz ixracını şaxələndirdiyini söyləyir. Tərəflərin bir-birinə olan marağının əsas təməlini burada axtaranlar da haqlıdırlar.
Xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, Prezident İlham Əliyev digər səfərlərində olduğu kimi Serbiya səfərində də Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsindən öz narahatlığını dilə gətirdi: "Biz hesab edirik ki, heç bir ölkənin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri o ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Beynəlxalq hüquq normaları bütün hallarda üstünlük təşkil etməlidir və bu, bizim prinsipial mövqeyimizdir, biz bu mövqedən bir addım da geri atmayacağıq... Eyni zamanda biz Serbiya hökumətinə və rəhbərliyinə minnətdarlığımızı bildiririk ki, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Serbiya daim ədalətli mövqe nümayiş etdirib".
Dövlət başçımızın Serbiyaya səfəri çərçivəsində imzalanmış sənədlərin siyahısı da bu tərəfdaşlıq və əməkdaşlığın miqyasından xəbər verir. Fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında, gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında, təhsil sahəsində əməkdaşlıq haqqında, gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair, mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişlər (cəmi 7 saziş) və kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında, turizm sahəsində əməkdaşlıq haqqında, nəqliyyat sahəsində əməkdaşlıq haqqında, energetika sahəsində əməkdaşldıq haqqında və nəhayət, mülki aviasiya sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumları (cəmi 5 memorandum) imzalanmışdır. Bu sahələri birlikdə götürəndə az qala cəmiyyət həyatının bütün sahələrini əhatə edir.
Dövlət başçımızın dost ölkəyə səfəri çərçivəsində Belqradda ulu öndər Heydər Əliyevin abidəsi ucaldılmış Taşmaydan (Daş Meydan) parkının, ölkəmizin Serbiyadakı səfirliyinin yeni binasının, eləcə də Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün açılması əməkdaşlığın digər sahələrində də böyük uğurlar əldə edilməsindən xəbər verirdi. Ümumiyyətlə, Prezident İlham Əliyevin Serbiya səfəri təkcə ikitərəfli əməkdaşlığın deyil, eləcə də ölkəmizin Avropaya inteqrasiyasının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.